Azərbaycan Dillər Universiteti

Fakültə Azərbaycan Dillər Universitetində aparılan islahatların nəticəsində universitet Elmi Şuranın 30 mart 2018-ci il tarixində qəbul etdiyi qərar ilə 3 struktur bölməsinin – Əlavə təhsil fakültəsi, Təcrübə, professional inkişaf və karyera şöbəsi və İxtisasartırma şöbəsinin – bazasında yaradılmışdır. Fakültənin fəaliyyət istiqamətlərinə aşağıdakılar daxildir: əlavə təhsil, universitet əməkdaşlarının ixtisasartırması və təcrübələrin təşkili.

 

 

 

Əlavə təhsil

Azərbaycan Respublikasında əlavə təhsil aşağıdakı isti­qa­mət­lə­ri əhatə edir:

– ixtisasartırma;

– kadrların yenidən hazırlanması;

– stajkeçmə və kadrların təkmilləşdirilməsi;

– təkrar ali təhsil və orta ixtisas təhsili;

– dərəcələrin yüksəldilməsi;

– yaşlıların təhsili.

Azərbaycan Dillər Universitetində əlavə təhsil üzrə fəaliyyət 2001-ci ildən təşkil olunmuşdur və bu müddət ərzində 1500-dən çox tələbə təkrar ali təhsil almaqla öz ixtisasını dəyişərək ingilis dili müəllimi kimi fəaliyyətə başlamışdır. Tərcümə fakültəsini bitirənlər müəllim kimi fəaliyyət göstərə bilmədiklərindən burada 1 il əlavə təhsil almaqla orta məktəblərdə müəllim kimi fəaliyyət göstərə bilir.

Azərbaycan Dillər Universitetində əlavə təhsilin əsas məqsədi insan potensialının inkişafı, kadrların in­tel­lek­tual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləş­di­ril­məsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaş­d­ırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mə­dəni həyatında fəal və səmərəli iştirakının təmin etməkdir. Universitetdə həmçinin xarici dillərin tədrisində İKT-nin rolunun artmasını nəzərə alaraq respublikamızda fəaliyyət göstərən orda məktəblərdə çalışan xarici dil müəllimlərinin də bu sahadə bilik və bacarıqlarının yüksəldiləsi məqsədi ilə xüsusi əlavə təhsil proqramı hazırlanmışdır.

Əlavə təhsil ödənişli əsaslarla həyata keçirilir və müvafiq maliyyə xərcləri kadrın çalışdığı təşkilat və yaxud kadrın özü tərəfindən ödənilir. Əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə təhsil proqramlarının mənimsənilməsi əsasında müvafiq sənəd verilir. ADU əlavə təhsil vasitəsi ilə hər bir vətəndaşa fasiləsiz təhsil almaq imkanı yaradır, insan potensialının inkişafını, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi istiqamətində universitetin digər struktur bölmələri ilə birlikdə dərslərin yüksək nəzəri və tədris-metodiki səviyyədə keçirilməsini təmin edir. Müntəzəm olaraq tədris prosesinin məzmunu yenilənir, təlimin müasir metod və vasitələrinin mənimsənilməsi istiqamətində dinləyicilərlə xüsusi iş aparılır.

 Universitet əməkdaşlarının ixtisasartırması

 İxtisasartırma təhsilinin əsas məqsədi universitetin struktur və kafedralarının təqdim etdiyi təqdimat və planlara görə hazırlanmış beş illik ixtisasartırma təqviminə əsasən hər bir işçinin və ya mütəxəssisin ixtisası üzrə intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini, daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılmasını, ölkənin sosial, iqti­sadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakını təmin etməkdir. Fakültə xarici ölkələrin ali məktəblərilə ixtisasartırma və stajkeçmə sahəsində əməkdaşlıq təşkil edir.

İxtisasartırma şəxsiyyətin inkişafı, intellektual və peşə baxımından onun fasiləsiz təkmilləş­di­ril­məsi prinsipindən çıxış edərək universitet əməkdaşlarının peşəkar inkişafına yönəlmiş müxtəlif kurs və proqramlar təklif edir. Əsas məqsəd universitet müəllimlərinin yenidən hazırlanması, sahə üzrə biliklərinin təkmilləşdirilməsi və onların innovativ təlim metodlarına yiyələnməsi üçün imkanlar yaratmaqdır.

Təcrübələrin təşkili

Bu fəaliyyət istiqamətində başlıca məqsəd tələbələrin praktiki bacarıq və vərdişlərinin artırılması, onların məşğulluq problemlərinin həll edilməsinə yönəlmiş təşkilati, texniki, informasiya, tədris və maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir. Bu məqsədlə struktur bölməsi:

  • təcrübə prosesini planlaşdırır və müvafiq qanunvericilik əsasında təşkil edir;
  • pedaqoji, istehsalat, elmi-pedaqoji və elmi-tədqiqat təcrübələrinin təşkili məqsədilə məktəb və təşkilatlarla ikitərəfli müqavilələrin bağlanmasını təmin edir və təcrübələrin gedişinə nəzarət edir;
  • təşkilatlarda yarana biləcək sualların öncədən cavablandırılması məqsədilə təkliflər verir;
  • təcrübə sahəsində tələbə mübadiləsinin təmin edilməsi istiqamətində tədbirlər görür;
  • tədrislə istehsalat arasında sıx əlaqələrin yaradılmasına kömək edir;
  • məktəb və təşkilat nümayəndələri ilə təcrübə öncəsi görüşlər təşkil edir;
  • təcrübə yerlərində və işəgötürənlər arasında tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə sorğular təşkil edir;
  • təcrübə nəticələrini ümumiləşdirir və aidiyyatı üzrə təqdim edir;
  • tələbələrlə təcrübə və karyera mövzusunda görüşlər təşkil edir;
  • tələbələrin məşğulluq probleminin həllinə köməklik göstərir.

 

Əlavə təhsil və təcrübə fakültəsinin dekanı 

İsmayılov Məmməd Allahverdi oğlu

Tel: (+99412) 564-22-48

Email: [email protected]