Mərkəzi Elmi Kitabxanada ADU əməkdaşlarının kitablarının təqdimatı keçirilib

885

Fevralın 23-də Azərbaycan Dillər Universitetinin (ADU) əməkdaşlarının kitablarının təqdimatı olub. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına yanvar ayında daxil olmuş kitabların təqdimatı mərasimində ADU-nun  Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyevanın “Norveçin etnoqrafiyası”, həmin kafedranın baş müəllimləri Vüsalə Əfəndiyevanın ingilis dilindən Azərbaycan dilinə tərcümə etdiyi “Norveç tarixi”, Hökümə Abbasova və Nigar Əsgərovanın birgə tərcümə etdikləri “Norveç mədəniyyəti və cəmiyyəti” kitabları təqdim olunub.

ADU ilə Norveçin Oslo Universitetinin birgə təşkilatçılığı ilə 2011-ci ildə keçirilmiş “Tur Heyerdal və Azərbaycan” adlı beynəlxalq konfransın materialları əsasında 2014-cü ildə Norveçdə çap olunmuş “Tur Heyerdahl’s search for Odin” (“Tur Heyerdal Odinin axtarışında”) adlı kitabın təqdimatı da iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Təqdimat mərasimində çıxış edən Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva kafedranın fəaliyyəti, Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Skandinaviyaşünaslıq ixtisasında tədris prosesi, “Tur Heyerdal Odinin axtarışında” adlı kitabda xarici alimlərlə yanaşı, azərbaycanlı alimlərin də məqalələrinin çap olunması və müəllifi olduğu kitab haqqında iştirakçılara ətraflı məlumat verib.

SHARE