ADU-da “Təcrübədən əvvəl təcrübə” layihəsinə start verilib

499

Oktyabrın 20-də Azərbaycan Dillər Universitetində (ADU) “Təcrübədən əvvəl təcrübə” layihəsi çərçivəsində kütləvi informasiya vasitələrində təcrübəyə yollanan tələbələrlə görüş keçirilib.

Görüşdə Təcrübə, professional inkişaf və karyera şöbəsinin müdiri Məmməd İsmayılov layihə haqqında ətraflı məlumat verərək tələbələri maraqlandıran sualları cavablandırıb.

İctimaiyyətlə əlaqə Departamentinin Mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli, öz növbəsində tələbələri bu layihə çərçivəsində Departamentin nəzdində fəaliyyət göstərən Mətbuat xidməti, “Poliqlot” qəzeti redaksiyası və TV studiyada təcrübə keçməyə dəvət edib.

Qeyd edək ki, 2017-18-ci tədris ilindən etibarən ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın təşəbbüsünə əsasən həyata keçirilən bu layihədə universitetin Filologiya və jurnalistika fakültəsinin Jurnalistika ixtisası üzrə təhsil alan 22 nəfər tələbəsi iştirak edir. ADU-da təhsil alan tələbələrin kütləvi informasiya vasitələri ilə əlaqə qurması, onların KİV-də praktik biliklər əldə etməsi məqsədi daşıyan layihə çərçivəsində tələbələr öz seçimləri əsasında APA Holdinq, ASAN Radio, AZƏRTAC, “Kaspi” qəzeti, Teleqraf.com və Azvision.az informasiya agentliklərində təcrübə keçəcəklər. Universitetin KİV-lə əlaqələrinin möhkəmlənməsində tələbələrin də birbaşa iştirakına imkan verən “Təcrübədən əvvəl təcrübə” layihəsi 23 oktyabr 2017-ci il tarixindən növbəti ilin may ayının sonuna kimi davam edəcək. Könüllülük prinsipinə əsaslanan layihədə iştirak edən IV kurs tələbələri 2018-ci ilin fevral ayının 16-dan etibarən istehsalat təcrübəsinə yollanacaqlar.

SHARE