Müqayisəli folklor elmi-tədqiqat laboratoriyası

1535

Həmidə ƏliyevaMüqayisəli folklor elmi-tədqiqat laboratoriyası (ETL) Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akad. Kamal Abdullayevin təşəbbüsü ilə 14 sentyabr 2017-ci ildə universitetdə mövcud elmi potensialdan istifadə etməklə, müxtəlif xalqların folklorunun öyrənilməsi sahəsində səylərin birləşdirilməsi, bu sahədə elmi araşdırmaların əlaqələndirilməsi məqsədi ilə  yaradılmışdır.

Folklor bütün xalqların mədəniyyətinin vacib tərkib hissəsidir. Folklor anlayışı özündə yalnız şifahi xalq yaradıcılığı nümunələrini deyil, hər bir xalqın maddi və mənəvi dəyərlərinin vəhdətini, məişət özəlliklərini, inanc və etiqad sistemini ehtiva edir. Bu mənada müxtəlif xalqların folklorunun araşdırılması və müqayisəli şəkildə öyrənilməsi multikultural dəyərlərin böyük önəm kəsb etdiyi müasir dünyada xüsusilə aktualdır və mədəniyyətlərarası dialoqun yaranmasında xüsusi rol oynayır. Öz fəaliyyət proqramını məhz bu istiqamətdə müəyyənləşdirən Müqayisəli folklor ETL Şərq və Qərb sivilizasiyası konteksti çərçivəsində geniş elmi və mədəni işlər görməyi planlaşdırır.

“Şərq və Qərb” layihəsi çərçivəsində “Kitabi Dədə Qorqud”, “Nibelunqlar haqqında nəğmə”, “Beovulf”, “Roland haqqında nəğmə”, “Sid haqqında nəğmə” və “İqor polku haqqında dastan” eposlarının müqayisəli şəkildə filoloji-kulturoloji aspektdən araşdırılması, linqvistik cəhətdən təhlili, sözügedən istiqamətdə çalışan yerli və xarici mütəxəssislərin bu işə cəlb olunması laboratoriyanın əsas tədqiqat obyektlərinə daxildir. Bu məqsədlə laboratoriya müştərək simpoziumların, konqreslərin, konfransların təşkilini və aparılan tədqiqatlar zamanı əldə edilən nəticələrin çapını, müxtəlif dillərə tərcüməsini, həmçinin layihələr çərçivəsində görülən işlərin elmi və dövri nəşrlərdə işıqlandırılmasını nəzərdə tutur.

Elmi-tədqiqat laboratoriyasının fəaliyyət istiqamətlərindən biri də ADU-nun digər müvafiq qurumları ilə sıx əməkdaşlıq şəraitində çalışmaqdan və birgə elmi konfransların, seminar və dəyirmi masaların təşkilini təmin etməkdən ibarətdir.

ADU-nun elmi-ictimai həyatında fəal və məhsuldar iştirak etməyi əsas hədəflərdən biri kimi götürən Müqayisəli folklor elmi-tədqiqat laboratoriyası öz işinə universitetin tələbə və müəllim heyətini də cəlb etməyi nəzərdə tutur, milli və dünya xalqlarının folklorunun öyrənilməsi və təbliği sahəsində geniş maarifləndirmə işlərini həyata keçirməyi qarşısına məqsəd qoyur.

 

Müqayisəli folklor elmi-tədqiqat laboratoriyasının müdiri

Əliyeva Həmidə Əhməd qızı

Tel: (+99412) 440 22 78/79 ( daxili 252)

Email: [email protected]

SHARE