“Müasir Azərbaycan mətbuatı və “525-ci qəzet”

1060

ADU-da bu mövzuda elmi konfrans keçirilib

Noyabrın 30-da Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ədəbiyyat, Azərbaycan dilçiliyi kafedraları və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Müasir Azərbaycan mətbuatı və “525-ci qəzet” mövzusunda tələbə və gənc tədqiqatçıların elmi konfransı keçirilib.

Açılış nitqi ilə çıxış edən ADU-nun Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri professor Aynur Sabitova müstəqil Azərbaycanda yaradılmış ilk mətbu orqanlardan olan “525-ci qəzet”in 25-ci ildönümünün olduğunu bildirib. A.Sabitova bu münasibətlə “525-ci qəzet”in bütün kollektivini təbrik edib, onlara gələcək fəaliyyət istiqamətlərində uğurlar arzulayıb.

AMEA-nın Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanov “525-ci qəzet”də peşəkarlıq məsələlərindən söhbət açıb. “Peşəkarlıq gördüyün işin ustası olmaqdır”-deyən M.İmanov bu baxımdan “525-ci qəzet”i peşəkar qəzet kimi qiymətləndirib. Onun sözlərinə görə, bu qəzet əksəriyyət tərəfindən sevilən, mərkəzçi mövqe tutan, çoxluqla yanaşı azlığın da fikrini ifadə edən, iqtisadi, siyasi, ədəbi məsələləri işıqlandıran, ənənə ilə müasirliyi birləşdirən nümunəvi bir mətbu orqandır. “525-ci qəzet”in ən böyük məqsəd və məramlarından birinin peşəkarlıq olduğunu söyləyən akademik qəzetin yetirmələrinin bu gün müxtəlif mətbu orqanlarda yüksək peşəkarlıqla fəaliyyət göstərdiyini sözlərinə əlavə edib.

Filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli “525-ci qəzet”in yarandığı ilk gündən tutduğu mövqe və dəst-xətti ilə hər zaman oxucuların diqqət mərkəzində olduğunu bildirib. “525-ci qəzet”lə universitetin əməkdaşlığından söz açan dekan qəzetin yaradıcı gənclər üçün xüsusi bir tribuna rolunu oynadığını və tələbələrə praktik, informativ əhəmiyyətli məlumatlar verə bildiyini deyib.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid belə bir tədbirin təşkil edilməsinə görə ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullaya dərin minnətdarlığını bildirib. O qeyd edib ki, K.Abdulla özü də “525-ci qəzet”in müəlliflərindən və fəal oxucularından biridir: “Kamal Abdullanın bir sıra əsərlərini qəzetimizdə çap etmişik. “Yarımçıq əlyazma” əsərinə “İlin bədii əsəri” mükafatını vermişik. Yeri gəlmişkən qeyd edim ki, “Unutmağa kimsə yox”u Kamal Abdullanın ən yaxşı əsəri hesab edirəm. Romanı oxuyandan  sonra dedim ki, bu roman Nobel mükafatına layiqdir. Təkcə bu romanı yazmaqla ədəbi fəaliyyətə son qoyub öz ədəbi taleyindən arxayın olmaq olar. Bu mənada hesab edirəm ki, burada yaranan mühit Kamal Abdullanın fəaliyyətinin nəticəsidir”.

R.Məcid “525-ci qəzet”in universitetin Filologiya və jurnalistika fakültəsi ilə əməkdaşlığa hazır olduğunu, tələbələrə hər zaman açıq olduqlarını vurğulayıb. O, sonda tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, elmi konfransda Fəlsəfə doktoru proqramı üzrə dissertantlar-Nərmin Muradova “525-ci qəzet”lə bəzi ərəb və ispan qəzetlərinin ədəbiyyata münasibətində oxşar və fərqli cəhətlər”, Pərvin Mürsəlova ““525-ci qəzet” və beynəlxalq jurnalistika”, Filologiya və jurnalisika fakültəsinin jurnalistika ixtisası üzrə 240–cı qrup tələbəsi Gülşanə Mustafayeva ““525-ci qəzet” və ədəbi gənclik”, Azərbaycan dilçiliyi kafedrasının əməkdaşı Aynur Səfərli ““525-ci qəzet”in fonunda milli-mənəvi dəyərlərin əksi”, jurnalistika ixtisası üzrə 240-cı qrup tələbəsi  Akqabay Muradov “Türkmənistan mediası ilə müqayisədə “525-ci qəzet””, jurnalistika ixtisası üzrə 343-cü qrup tələbəsi Nuridə Yəhyazadə  ““525-ci qəzet”in şənbə buraxılışı”, filologiya ixtisası üzrə 234-cü qrup tələbəsi Kəmalə Həsənova isə ““525-ci qəzet”də ana dili məsələsi” mövzularında çıxışlar ediblər.

SHARE