ADU-da “Almanların Azərbaycana köçürülməsinin 200 illiyi: köçürülmənin səbəbləri və nəticələri” mövzusunda dəyirmi masa keçirilib

857

Dekabrın 28-də Azərbaycan Dillər Universitetində (ADU) Auditoriya+ proqramı çərçivəsində universitetin Azərbaycanşünaslıq Elmi-Tədqiqat Laboratoriyası (ETL) və Regionşünaslıq kafedrasının birgə təşkilatçılığı ilə “Almanların Azərbaycana köçürülməsinin 200 illiyi: köçürülmənin səbəbləri və nəticələri” mövzusunda dəyirmi masa keçirilib.

Öncə Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva ADU-da Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn silsilə tədbirlərin keçirildiyini qeyd edib. Daha sonra o, köçdən sonra almanların Azərbaycanda siyasi və ictimai həyatda daim fəal olduğunu, Gəncə ətrafında iki, Şəmkirdə üç, Tovuzda bir, Ağstafada üç alman yaşayış məntəqəsi salaraq ailələrinin sayının 3400-ü ötdüyünü bildirib. O, bunun bilavasitə yerli əhalinin həyat tərzinə təsir etdiyini və kənd həyatında da böyük mədəni dəyişikliklərin baş verməsi ilə nəticələndiyini sözlərinə əlavə edib.

Universitetin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə keçirilən tədbirdə Avrasiya Universitetinin Regionşünaslıq kafedrasının dosenti Məmməd Cəfərli “Almanlar Azərbaycanda” adlı təqdimatla çıxış edib. M.Cəfərli almanlarla bağlı mindən artıq istintaq işini araşdırdığını bildirib və XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycanda almanlar tərəfindən yaradılan “Forer Qardaşları”,“Pomoş” və digər şirkətlər, eyni zamanda XX əsrin əvvəllərində Qafqazda alman toponimikasını ruslaşdırma siyasəti məsələləri barədə də ətraflı danışıb.

Öz növbəsində, Azərbaycanşünaslıq ETL-nin aparıcı elmi işçisi professor Solmaz Rüstəmova-Tohidi XVIII əsrdə almanların Şimali və Cənubi Qafqazda məskunlaşması, köçün səbəb və nəticələri, almanların yerli əhali ilə münasibətinin müsbət və mənfi cəhətləri haqqında ətraflı çıxış edib.

Dəyirmi masa iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

SHARE