ADU-da “Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq münasibətlərdə” mövzusunda dəyirmi masa keçirilib

892

Dekabrın 19-da Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə Auditoriya+ layihəsi çərçivəsində “Azərbaycan Xalq Cümhuriyyəti (AXC) beynəlxalq münasibətlərdə” mövzusunda dəyirmi masa keçirilib.

Açılış nitqi ilə çıxış edən Beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Aida Yusifzadə AXC-nin yaranmasnın 100 illiyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncam imzaladığını xatırladaraq ADU-da bu mövzuda silsilə tədbirlər keçirildiyini bildirib. O, “Azərbaycan Xalq Cümhuriyyəti (AXC) beynəlxalq münasibətlərdə” mövzusundakı tədbirin də bu qəbildən olduğunu sözlərinə əlavə edib.

Dəyirmi masada Beynəlxalq münasibətlər kafedrasının dosenti Namiq Əsədov “AXC-nin region dövlətləri ilə münasibətləri”, həmin kafedranın baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru Mehriban Babaxanova “Azərbaycanda parlamentarizm ənənələrinin formalaşması”, Qafqazşünaslıq kafedrasının dosenti Şəlalə Bağırova isə “AXC-nin beynəlxalq aləmdə tanınmaq uğrunda mübarizəsi” mövzularında məruzə ilə çıxış ediblər. Qeyd olunub ki, 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, AXC dövlətçilik tariximizdə mühüm rol oynayıb. Tədbirdə, eyni zamanda AXC-nin regionda siyasəti, onun parlamentinin yaranması, fəaliyyəti və hakimiyyət bölgüsü, beynəlxalq müstəvidə tanınmaq üçün aparılan xarici siyasətinin əsas tərkib hissəsi kimi nümayəndə heyətinin Paris sülh konfransında iştirakı ilə bağlı proseslərdən bəhs edilib.

Sonda ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla tədbirin həm tədris, həm də siyasi və mədəni baxımdan böyük əhəmiyyətə malik olduğunu qeyd edib. O, tələbələrin belə tədbirlərdə aktiv iştirak etməsini sevindirici hal kimi xarakterizə edib. Ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamında Xalq Cümhuriyyətinin fəaliyyətinin ciddi şəkildə öyrənilməsinin nəzərdə tutulduğunu vurğulayan rektor ADU-nun buna öz töhfəsini verdiyini sözlərinə əlavə edib.

Dəyirmi masa müzakirələrlə yekunlaşıb.

SHARE