ADU-da “Mif universal düşüncə kateqoriyası kimi: mifologiya və fəlsəfə” mövzusunda elmi seminar keçirilib

450

Azərbaycan Dillər Universitetində (ADU) Müqayisəli folklor, Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyaları və Fəlsəfə və ictimai elmlər kafedrasının birgə təşkilatçılığı ilə Auditoriya+ proqramı çərçivəsində “Mif universal düşüncə kateqoriyası kimi: mifologiya və fəlsəfə” mövzusunda elmi seminar keçirilib.

Öncə Müqayisəli folklor ETL-in müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həmidə Əliyeva fəlsəfi fikirlərin ictimai şüurun ilk forması kimi mifologiyanın əsasında yarandığını bildirib: “Mifologiya dünyagörüşünün ilkin formasıdır və dünyanın yaranması, inkişafı, həyat və ölüm anlayışlarının fəlsəfi izahı ilə bağlı əhəmiyyətli suallar ortaya qoyub. Fəlsəfə və mifologiya ictimai şüurun iki fərqli forması olmasına baxmayaraq, bir-biri ilə sıx əlaqədədirlər”.

Daha sonra Azərbaycanşünaslıq ETL-in əməkdaşı, fəlsəfə üzrə elmlər doktoru Niyazi Mehdi “Azərbaycan türkcəsinə sızmış mifoloji qalıqlar: kəsmət və dolanışıq” mövzusunda mühazirə oxuyub. O, ibtidai inancların təhlilində mifoloji görüşlərin rolu, mədəni irsin arxaik atributları, yaddaş və tarixi yaddaş kimi faktorlardan bəhs edib. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə elmlər doktoru, professor Füzuli Qurbanov “Mifoloji və fəlsəfi təfəkkür: müasir elmi təsəvvürlər işığında” adlı mühazirə oxuyub. O, mühazirədə dünyada mövcud olan müxtəlif dillərdə söz və terminlərin  fəlsəfənin formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib, mifologiya dünyagörüşünün formalaşması, bəşəriyyətin tarixində insanların qarşılaşdıqları fəlsəfi suallar haqqında tədbir iştirakçılarına məlumat verib.

Sonda ADU-nun Fəlsəfə və ictimai elmlər kafedrasının müəllimi Günel Qarayeva “Qədim Şərq mifologiyası dünyagörüşünün mənbələrindən biri kimi” adlı təqdimat edib.

SHARE