ADU-da “28 may-Respublika günü”nə həsr olunmuş açıq dərs keçirilib

357

Mayın 8-də Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasında Təlimdə İnnovasiyalar kafedrasının müəllimi Fatma Qurbanzadənin rəhbərliyi ilə  “28 may-Respublika günü”nə həsr olunmuş açıq dərs keçirilib.

Açıq dərsdə çıxış edən Fatma Qurbanzadə Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin türk və islam dünyasında ilk parlamentli və demokratik respublika  olduğunu bildirib.  O, Məmməd Əmin Rəsulzadənin hər zaman vətəni, milləti üçün çalışdığını qeyd edib.

Açıq dərsdə Əlimərdan Bəy Topçubaşovun fəaliyyəti, Azərbaycanın müstəqilliyi üçün gördüyü işlər haqqında ətraflı məlumat verilib.

Daha sonra ADU-nun Tələbə qəbulu və tələbə qeydiyyatı şöbəsinin müdiri Nübar Əhmədova Azərbaycan Respublikasının yaranması haqqında tələbələrə geniş məlumat verib. O, 1991-ci il  oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul olunduğunu və bu mühüm tarixi sənədlə xalqımızın uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşduğunu qeyd edib. Nübar Əhmədova Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi keçirildiyini və  Azərbaycan xalqının birmənalı olaraq yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdığını tələbələrin diqqətinə çatdırıb.

Açıq dərs müzakirələrlə başa çatıb.

SHARE