“Azərbaycan tərcümə ensiklopediyası” kitabı işıq üzü görüb

53

Azərbaycan Dillər Universitetinin Elmi Şurasının qərarı (28 fevral 2018-ci il, pr. № 16) ilə nəşr olunan “Azərbaycan tərcümə ensiklopediyası” kitabı universitetin rektoryanı şurasının iclasında təqdim edilib.

Ölkəmizdə ilk dəfə oxuculara təqdim olunan “Azərbaycan tərcümə ensiklopediyası”nda tərcümənin fəlsəfi əsasları, predmet və problemləri, Azərbaycanda tərcümə tarixinin mühüm məqamları, nəzəri-praktik məsələləri, həmçinin personaliyalar əhatə olunub.

Ensiklopediya həm Azərbaycan dilinə, həm də Azərbaycan dilindən digər dillərə tərcümələrin müəlliflərini ehtiva edir.

Ensiklopediyada tərcüməçilər və bu sahə ilə maraqlananlar, eyni zamanda yazarlar, filoloqlar, gənc ədəbiyyatşünaslar üçün faydalı məlumatlar yer alıb.  Ensiklopediyanın nəzəri və praktik hissələri, personarilər elmi işlər üçün son dərəcə ciddi və möhkəm həm faktoloji, həm də nəzəri bünövrə rolunu oynayır.

Kitabın redaksiya heyətində Kamal Abdulla (baş redaktor), Anar, Leyla Əliyeva (məsul katib), Rövşən Əliyev, Rüstəm Hacıyev, İsa Həbibbəyli, Muxtar İmanov, Teymur Kərimli, Afaq Məsud, Azər Mustafazadə, Möhsün Nağısoylu, Tofiq Nağıyev təmsil olunur. Rəyçilər isə filologiya üzrə elmlər doktoru, professor Cəlil Nağıyev, filologiya üzrə elmlər doktoru, professor Aydın Ələkbərov, filologiya üzrə elmlər doktoru, professor Lidiya Qranovskaya və filologiya üzrə fəlsəfə doktoru Etibar Əliyevdir.

Kitabın ideya müəllifi Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla qeyd edib ki, 10 ildən çox müddət ərzində tərtib edilən bu əsər əsl bilik xəzinəsidir. Rektor qeyd edib ki, Azərbaycan ədəbiyyatında praktik tərcümə ilə bağlı  heç bir vacib şəxs, heç bir əhəmiyyətli əsər bu kitabda unudulmayıb:
“Ola bilər ki, bəziləri barədə daha dolğun məlumat əldə edə bilməmişik, lakin onlar haqqında məlumatlar növbəti nəşrimizdə mütləq yer alacaq.  Kitabın hazırlanmasının arxasında çox böyük zəhmət dayanır. Burada böyük bir komandanın əziyyəti var. Biz Bakı Slavyan Universitetində belə bir nəfis kitabı ərsəyə gətirmək üçün illər öncə çox ciddi işlərə başlamışdıq və artıq işimizi yekunlaşdırdıq. İnanıram ki, bu kitab tərcüməşünaslar, mədəniyyətşünaslar, filoloqlar, yazıçılar, ümumiyyətlə, elm və Azərbaycan mədəniyyətinin tərcümə üfiqlərini öyrənmək istəyən hər bir şəxs üçün son dərəcə əhəmiyyətli bir vəsait olacaq”.

Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev, rektorun elm və təhsil məsələləri üzrə müşaviri dosent Seyfəl Həsənov, rektorun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev, Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli, Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin dekanı fil.f.d Bənövşə Məmmədova, Təhsil fakültəsinin dekanı professor Fikrət Cahangirov, Filologiya və jurnalistika fakültəsinin dekanı dosent Vüsalə Ağabəyli,  Azad Həmkarlar İttifaqının sədri Misgər  Məmmədov “Azərbaycan tərcümə ensiklopediyası” kitabının gənclərin stolüstü vəsaitinə çeviriləcəyini vurğulayıblar. Qeyd olunub ki, həm də dövlət sərəncamlarının, sənədlərin, “Dünya ədəbiyyatı kitabxanası”na daxil olunmuş əsərlərin siyahısının yer aldığı bu kitab, şübhəsiz ki, tərcümə sənəti və tərcümə elminə, Azərbaycan tərcümə tarixinə dair bir çox önəmli məqamları özündə ehtiva edir.

Qeyd edək ki, yaxın müddətdə Azərbaycan Dillər Universitetində, həmçinin digər elm və təhsil ocaqlarında, kitabxanalarda “Azərbaycan tərcümə ensiklopediyası” kitabnın təqdimat mərasimi keçiriləcək.

 

“Azərbaycan tərcümə ensiklopediyası” kitabı işıq üzü görüb

SHARE