TƏRCÜMƏ İŞİNDƏ YENİLİK – “AZƏRBAYCAN TƏRCÜMƏ ENSİKLOPEDİYASI” KİTABI TƏQDİM OLUNUB

92
Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının qərarı ilə nəşr olunan “Azərbaycan tərcümə ensiklopediyası” kitabının universitetin Tərcümə və mədəniyyətşünaslıq fakültəsində təqdimatı keçirilib.
Tədbirdə çıxış edən fakultənin dekanı, filologiya üzrə fəlsəfə doktoru Bənövşə Məmmədova kitab haqqında məlumat verib. O, deyib ki, ölkəmizdə ilk dəfə oxuculara təqdim olunan “Azərbaycan tərcümə ensiklopediyası”nda tərcümənin fəlsəfi əsasları, predmet və problemləri, Azərbaycanda tərcümə tarixinin mühüm məqamları, nəzəri-praktik məsələləri, həmçinin personaliyalar əhatə olunub: “Məlum olduğu kimi bütün dünyada ensiklopediya işi ciddi və çox mürəkkəb intellektual fəaliyyət növü sayılır. Bu mənada “Azərbaycan tərcümə ensiklopediyası” kitabı öz sambalı ilə seçilir.
Ensiklopediya həm Azərbaycan dilinə, həm də Azərbaycan dilindən digər dillərə tərcümələrin müəlliflərindən bəhs edir. Nəşrdə tərcüməçilər və bu sahə ilə maraqlananlar, eyni zamanda yazarlar, filoloqlar, gənc ədəbiyyatşünaslar üçün faydalı məlumatlar yer alıb. Kitabın nəzəri və praktik hissələri, personarilər elmi işlər üçün son dərəcə ciddi və möhkəm həm faktoloji, həm də nəzəri bünövrə rolunu oynayır”.
Azərbaycan Dillər Universitetinin Elmi Şurasının qərarı ilə nəşr olunan “Azərbaycan tərcümə ensiklopediyası” tərcümə işimizə və tərcüməşünaslıq üçün tamamilə yeni bir layihədir.
Ensiklopediyanın ideya müəllifi və baş redaktoru akademik Kamal Abdullanın on illik zəhməti hesabına başa gələn bu kitab tərcümə işinin bütün sahələrini özündə ehtiva edir.
Məsələn, ensiklopediya tərcümə işi ilə məşğul olan yazıçı və tərcüməçilərinin adları, fəaliyyət istiqamətləri aydın şəkildə verilib.
Heç şübhəsiz bu vəsait tərcümə sahəsində böyük yenilikdir. Tərcümə işinə aidiyyatı olan bütün şəxslər üçün – tələbə, müəllim, elmi işçi, alim kontingenti üçün əvəzsizdir. Bu vəsait onların işini asanlaşdırmaqla bərabər həm də fəaliyyətləri üçün böyük imkanlar yaradacaq. Çünki tərcümə ilə bağlı nə varsa hamısı bir vəsaitdə toplanaraq praktik şəkildə təqdim olunur. Bu sahənin adamları üçün nəinki stolüstü kitaba çevriləcək, hətta bu sahə üçün çox maraqlı hadisə kimi hələ neçə illər müzakirə mövzusu olacaq.
Düşünürəm ki, ölkəmizdə özünəməxsus həyat tərzinə çevrilən multikulturalizmlə bağlı vəsaitlər hazırlanması Kamal Abdullanın adıyla bağlıydısa, indi bu sıraya tərcümə işi də əlavə olundu”.
Tərcüməçi Yusif Savalan kitabın üzərində 10 ildən artıqdır iş getdiyini və bunun postsovet məkanında bir ilk olduğunu vurğulayıb: “Kitabla ilk tanış olan hər kəs onun böyük əhəmiyyətə malik olduğunu və unikallığını görə bilər. Məncə, çəkilən əziyyətə dəyərmiş”.
ADU-nun İngilis dilinin üslubiyyatı kafedrasının dosenti Vahid Ərəbov da kitabın ərsəyə gəlməsini böyük uğur adlandırıb: “Kitabda böyük bir zəhmətin bəhrəsi var. Tərcümə özü də bir yaradıcılıqdır və çox vaxt tərcüməçilərə tərcümə etdikləri əsərin ikinci müəllifi kimi baxırlar. Onların kimliyini ictimaiyyətə təqdim etmək çox dəyərli işdir”.
ADU-nun rektorun elm və təhsil məsələləri üzrə müşaviri Seyfəl Həsənov kitabı Azərbaycan tərcümə işi sahəsində vacib və tarixə yazılası hadisə adlanıdırıb: “Nədənsə bizə elə gəlir ki, Azərbaycanda tərcümə işi müasir dövrə aiddir. Amma qətiyyən belə deyil və bu kitabdan da məlum olur ki, Azərbaycan tərcümə tarixi 14-cü əsrə dayanır. Nəşrin üzərində on ildən artıq yüzlərlə insan çalışıb. Kamal Abdulla özü titanik zəhmətkeşdir. Bu qədər insanı bir araya toplmaq və onların əməyini bir yerə yığmaq asan məsələ deyil. Ensiklopediya akademik nəşrdir və buna görə universitet heyətini alqışlamaq olar”.
Universitetin əməkdaşı Fiyalə Abdullayeva, xarici dillər kafedrasının müdiri Salman Nuriyev və digərləri kitabın əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, kitabın redaksiya heyətində Kamal Abdulla (baş redaktor), Anar, Leyla Əliyeva (məsul katib), Rövşən Əliyev, Rüstəm Hacıyev, İsa Həbibbəyli, Muxtar İmanov, Teymur Kərimli, Afaq Məsud, Azər Mustafazadə, Möhsün Nağısoylu, Tofiq Nağıyev təmsil olunur. Rəyçilər isə filologiya üzrə elmlər doktoru, professor Cəlil Nağıyev, filologiya üzrə elmlər doktoru, professor Aydın Ələkbərov, filologiya üzrə elmlər doktoru, professor Lidiya Qranovskaya və filologiya üzrə fəlsəfə doktoru Etibar Əliyevdir. Digər elm və təhsil ocaqlarında, kitabxanalarda “Azərbaycan tərcümə ensiklopediyası” kitabnın təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur.
SHARE