Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının bülleteni işıq üzü görüb

233

Azərbaycan Dillər Universitetində Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının 1 saylı bülleteni işıq üzü görüb.
Bülletendə azərbaycanşünaslığın çoxşaxəli istiqamətlərinin öyrənilməsi və azərbaycançılıq ideologiyasının təbliği ilə bağlı universitetin müvafiq kafedra, laboratoriyaları və digər ictimai qurumlarla birlikdə tələbələrin iştirakı ilə keçirilən dəyirmi masalar,  elmi seminarlar,  birgə mühazirələr,  kitab təqdimatları və s. tədbirlər öz əksini tapıb.

Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdullanın müvafiq qərarı ilə 2017-ci ildə ADU-da yeni mərkəz və laboratoriyalar yaradılarkən rektor bir çox yeni istiqamətlərdə işlər görülməsini tövsiyə etmişdir. Kamal Abdullanın ideya müəllifi olduğu “Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində gələcəkdə “Dil və fəlsəfə”, “Dil və ədəbiyyat”, “Dil və mədəniyyət” kimi mövzularda tədbirlərin keçirilməsi nəzərdə tutulub. Azərbaycan Xalq Cümhuriyyətinin  qurulmasının 100  illiyi  ilə  bağlı silsilə tədbirlərin keçirilməsi əsas istiqamətlərdən biri kimi götürülüb.

Aktual mövzular ətrafında kafedra və laboratoriyaların təşkilatçılığı ilə birgə mühazirələrin təşkili də rektorun tövsiyələri sırasında yer alıb.  Belə mühazirələrin keçirilməsində əsas məqsəd müxtəlif elm sahələrinin tədrisdə sintezinin müsbət nəticələrini ortaya çıxartmaqdır. Belə bir tədris üsulu elmin müxtəlif istiqamətləri arasında olan bağlantını tələbələrə çatdırmaq və nə qədər müvəffəqiyyətə nail olduğunu göstərmək üçün çox əhəmiyyətlidir.

Mütəmadi keçirilən tədbirlərin təşkilindəki fəaliyyət universitetdə təhsil alan gənclərin tarix, mədəniyyət, ədəbiyyat və incəsənətlə bağlı müasir elmi biliklərə yiyələnməsi və hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşmasına yönəlib.

SHARE