ADU-da tərcüməçi Qurban Ələkbərovla görüş keçirilib

84

Noyabrın 6-da Azərbaycan Dillər Universitetində (ADU) Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin təşkilatçılığı  ilə Almaniyada yaşayan həmyerlimiz, tərcüməçi, fəlsəfə doktoru Qurban Ələkbərovla görüş keçirilib.

Açılış nitqi ilə çıxış edən Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin dekanı, dos. Bənövşə Məmmədova baş redaktoru akademik Kamal Abdulla olan “Azərbaycan tərcümə ensiklopediyası” kitabından danışıb. O, bildirib ki, tərcümə işi özü də yaradıcılıqdır və çox vaxt tərcüməçilərə tərcümə etdikləri əsərin ikinci müəllifi kimi baxırlar: “Onların kimliyini ictimaiyyətə təqdim etmək özü də çox dəyərli işdir. Hansı ki, akademik Kamal Abdulla “Azərbaycan tərcümə ensiklopediyası” kitabını araya-ərsəyə gətirməklə bu işə öz imzasını atdı. On illik zəhmət hesabına başa gələn bu kitab tərcümə işinin bütün sahələrini özündə ehtiva edir”.

Dekan professor-müəllim heyətinə, tələbələrə Q.Ələkbərovun tərcüməçilik fəaliyyətindən bəhs edib.

Daha sonra tələbələrin, professor-müəllim heyətinin suallarını cavablandıran tərcüməçi Almaniyadakı elmi fəaliyyətindən, tərcümə məsələsindən, tərcümə sahəsində görülən işlərdən, bu sahədə çatışmazlıqlardan danışıb.

Azərbaycan ədəbiyyatının ölkədən xaricdə təbliğ olunmasının vacibliyini qeyd edərək, bu vasitə ilə mədəniyyətimizə xüsusi bir töhfə verəcəyimizi vurğulayıb. Q.Ələkbərov tərcüməçilik sahəsində bədii tərcümənin çətin ancaq mənəvi qidasından danışıb. Yaxşı tərcüməçi olmaq üçün ana dilini yaxşı bilməli və onu yad təsirlərdən qorumağı diqqətə çatdırıb.

Tərcüməçi  alman dilindən kitabların orijinaldan tərcümə olunması məsələsinə xüsusi diqqət çəkib, “TEAS Press” və “Parlaq imzalar” nəşriyyatlarının bu sahədə peşəkarlıqlarını vurğulayıb.

Daha sonra tədbirdə qonaq qismində çıxış edən “Parlaq imzalar” nəşriyyatının direktoru Nurman Tariq öz fəaliyyətlərindən geniş söhbət açıb, keyfiyyətli tərcümə problemindən danışıb və  bu yaxınlarda Alman ədəbiyyatının klassik nümunəsi sayılan “Uçan sinif” adlı kitabın nəşriyyatının əməkdaşı Cəmilə İsmayılzadə tərəfindən orijinaldan keyfiyyətli  tərcümə olunduğunu bildirib. O, bədii tərcümə sahəsində peşəkar kadrları əməkdaşlığa dəvət edib.

Tədbirdə Alman Təhsil Mərkəzinin rəhbəri Murad Əhmədov mərkəzin fəaliyyətindən bəhs edərək, alman dilli tələbələrə məsləhətlərini verib və mərkəzə müraciət edərək Almaniyada peşə təhsili ala biləcəklərini qeyd edib.

Sonda ADU-nun rektor müşaviri Anar Osmanlı qonaqlara maraqlı və faydalı görüş üçün təşəkkürünü bildirib, bu cür görüşlərin mütəmadi  təşkil olunmasını diqqətə çatdırıb.

SHARE