“GEN Zer” nəslinin tələbələri: onları nə ilə maraqlandırmaq olar?! – Əfqan Abdullayev yazır

126

Azərbaycan Dillər Universitetinin Tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayevin “Ali təhsil, rəqəmsal  nəsil və idarəetmə” yazısını təqdim edirik.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda qeyd edilir ki, son illər Azərbaycan ali təhsil müəssisələrində yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə bir çox layihələr həyata keçirilmişdir. Proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.

Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” da dayanıqlı və rəqabətqabiliyyətli inkişafı təmin edən, insan kapitalının inkişafını daim diqqətdə saxlayan, insan resurslarının yetişdirilməsi və idarə edilməsini gerçəkləşdirən müasir təhsil sisteminin başlıca məqsədlərini müəyyənləşdirmişdir.

Bütün bu sadalananlar ali təhsilin qarşısında, onun rəhbər işçiləri, professor-müəllim heyəti qarşısında daha mühüm məsuliyyət qoyur. Əlbəttə, universitetlərdə əlverişli tədris mühitinin olması birinci növbədə idarəetmə mexanizminin düzgün qurulmasından asılıdır. Eyni zamanda idarə edilənlərin – yeni nəsil tələbələrin də xüsusiyyətlərini mütləq nəzərə almaq lazımdır.

Hamımıza gün kimi aydındır ki, ali təhsilə yeni dəyişiklik gəlib və gəlir. Akademik sərəncamlar, qaydalar, təlimatlar öz yerində. Bu, hamının gözlədiyi və hamını da təccübləndirən bir nəsildir – “GEN Zer” deyilən nəsil. Elə isə ali məktəbləri belə bir sual düşündürməlidir: biz bu gələn sənaye-texnoloji yönümlü, daha çox sosiallaşma meylli və biznes-sahibkar məqsədli, iddialı nəslin tələblərinə cavab verəcək qədər hazırıqmı? Çünki onların yaşadıqları dünya artıq maliyyə-iqtisadi cəhətdən son dərəcə kövrək-böhranlı vəziyyətə gəlib, ətraf mühitimiz isə qarmaqarışıq şəklə düşüb.

Bu gələn Yeni nəslin xüsusiyyətləri nədədir?

Yaxın keçmişimizə nəzər salsaq, XX əsrin 60-cı illərindən başlayaraq nəsilləri müxtəlif qruplara – dövrlərə bölməyə başlayıblar. İlk olaraq “Gen X” nəsli (keçən əsrin 60-cı illərinin ortalarından başlayan), “Gen Y” nəsli (keçən əsrin 80-ci illərindən başlayan) və “Gen Z” nəsli (keçən əsrin 90-cı illərin ortalarından başlayan) adı altında qruplaşdırırlar. Hər bir nəsil dəyişməsi 25-30 illik bir zaman kəsiyini əhatə edir və heç şübhəsiz ki, öz xarakterik xüsusiyyətləri ilə də seçilir. “Gen X” nəsli yəqin ki, heç zaman ağıllarına belə gətirə bilməzdi ki, 1980-ci illərin ortalarında hansı texniki tərəqqi olacaq, eləcə də “GEN Y” nəsli. Bu nəsillər əslində istənilən ölkənin əhalisinin təxminən 25%-ni təşkil edir. Heç şübhəsiz ki, əksər hallarda “GEN Z” nəslinin nümaəndələri “GEN X” nəslinin uşaqları olurlar. Bu nəslin insanları əvvəlki nəsildən fərqli olaraq həyatlarını qurmaqda, seçimlərini etməkdə müstəqil olmaq, sahibkarlıq iddiasında olmaq kimi cəhətlərə daha çox can atırlar. Çünki onlar öz ata-anaları, böyük bacı və qardaşlarının iş əldə etmək üçün necə mübarizə apardıqlarının şahidi olublar.

Bəli, universitetlərə yeni bir nəsil gəlib, bu nəslin adı “GEN Zer”dir. Bu nəsil öz təbiəti etibarı ilə öz əvvəlki nəslindən rəngarəngliyi ilə, pula olan maraqları ilə və şübhəsiz ki, müasir texnologiyalardan istifadəyə görə tamamilə seçilir. Smartfon-phone-ları (ağıllı telefonları) və Smart-home-ları (ağıllı evləri) ilə seçilən bu nəslin təmsilçiləri ortaya qoyduqları ambisiyaları, tələbləri, dünyabaxışları ilə təhsilin də qarşısında yeni-yeni məsələlərin həllini gündəmə gətirmiş olur. Bunlara tələbə qəbulundan tutmuş, tədris, idarəetmə, tələbə-müəllim münasibəti, tələbə özünüidarəetməsi, əmək bazarı kimi məsələləri aid etmək olar.

Tələbələr bu gün öz əvvəlki nəsillərindən (“GEN X” və “GEN Y”) fərqli olaraq  akademik proqramların seçimində və tələbəyə xidmət və dəstək sahəsində daha praqmatik və daha diqqətli, məqsədyönlu olublar. Onları daha universitet binasının, dəhlizlərinin, auditoriyalarının bər-bəzəkləri deyil, tədris şəraiti, mühiti daha çox maraqlandırır. Onlar istəyirlər ki, bügünkü universitet həyatı –tədrisdən tutmuş istirahətlərinə qədər hamısı virtual olaraq onların mobil telefonlarında olsun. Onlar adət ediblər ki, tədris real və virtual dünya arasında keçid vasitəsi ilə olsun.

Bir sözlə, onlar elə bir tədris istəyirlər ki, o onların arzu-istəyinə cavab versin. Onlar professor-müəllim heyətinin ele bir bir akademik mühit və fəaliyyət yaratması arzusundadırlar ki, orada onlar da öz fəaliyyətləri üçün (müstəqil, qrup halında işləmək, eksperimentlər aparmaq) imkanları olsun. Onlar layihə-əsaslı öyrənməni və tədqiqatları, onların gələcək həyatlarını təmin edəcək əmək bazarının tələblərini ödəyə biləcək bacarıq və vərdişləri çox yüksək qiymətləndirirlər.

Əvvəlki nəsillərdən fərqli olaraq, “GEN Zer” nəsli az komfort, amma daha çox dəstək istəyir. Sadə auditoriyalar onları qane edir, amma professor-müəllim heyəti və tələbə yoldaşları ilə interaktiv görüşlər keçirmək üçün daha çox məkanın olması arzusundadırlar.

Keçən əsrin 60-70-ci illərində universitetlər “in loco parentis” (valideyn) vəzifəsini yerinə yetirirdilər. 80-90-cı illərdə universitetlərdə “campus” həyatı (tələbə şəhərciyi) güclənməyə başladı, çünki tələbələr üçün öz evlərinə baş çəkmək, telefon zəngləri vurmaq baha başa gəlirdi, eyni zamanda vaxt itkisinə də səbəb olurdu. Təhsil xərclərinin (təhsil haqqı, yataqxana xərcləri, əlavə xərclər) artması da burada öz sözünü deyirdi.

Bugünku tələbələr onlara dərs deyənlərin daha fəal olmalarını, sinfi hökmlə yox, sanki bir bələdçi kimi tam idarə etmələrini istəyirlər. Sinfi maraqlı və cəlbedici edən, öyrətməyə həvəsi olan, səlis-aydın ünsiyyət qura bilən, tələbələrin problemlərini, qayğılarını başa düşən və onlara məsləhət verən, tələbəni bir insan kimi daha yaxşı işlərə dəvət edən, yalnız dərs zamanı deyil, dərsdən kənar vaxtlarda da tələbələr üçün əlçatan olan, tədrisdə axsayan tələbələri başa düşən və dəstək verən, yeni təlim metodlarını tətbiq edən, sinfə vaxtlı-vaxtında və hazırlıqlı gələn, tələbənin özündə inam yaradan və qlobal düşüncəsi olan professor-müəllim heyəti “GEN Z” nəsli üçün daha maraqlıdır və onlarla daha rahat anlaşa bilirlər.

Aparılan sorğuların nəticələri də bizə bunları deməyə əsas verir. “Hansı tədris forması onların öyrənməsi üçün əsas ola bilər?” sualına cavablara baxaq. Tələbə-qrup yoldaşları ilə birgə hazırlaşmalar (26%), sinifdə mühazirələr (21%), YouTube vasitəsilə hazırlaşmalar (20%), kitablar vasitəsilə hazırlıq (11%), interaktiv öyrənmə (8%), on-line video mühazirələr (5%) elektron kitablar vasitəsilə (1%) öyrənmə kimi metodlara üstünlük verirlər. Maraqlı cəhət budur ki, təxminən 60% tələbə göstərir ki, müasir təlim texnologiyaları onların daha yaxşı öyrənmələrinə imkan verir.

Tələbə olanlar bilir ki, tələbəlik həyatında sosiallaşma mühüm yer tutur. Bunun üçün universitetlərdən tələbələrin istəyi nədir?  Məsələn, ABŞ-da aparılan sorğuların nəticələri göstərir ki, sosiallaşmaq üçün tələbələrin 85%-i YouTube-dan, 72%-i İnstaqramdan, 69%-i Snapchat-dən, 51%-i Facebook-dan, 32%-i Twitter-dən istifadə edir. Tələbələrin 45%-i daim internetdə olur ki, bu da 3 il bundan əvvəlki dövrlə müqayisədə 2 dəfə çoxdur.

Beləliklə, bizim işlədiyimiz yeni “GEN Z” nəslinin spesifik xüsusiyyəti ondadır ki, bu nəslin informasiya ilə əlaqəsi əvvəlki nəsillərdən əsaslı surətdə fərqlənir. Yəni öz sələflərindən fərqli olaraq yeni nəsil informasiyanın əldə olunması üçün onun dalınca qaçmır, hər şey əlinin altındadır, bir düyməni basmaqla istədiyi məlumatı əldə edir. Universitetdə, kampusda təşkil olunacaq bütün tədbirlərin məlumatı onların mobil telefonlarındadır.

Bu nəsil gələcək karyeraları və iş yerləri haqqında da fərqli düşünür. Onlar daha çox təcrübə haqqında fikirləşirlər, iş mühiti haqqında daha çox narahat olurlar. İşçi qüvvəsi haqqında daha praqmatik mövqedən çıxış edirlər. Onlari Start-uppslarla, maraqlı workshoplarla, və onlar kimi düşünən mütəxəssislərin treyninqləri ilə maraqlandırmaq olar.

Bu nəsil daha bacarıqlı tədqiqatçıdır, özlərinin çoxşaxəli təhsil maraqlarını təmin etmək üçün özünütəlim metodlarından yaxşı xəbərdardırlar.

O universitet rəhbərləri ki, rəqəmsal bazalı tədrislə tələbə səriştəliliyi arasında olan əlaqəni başa düşür və idarəetmədə tətbiq edirlər, onlar idarə etdikləri universitetlərdə dinamik dəyişikliklərə nail olacaqlar. Sosial media bacarıqlı insanların həyata keçirdiyi tələbəyönümlü cəhdlər müvəffəqiyyət qazanacaq. Böyük Britaniyanın Burton Universitetinin təhsil tədqiqatçılarının təbirincə desək,  bü günün tələbələri öyrənmədə, öyrətmədə və professional xidmətlər sahəsində dəyişiklik təmsilçiləri kimi fundamental rol oynayırlar.

Bəs təhsil idarəçiləri bu yeni nəsil təmsilçiləri ilə münasibətləri yeni müstəviyə keçirmək üçün nə etməlidirlər? Çox da fikrə getməyə dəyməz, sadəcə, onlarla həmyaradıcılıq münasibətlərində olmaq lazımdır. Yəni tələbələrinizi bütün idarəetmə işlərinin – tədris prosesinin, xidmət işlərinin, tələbəyə dəstək tədbirlərinin hazırlanması işinə cəlb etmək lazımdır ki onların da arzu və təklifləri nəzərə alınsın. Tədrisin idarəedilməsi prosesində demokratik prinsiplərə keçmək lazımdır.

Dəyişiklik biz istəsək də, istəməsək də artıq gəlib və bu yeni “GEN Z” nəsli həmin dəyişikliyin önündə gedir. Bu isə biz təhsil idarəçiləri üçün mühüm bir çağırış, həyəcan təbilidir. Məsələni qəlizləşdirən cəhətlərdən biri də odur ki, universitetlərin əksəriyyətində ən azı üç nəslin nümayəndələri var, hərəsinin də öz dünyagörüşü, ambisiyaları və vərdişləri var. Uğurlu rəhbər odur ki, bu qarmaqarışıq mühitdən baş çıxartsın. Amma mənim bir təklifim var – gələcəyi yaxşı görmək istəyiriksə, öz işlərimizi daha çox son nəslə (“GEN Z” nəslinə) kökləməliyik.

Mənbə: AzEdu.az

SHARE