Özü də bilmədən ölümə tələsirdi… – Şəhid məzunumuz Ülvi Bünyadzadəni xatırlayırıq

90

Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinin IV kurs tələbəsi İnnab Ağazadənin Ülvi Bünyadzadə haqqında yazısını təqdim edirik. 

Ülvi Bünyadzadə 23 sentyabr 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində, ziyalı ailəsində doğulub. Kiçik yaşlarından ədəbiyyata maraq göstərən Ülvi altı yaşında artıq ilk şeirini yazmışdı. Şair, yazıçı, publisist və tərcüməçi olan bu gənc həm də aktyorluğu bacarıb. Tanışlarının dediyinə görə, 11-ci sinifdə oxuduğu zaman Şah Qacar obrazını canlandırıb. Tamaşanı izləyənlər Ülvinin aktyor olacağına inanmışdılar. Ülvi isə şəhid oldu…

Ülvi ərəb, fars, latın, özbək, ingilis və rus dillərini bilirdi.

Gənc yaşlarında azadlıq mübarizəsinə qoşulan Ülvi Bünyadzadə 1990-cı il 19 yanvar gecəsində Bakıya daxil olan Sovet ordusunun yolunu kəsib. Sinəsini xalqına tuşlanmış gülləyə sipər edərək, saat 00:20-də şəhid olub. Onun meyitini dostları və  tələbə yoldaşları 20 Yanvar günü Semaşko adına xəstəxanadan tapıblar: “Ülvi bir gecənin qurbanı oldu. Həmin gecə Pioner Kinoteatrında idi. Orada atışma olub. Axşama qədər hər yeri axtardıq. Ağlımıza gətirmək istəmədiyimiz üçün morqa baxmamışdıq”. – Şahidlərdən biri danışırdı.

 Ülvinin yaşamaq haqqında öz düşüncələri var idi. Ona görə yaşamaq üçün şair yox, şəhid olmaq  lazım idi. “Vətən üçün doğulmuşuq, vətən üçün ölməliyik” misralarını özünə bayraq edən şair,  bu misra ilə vətəndaşlıq  mövqeyini, qətiyyətini sübut edirdi. Vətən ilə bağlı onun 3-5 bənddən ibarət olan bir neçə şeiri var. Bu şeirlərində onun vətəninə məhəbbəti, sevgisi  öz əksini tapıb. O, 20 illik həyatı ilə Azərbaycan tarixində, ədəbi-mədəni həyatınızda silinməz izlər qoyub.

Anama oğul deyiləm,
atama oğul deyiləm,
bu ocağın kor çırağı,
yanmayacaq işığıyam.
Atam, anam zəmanədir
mən zəmanə uşağıyam. 

Beləliklə azadlıq eşqilə şeir qoşan mübariz şair Ülvi müstəqil Azərbaycan uğrunda şəhid oldu.

***

 Ülvinin ən çox dinlədiyi mahnı Nizami Gəncəvinin qəzəli əsasında bəstələnən “Sənsiz” idi. Onun bibisi Almaz Ülvi müsahibəsində deyirdi: “Ülvi şəhid olanda mən ağlamadım. Hər kəs ağı deyəndə mən Ülvinin ən çox dinlədiyi “Sənsiz”i dinlədim”.

Ülvisiz olmaq onların alın yazısı imiş…

 Ülvi Bünyadzadənin atası Yusif Bünyadzadə müsahibələrinin birində oğlu haqqında belə demişdi: “Heç kəs nakam ölmür. Hər kəs öz ömrünü yaşayıb ölür. Ülvi bəlkə də 80-90 yaşında olan bir adamın işini görüb şəhid oldu. Yəni öz missiyasını yerinə yetirdi”.

 Ülvi şəhid olduğu gecə onun cibindən “And” adlı məktubu tapılır. Məktub barədə onun şair dostu Xanəmir Telmanoğlu danışıb. Bu məktub bəlkə də bütün Azərbaycan türklərinə olan andı idi. Məktubda deyilirdi: “Mən Bünyadzadə Ülvi Yusif oğlu ilk və son dəfə öz vicdanım qarşısında and içirəm. Bir elin, bir millətin adını təmsil etdiyimi heç zaman unutmayacağam. Azərbaycan torpağının qürurdan, qeyrətdən yoğrulmuş adını müqəddəs tutacaq, bu ada ləkə vurmaq istəyən bütün ünsürlərə qarşı duracam. Öz azərbaycanlı adıma, varlığıma, vicdanıma, məsləkimə, əsil nəcabətimə, damarlarımda axan azərbaycanlı qanıma layiq oğul olacağam. Qorxaqlığı, alçaqlığı, yaltaqlığı özümə yaxın buraxmayacağam. Nəyin bahasına olursa olsun, öz azərbaycanlı mənimi təsdiq edəcəm. Əgər vədimə xilaf çıxsam, qoy anamın südü, elimin çörəyi mənə haram olsun. Vətən üzü görməyim”.

Onun cibindən çıxan bu qanlı məktub bəlkə də bütün Azərbaycan türklərinə, həmçinin o dönəm üçün həmkarlarına olan andı idi.

***

Ülvi Bünyadzadə Şəhidlər xiyabanında 40-cı qəbirdə dəfn olunub. Ona “20 Yanvar şəhidi” fəxri adı verilib. Onun son illər yaşadığı küçəyə “Ülvi Bünyadzadə  küçəsi” adı verilib. Həmin evin divarında “Burada  20 Yanvar şəhidi, şair Ülvi Bünyadzadə yaşamışdır” yazılı barelyef-lövhə vurulub.

Ülvi Azərbaycan Dillər Universitetinin tələbəsi idi. Yanvarın 19-u universitetdə imtahanını uğurla verib, dostlarının yanına tələsirdi. O, özü də bilmədən ölümə tələsirdi…

Universitetimizdə Ülvi Bünyadzadənin adını daşıyan auditoriya var. Bu auditoriyanı yaratmaqda məqsəd Ülvinin bizdən ayrılmadığını, hələ də bu universitetin tələbəsi olduğunu göstərməkdir. Digər tərəfdən isə bunu gələcək üçün xatirə olaraq saxlamaq istəyirlər.

Ülvi Bünyadzadə “Ülvi duyğularım”, “Bir ölümün acığına”, “Ömür yolu”, “Sənin oxşarın bənövşədir” əsərlərinin müəllifidir. Həmçinin onun ədəbi yaradıcılığına 200-dən çox şeir daxildir. “Ömür yolu” poeması isə Əfqanıstanda döyüşən həmvətənlərimizə həsr olunub. Ülvi Bünyadzadənin 40-a yaxın hekayəsi, 20-yə yaxın dünya ədəbiyyatından orijinal tərcüməsi var. Onun əsərlərinin ana xəttini vətənin müqəddəsliyi, azadlıq duyğusu və qeyrətli vətəndaş obrazının tərənnümü təşkil edir.

 

SHARE