“Qafqaz Beynəlxalq yapon dili təhsili” seminarı keçirilib

77

2013-cü il tarixindən başlayaraq ildə 1 dəfə “Qafqaz Beynəlxalq yapon dili təhsili” seminarı keçirilir. Bir il bu seminar Bakıda, növbəti il isə Tiflisdə təşkil olunur. Seminar iki gün keçirilir və yapon dilinin tədrisi və təhsili ilə bağlı bir sıra məsələləri əhatə edir. Eləcə də gələcək planlar, layihələ də müzakirə olunur. Bu ilin noyabr ayının dördündə və beşində “Qafqaz Beynəlxalq yapon dili təhsili” seminarı Gürcüstanın Tiflis şəhərinin Tiflis Azad universitetində baş tutub. Yaponiya Araşdırmalar Mərkəzindən verilən məlumata görə, seminarda Azərbaycan Dillər Universitetini Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin nəzdindəki Xarici dillər kafedrasının yapon dili üzrə müəllimi Xanım Xəlilova təmsil edib.

Seminarda Qafqaz ölkələrində yapon dilini tədris edən müəllimlər də iştirak edib. Seminarın mövzusu “Yapon dili dərsinin təşkili, online dərslər, internetdən istifadə edərək yapon dilinin tədrisi” olub. Seminarın ilk günü Tiflis Azad universitetinin yapon dili və mədəniyyəti üzrə müəllim Kote Tseretelinin nitqi ilə başlayıb.  Sonra gürcü dilində yapon dilinin tədrisi ilə əlaqəli sayt yaradan Zurab Camagidze çıxış edib. Eləcə də Batumi, İlia, Tiflis və digər universitetlərdə yapon dilini tədris edən müəllimlər çıxış edərək, öz təcrübələrini paylaşıblar.  Yaponiyanın Tsukuba və digər universitetlərindən də mütəxəssislər seminarda iştirak ediblər. Müxtəlif Qafqaz ölkələrində yapon dilinin tədris metodikası, dərs vəsaitləri, Yaponiyada təhsil proqramları, natiqlik müsabiqələri və digər mövzular ətrafında fikir mübadiləsi də keçirilib. Seminarın ikinci günü Yaponiyada xarici dilləri tədris edən professor tərəfindən Skype vasitəsi ilə Workshop da təqdim olunub. Sonra isə iki gündə təqdim olunan mövzuların müzakirəsi, fikir və təcrübə mübadiləsi həyata keçirilib. Eləcə də növbəti, Yeddinci Qafqaz yapon təhsili üzrə seminarın Bakıda keçirməsi ilə də bağlı qərar verilib. Seminarın bağlanması elan edildikdən sonra isə City Tour təşkil olunub.

SHARE