ADU əməkdaşları”Mülki müdafiə” fənninin tədrisi ilə əlaqədar müzakirələrdə iştirak ediblər

73

Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə işinin təşkili Baş idarəsinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə respublikanın ali təhsil müəssisələrinin tədris işləri üzrə prorektorlarının, mülki müdafiə fənninin tədrisini həyata keçirən kafedra müdirlərinin və kafedraların aparıcı müəllimlərinin, eləcə də mülki müdafiə qərargah rəislərinin iştirakı ilə Azərbaycan Texniki Universitetində tədbir keçirilib. Tədbir respublikanın ali məktəblərində “Mülki müdafiə” fənninin tədrisinin keyfiyyətinin artırılması, tələbələrin mülki müdafiə sahəsində bilik səviyyəsinin yüksəldilməsi və bununla bağlı qarşılıqlı fikir mübadiləsinin aparılması mövzusuna həsr edilib.

Tədbirdə Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının müdiri dosent Sevda Zamanova, baş müəllim Nahidə Məmmədova, müəllimlər Aytən Quliyeva, Aytən Zeynalova və Zülfiyyə Tağıyeva iştirak ediblər.

FHN Mülki Müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov çıxış edərək  bildirib ki, ali məktəblərdə “Mülki müdafiə” fənninin tədrisinin, ümumilikdə mülki müdafiə işinin keyfiyyətinin artırılması, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində gənc nəslin maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Qanunvericilikdən irəli gələn məsələlərin həyata keçirilməsini düzgün yerinə yetirmək məqsədilə təhsil müəssisələrində MM fənninin tədrisini yüksək səviyyədə, müasir dövrün tələblərinə cavab verən formada təşkil etmək lazımdır. Tədris vasitələri yenilənməli, interaktiv metodlar tətbiq edilməli, dövrü olaraq MM həsr edilmiş tədbirlər, seminarlar, konfranslar, FHN-dən mütəxəssislər dəvət etməklə açıq dərslər keçirilməsi tövsiyyə edilib.

Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin böyük elmi işçisi Nadim Nəcəfquliyev öz çıxışında ali təhsil müəssisələrində “Mülki müdafiə” fənninin tədris edilməsinin vacibliyini xüsusilə qeyd edib. MM fənnini müasir zəmanəyə uyğun yeniləşmiş formada tədrisini təmin etmək məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən tövsiyyə edilmiş “Mülki müdafiə” fənninin tədrisi üçün yeni proqram barədə təkliflərin Təhsil Nazirliyinə təqdim edilməsini məsləhət verib.

Sonra mövzu barədə müzakirələr dinlənilib. Respublikamızın müxtəlif ali tədris müəssisələrində MM tədrisi üçün vahid proqram hazırlanmasının vacibliyi irəli sürülüb. Həmin proqramda universitetlərin ixtisas yönümü, tədris yükü  nəzərə alınmalıdır.

FHN təşkil etdiyi təlimlərdə ali tədris müəssisələrinin MM fənnini tədris edən müəllimlərin iştirakının təmin edilməsi, təkmilləşdirmə kurslarında istıfadə edilən tədris vəsaitlərinin, videoroliklərin universitetlərdə də istifadə olunması, MM üzrə nümunəvi siniflərin təşkil edilməsi təklifləri verilib.

SHARE