İİV/QİÇS haqqında bilmədiklərimiz – virusdan necə qorunmalı?

95

Azərbaycan Dillər Universitetinin Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının baş müəllimi Sədaqət Musayevanın “İİV/QİÇS haqqında bilmədiklərimiz” yazısını təqdim edirik. 

   Hər il 1dekabr əksər inkişaf etmiş ölkələrdə Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. Çoxları belə bir günün qeyd olunduğundan xəbərsizdir. Universitet tələbələri arasında bir neçə dəfə apardığım sorğuya əsasən belə qənaətə gəldim ki, tələbələrimizin böyük əksəriyyəti nəinki 1 Dekabr Ümumdünya QİÇS-lə Mübarizə Gününün mahiyyəti, hətta QİÇS-in nə olduğu barədə yetərli məlumata  malik deyillər. Bəs günümüzün sosial əhəmiyyətli xəstəliklərindən və müasir təbabətin ən aktual problemlərindən biri olan İİV/QİÇS nədir və bu mövzuda məlumatlı olmaq nə üçün əhəmiyyətlidir? Elmin son dərəcə inkişaf etdiyi, klonlaşdırma, orqan transplantasiyası kimi əməliyyatların qüsursuz icra edildiyi günümüzdə tibb elmi nə yazıq ki, bir sıra viruslar və onların törətdiyi xəstəliklərlə mübarizədə hələ də acizdir. Vərəm, viruslu hepatitlər, İİV/QİÇS kimi müxtəlif yollarla yoluxaraq kütləvi yayılan infeksiyalar insanların sağlamlığı və cəmiyyət üçün sosial təhlükə yaradır. Günümüzdə Ümumdünya Səhiyyə Təşkilatının infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biri olan İİV/QİÇS epidemiyası davam etməkdədir.

   İlk aşkarlandığından keçən uzun zaman ərzində aparılan çoxyönlü araşdırmalara və bu gün təbabətdə infeksiyanın etibarlı diaqnostikası metodlarının olmasına, eləcə də müalicə üsullarının daima təkmilləşdirilməsi prosesinin aparılmasına baxmayaraq hələ də İİV infeksiyasının tam müalicəsi və spesifik profilaktika vasitəsi tapılmamışdır.

  İİV-İnsanın İmmun Çatmamazlığı Virusu, QİÇS-Qazanılmış İmmun Çatışmazlığı Sindromu infeksiyasının son mərhələsində insan immun sisteminin dərin zədələnməsi nəticəsində yaranan haldır. Qazanılmış İmmun Çatışmazlığı Sindromu-QİÇS insanın keçirdiyi qeyri sağlam həyat tərzi və yaxud, öz həyat fəaliyyəti nəticəsində təsadüfən tutulduğu bir bəladır. İİV/QİÇS-ə yoluxma və ondan ölmə halları hər il çoxalır. Dünyada təxminən 40 milyona yaxın insan İİV daşıyıcısıdır. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, hər 10 dəqiqədə bir adam QİÇS-ə yoluxur.

  Belə şəraitdə əhalinin bu infeksiya barəsində məlumatlandırılmasından əlavə tibb işçilərinin də hazırlıq keçmələri mühüm əhəmiyyət kəsb edir.

    40 il bundan qabaq insan cəmiyyəti, artıq infeksion xəstəliklərin təhlükə törətmədiyini düşünməyə başlamışdı. 1981-ci ildə yeni xəstəlik kimi aşkar olunan  QİÇS epidemiyası bu fikrə son qoydu. Bu infeksiyanın bütün dünyada sürətlə yayılmasını alimlər “sağlamlığın qlobal krizisi” adlandırdılar.  Dünya lideri sayılan ABŞ-da bu yeni xəstəliyin aşkar edilməsinə dünya əhalisi çox təəccüb etdi.

    İİV-in aşkar olunması ilə bağlı bir neçə hipotez irəli sürülüb:

  1. Əvvəllər mövcud olmuş virusa xoşagəlməz ekoloji faktorların təsiri;
  2. Bakterioloji silah;
  3. İnfeksion patogenin vətəni heab edilən Zambiya və Zairdə uran mədənlərinin radioloji təsiri nəticəsində virusun mutasiyası.
    Aparılan bir çox tədqiqatların nəticəsi bu virusun insanlar arasında ilk dəfə XVII əsrdə yarana biləcəyi ehtimalını doğurur. Alimlər virusun 1926-1946-cı illərdə meymunlardan insana keçdiyini ehtimal edir və əksər alimlər ABŞ-da, Avropada və Afrikanın bir çox inkişaf edən ölkələrində dominant olan İİV-1-in meymunların immunodefisit virusundan (simian immunodeficiency virus) yarandığını hesab edir.

 İnsanda İİV-infeksiyası hadisəsi barədə ilk sənəd 1959-cu ildə ölmüş kişiyə aiddir.

 İnsanın immunçatışmazlıq virusu (İİV) diametri 100-mm olan sferik formaya malik olub,  xarici mühitə davamsızdır.

Müəyyən olunmuşdur İİV-ə ən çox həssas zənci irqinə mənsub insanlar, nisbətən az həssas avropalılar, daha az həssas olanlar isə monqolodlərdir. İİV- infeksiyası antroponoz infeksiyadır və infeksiya mənbəyi inkubasiya dövründən başlayaraq xəstəliyin bütün mərhələlərində olan xəstə insanlardır. Virus yükünün maksimum səviyyədə olduğu kəskin retrovirus sindromu dövrü və infeksiyanın sön mərhələsi virusun ən çox yoluxdurma ehtimalı olan dövrləridir. İİV-infeksiyası uzun müddətli xəstəliklərə aid edilir və anti retrovirus terapiyası (ART) aparılmadığı halda yüksək aktivlikli yoluxmadan ölənədək olan müddət orta hesabla 2-3 ildən 10-15 ilədək çəkə bilər.

İİV yoluxmuş şəxsin orqanizminin bütün bioloji mayelərində müxtəlif konsentrasiyalarda olur. Qan, sperma, uşaqlıq boynunun ifrazatı, ana südü, onurğa beyni mayesi-likvor (müalicəvi və diaqnostik məqsədlə aparılan müxtəlif punksiyalar zamanı yoluxa bilər) İİV-in konsentrasiyası yüksək olan və onun yayılmasında xüsusi epidemioloji əhəmiyyət kəsb edən insanın bioloji substratlarıdır.  Sidik, ağız suyu, göz yaşı və tər İİV-in konsentrasiyası az olan bioloji mayelərdir. İİV-in ötürülmə mexanizmi təbii-kontakt, vertikal və süni (artifisial) şəkildə baş verir.

İnfeksiya mənbəyinin və resipiyentin fərdi xüsusiyyətləri, virusun miqdarı və virulentliyi İİV-ə yoluxma ehtimalının əsas faktorlarını təşkil edir. İİV-ə yoluxma aşağıdakı yollarla baş verir:

1. Cinsi, dominant yoluxma mexanizmi baş verən təbii-kontakt yolu. İV-ə yoluxmuş  şəxslə qoruyucu vasitə olmadan heteroseksual və homoseksual kontakt zamanı baş verir. Kişi ilə qadın və ya kişilər arasında olan anal cinsi əlaqə vaginal əlaqəyə nisbətən daha güclü ötürülmə riskinə malikdir. Bunun əsas səbəbi partnyoru qəbul edən düz bağırsaq toxumalarının zədələnmə riskinin daha çox olması və düz bağırsağın selikli qişasında qanın T-limfositləri, virusun əsas hədəfi olan reseptorlara malik hüceyrələrin mövcud olmasıdır. Yoluxmuş kişidən qadına yoluxma ehtimalının 2-2,5 dəfə çox olduğu müəyyən edilmişdir. İnfeksiya mənbəyi və resipiyentdə genital yaraların olması, İİV-ə yoluxmuş qadında mensis zamanı cinsi əlaqə yoluxma riskini artıran faktorlardır.

2. Parenteral yol. Parenteral (perkutan) yoluxma mexanizmi aşağıdakı hallarda baş verir:

– İİV-ə yoluxmuş qan və qan preparatlarının köçürülməsi (transfuzion) nəticəsində;

-İİV-ə yoluxmuş donorun orqan və toxumalarının transplantasiyası və qadınların süni mayalandırılması zamanı;

-İİV-lə çirklənmiş tibbi alət və ləvazimatlardan, məhlullardan istifadə etdikdə, virusla infeksiyalaşmış iynə ilə sağlam adama damardaxili inyeksiyalar və o cümlədən inyeksion narkotikdən istifadə zamanı;

– İİV-lə çirklənmiş bərbər, kosmetoloji, gigiyenik və başqa ləvazimatların istifadəsi zamanı.

  1. Vertikal və perinatal yol (İİV-in anadan körpəyə ötürülməsi). İnfeksiyaya yoluxmuş ananın virusunun körpəyə ötürülmə mexanizmi üç dövrdə baş verə bilər:

-antenatal (vertikal) yol, hamiləlik dövründə;

-intranatal (horizontal) yol; doğuş prosesi zamanı;

-postnatal (laktogen) yol, doğuşdan sonra ana südü ilə qidalandırma nəticəsində.

Törədicinin süni (artifisial) ötürülmə mexanizminin aşağıdakı fazaları var:

  1. İİV-in infeksiya mənbəyinin dəri və selikli qişalarındakı ifrazatlarda, qanda və igər bioloji mayelərdə olması;
  2. Törədicinin tibbi ləvazimatların üzərində qalması;
  3. Dəri və selikli qişaların tamlığının pozulması ilə aparılan tibbi manipulyasiyalar zamanı törədicinin orqanizmə daxil olması.

Süni (artifisial) ötürülmə mexanizmi ilə törədicinin yoluxması inyeksion (parenteral), transfuzion, invaziv diaqnostik və müalicə prosedurları, orqan və toxumaların köçürülməsi yolları ilə olur. Aparılmış tədqiqatlar nəticəsində əldə edilən faktlar peşə ilə əlaqədar İİV-ə yoluxma riskinin (yoluxma tezliyi-0,2%) aşağı olduğunu göstərir. Bu yolla tibb işçilərinin HBV-ə (Virus hepatiti B) yoluxma riski isə 7-30%-ə çatır. Belə ki, HBV-li xəstənin 1 ml qanında 100 mln-dək, İİV-li şəxsin 1 ml qanında isə yalnız 10-1000 virus olur. Tibb işçiləri İİV-infeksiyalı materialla çirklənmiş kəsici və deşici tibbi ləvazimatlarla dərinin zədələnməsi, qan və digər bioloji mayelərin tamlığı pozulmuş dəri və selikli qişalara düşməsi nəticəsində yoluxurlar.

İİV epidemiyasının inkişafını aşağıdakı əsas risk faktorları müəyyənləşdirir:

-narkotiklərin inyeksion yolla qəbulu;

-kommersiya seks xidmətinin genişlənməsi;

-İİV-ə yoluxmuş qadınların hamiləliyi;

-Cinsi yolla yayılan digər infeksiyalar-sifilis, genital herpes, xlamidioz, süzənək, bakterial vaginoz və s. olması;

-İİV-in rezistent formalarının formalaşması

-YAART-yə (yüksək aktiv antiretrovirus terapiya) aludəliyin aşağı olması və s.

       İİV-infeksiyasının klinikası virusun orqanizmin müəyyən hüceyrələrinə topluluğu ilə əzahür edərək, uzun illərlə davam edən və immunitetin zəifləməsi fonunda ağır formalı müxtəlif opportunist xəstəliklərin inkişafına gətirib çıxaran özünəməxsus gedişi ilə xarakterizə olunur və əksər hallarda İİV-ə yoluxmuş şəxsin ölümü ilə nəticələnir. Yoluxmuş şəxsin orta ömür müddəti 12-15 il hesab olunur. Lakin, yoluxma yolu bu və ya digər əhali qrupuna mənsubluq, irq, yaş və tibbi yardımın göstərilməsi bu müddətə müəyyən dərəcədə öz təsirini göstərə bilər. Aparılan müşahidələr QİÇS-in ən qısa müddətdə İİV-lə infeksiyalaşmış qan köçürülmüş resipientlərdə, hemofiliyalı xəstələrdə, homoseksualistlərdə və narkotiklərin istifadəsi zamanı yoluxmuş şəxslərdə inkişaf etdiyini göstərir.

İİV infeksiyası öz inkişafında aşağıdakı mərhələlərdən keçir:

-Yoluxma-virusun ilk hüceyrələri yoluxdurmasından keçən 72 saat ərzində limfa düyünlərinə keçir və daha sonra virus artıb çoxalmağa başlayır, virus yükünün səviyyəsi böyük sürətlə artır.

–Serokonversiya-yoluxmuş şəxslərin 50-80%-də virus yükünün artması tərləmə, zəiflik, titrətmə, qızdırma və s. simptomların yaranmasına səbəb olur. Orqanizmin cavab reaksiyası olaraq antitellərin yaranması prosesi başlayır və yoluxmadan 1-3 ay sonra testlərin köməyi ilə antitelləri aşkar etmək mümkün olur.

   -İlkin İİV-infeksiyası (kəskin serokonversiya sindromu) (KSS), ilkin mərhələ – bu termin yoluxmadan 6 ay sonrakı dövrdə kəskin infeksiyanı təsvir etmək üçün istifadə edilir.

   -Xroniki infeksiya-yoluxmadan 6 ay sonrakı dövrü göstərir və uzun illər davam edə bilər. İki ildən on ilədək keçən bu dövrdə xəstələrin çoxunun müalicəyə ehtiyacı olur və müalicə tətbiq edildikdə xroniki infeksiya 20 ildən çox davam edə bilər.

   -QİÇS-infeksiyanın gecikmiş mərhələsi-infeksiya gec aşkar olunduqda və spesifik müalicə aparılmadıqda (rezistentlik yaranır) inkişaf edir.

Gedişinə görə infeksiyanın tipik inkişaf edən, sürətlə inkişaf edən və inkişaf etməyən tipləri ayrılır. İİV-ə yoluxmuş insan İİV-in digər ştamı ilə təkrar yoluxa bilər. İnfeksion prosesin QİÇS-ə xas əsas kliniki xüsusiyyətləri artan xarakterli olması, ağır gedişli, atipik simptomatika və çoxsaylı lokalizasiyanın olmasıdır.

     İİV infeksiyasının kliniki gedişini bir çox alimlər təsnifatla əks etdirməyə çalışmışlar.

   Akademik V.L. Pokrovski İİV-infeksiyasının kliniki gedişini inkubasiya dövrü, erkən klinik təzahürlər dövrü, latent dövr klinik gedişi ikincili təzahürlərlə müşahidə olunan QİÇS dövrlərinə bölür. Amerikalı alim M.S. Saag (1997) İİV-infeksiyasının klinikasını patoloji vəziyyət və nozoloji formalardan ibarət bir neçə ardıcıl fazalara ayırır. Yoluxmadan sonrakı ilk mərhələ (inkubasiya mərhələsi) əsasən simptomsuz olur və altı həftə davam edə bilər. Sonradan inkişaf edən kliniki simptomlar (İİV-infeksiyasının erkən mərhələsi) çox zaman qeyri-spesifik xarakter daşıyır. Limfatik düyünlərin iltihabı ilə uyğun gələn klinikası olan kəskin serokonversiya yaranır. Bu proses sonra latent mərhələyə keçir və müəyyən fazasında limfoadenopatiya formalaşır (PQL).

Mütəxəssislərin fikrincə 53-92% xəstələrdə kəskin serokonversiya sindromu inkişaf edir. Bu dövrdə klinikaya dərin immunosupresiya nəticəsində inkişaf edən superinfeksiyalar oral kandidoz və kandidozlu ezofaqit, pnevmosist pnevmoniya, sitomeqalovirus koliti, serebal toksoplazmoz və vərəm qoşula bilər.

  İİV-infeksiyasının diaqnozu epidemioloji anamnez, kliniki əlamətlər və labarotar müayinələrin kompleks şəkildə qiymətləndirilməsi yolu ilə təsdiq edilir. Poliklinikalarda ailə həkimlərinə və eləcə də, digər həkim mütəxəssislərə müraciət edən pasientlərdə onların şikayətlərinə, kliniki əlamətlərə və epidemioloji anamnezə əsasən İİV-ə müayinə üçün qan nümunəsinin götürülməsi, müayinədən əvvəl və müayinədən sonra həkim məsləhətinin verilməsi, İİV-ə  yoluxmuş şəxslərin erkən aşkar edilərək vaxtında zəruri, məqsədyönlü tədbirlərin görülməsi İİV/QİÇS-in yayılmasının qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir.

Hal-hazırda İİV infeksiyasının radikal müalicəsi üsulu tapılmayıb.

Lakin, mövcud preparatlarla müalicə İİV-infeksiyasının və xəstəliyin ağırlaşmalarının inkişafını ləngitməyə imkan verir. Müalicə aşağıdakı istiqamətlərdə aparılır:

-etiotrop-retrovirus əleyhinə müalicə (ART-anti retrovirus terapiyası). Bu müalicə üçün tətbiq edilən dərman preparatları virusun hüceyrə daxilində artıb çoxalma funksiyasını tormozlayır.

        – simptomatik müalicə;

        -ikincili xəstəliklərin profilaktika və müalicəsi;

        – psixoloji yardımın göstərilməsi;

        -postkontakt müalicə.

ART-nin vaxtında və düzgün tətbiqi nəticəsində orqanizmdə virus yükü  və mutasiyaların sayı azalır, immunitetin bərpa olunma göstəricisi olan CD4+ hüceyrələrinin sayı artır  və kincili xəstəliklərin inkişafı riski azalır, opportunist infeksiyaların (Oİ) dərman profilaktikasına lüzum qalmır.

   Tibbi profilaktika İİV-infeksiyalı xəstələrdə digər bir çox infeksiyalara yoluxma riskinin qarşısını vaksinasiyalarla alınmasını tövsiyə edir. İmmunitet zəifləmədən aparılan immunizasiya effektli ola bilər.

  İİV-infeksiyası və eləcə də, QİÇS assosiasiyalı xəstəliklərinin erkən diaqnostikası və müalicəsi İİV/QİÇS-lə mübarizədə aktual problemlərdəndir.

  Dünya ictimaiyyəti İİV/QİÇS epidemiyasına son qoymağa imkan verən real tarix axtarış yolundadır. BMT-nin İİV/QİÇS-ə görə qəbul etdiyi deklarasiyaya görə UNAİDS 2015-ci il üçün birgə fəaliyyət istiqamətində 10 konkret məqsədyönlü göstəricilər işləyib hazırlanıb ki, bu göstəricilərə nail olmaq üçün səy göstərilməlidir. Respublikamızda da bu problemin həlli daim diqqət mərkəzindədir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 12 yanvar 1999-cu il tarixli 5 saylı qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 iyun 2011-ci il tarixli 105 saylı qərarı ilə İİV-infeksiyası ictimai təhlükəli xəstəliklər siyahısına aid edilib. (Ruhi xəstəliklər, narkomanlıq, xroniki alkoqolizm, QİÇS, vərəm, süzənək, lepra).

   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 62 N-li 27 aprel 2011-ci il tarixli qərarı ilə “İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin qoruyucu vasitələrlə təmin olunması haqqında”, “İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələrin siyahısı”, “İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına göstərilən tibbi yardımın həcmi”, “İnsanın immunçatışmazlığı virusu ilə yaşayan analardan doğulmuş bir yaşadək uşaqların qida məhsulları ilə pulsuz təmin olunması Qaydası” və “İnsanın İmmunçatışmazlığı Virusu infeksiyasının profilaktikası üzrə zərərin azaldılması proqramlarının tətbiqi Qaydası” təsdiq edilib.

“İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə işinin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31.08.2012-ci il tarixli 65 N-li əmri ilə təsdiq edilmiş əlavələrdə İİV/QİÇS problemi ilə bağlı bütün məsələlərin həlli yolları göstərilmişdir.

     İİV-ə tibbi müayinələr könüllü, mütləq və məcburi qaydada aparılır.

   1988-ci ildə BMT-nin Baş Assambleyası İİV/QİÇS-in yayılmasının qlobal pandemiya miqyası aldığını elan etdi. Dünya ictimaiyyətinin diqqətini bu problemə cəlb etmək üçün BMT-nin 43/15 qətnaməsi ilə rəsmən 1 dekabr-Ümumdünya QİÇS-lə mübarizə günü elan olundu. Hər il ümumdünya QİÇS-lə mübarizə günü epidemiyanın hər hansı bir aspektini əks etdirən mövzuya həsr olunur. 2011-2015-ci illər ümumdünya QİÇS-lə mübarizə günü “0 məqsədinə nail olmağa doğru” devizi altında keçirilib.

SHARE