Nuranə Qafarova: “Rektorumuzun göstərdiyi qayğı nəticəsində kitabxana xidmətinin səviyyəsi daha da yüksəlib”

400

Azərbaycan Dillər Universitetinin kitabxanasının müdiri Nuranə Qafarovanın müsahibəsini təqdim edirik. 

– Nuranə xanım, son vaxtlar universitetimizin kitabxanasında hansı dəyişikliklər olub? 

– Hər bir ölkədə elmin, təhsilin, incəsənətin, mədəniyyətin inkişafında və təbliğində kitabın rolu əvəzsizdir. Bu sərvəti gələcək nəsillər üçün qoruyub saxlayan, bəşəriyyətin sənəd yaddaşı sayılan kitabların və digər çap əsərlərinin, məlumat daşıyıcılarının istifadəsini təşkil edən, biliklərin yayılmasını həyata keçirən kitabxanalar insanların intellektual və peşə səviyyəsinin yüksəlməsində, elmin və texnikanın tərəqqisində müstəsna rol oynayır. Bu baxımdan universitetimizdə kitabxana işini tənzimləmək, onların fəaliyyətini müasir tələblər səviyyəsinə çatdırmaq, ədəbiyyatın geniş təbliğini və bu sahədə xidmət işini genişləndirmək üçün bir sıra tədbirlər həyata keçirilib.

 Cənab Prezidentimizin universitetimizə təyin etdiyi hörmətli rektor, akademik Kamal Abdullanın kitabxanaya olan diqqəti qaçılmazdır. Kitabxanada universitetin bütün oxucuları və əməkdaşları üçün hər cür şərait yaradılıb. Belə ki, rektor universitetlə tanış olduğu gündən ən böyük diqqəti kitabxanaya ayırdı. Universitetin 1 saylı korpusunda tələbər üçün kitabxana təşkil olundu. 2 və 3 saylı binaların birinci və ikinci mərtəbəsində oxu zalları yaradıldı. Kitabxana müasir avadanlıqlarla təmin olundu. Kitabxananın elektron kataloq və elektron kitabxanası yaradıldı. Eyni zamanda tələbələrin şəxsi kitabxanalarını genişləndirmək üçün də tələbələr universitetin maliyyəsi hesabına kitablar alır. Bütün bunların hamısı universitet rəhbərliyinin kitabxanaya olan diqqət və qayğısından, kitabxananın tələbələr üçün necə əhəmiyyətli olmasından xəbər verir.

– Deyə bilərsinizmi, kitabxana fondunun zənginləşdirilməsi və mühafizəsinin qayğısına necə qalınır? 

– Kitabxanaların daim zənginləşməsinin mənəviyyatımızın yüksəlməsində böyük əhəmiyyətinə diqqət çəkən ümummilli liderimiz Heydər Əliyev demişdi: “Kitabxana elə bir yerdir ki, gərək daim onun fondu genişlənsin. Çünki dünya dəyişir, yeni əsərlər, kitablar yaranır. Bunlar insanlara yeni biliklər, yeni məlumat gətirir”. Kitabxana “Kitabxana fondlarının zənginləşdirilməsi və mühafizəsi tələbləri”nin prinsipləri əsasında qurulur.

– Bu gün informasiya və kommunikasiya texnologiyaları sürətlə inkişaf edir. Bu inkişaf kitabxanaların işində əsaslı dəyişikliklər edilməsinə, oxuculara səmərəli xidmətin təşkilinə və ədəbiyyatın geniş təbliğinə müsbət təsir göstərir. Bir sözlə, əvvəlki dövrlərdən fərqli olaraq işə tam qlobal yanaşmağı tələb edir. Bu barədə nə deyə bilərsiniz?

– Universitetimizin kitabxanasında müasir tələblər səviyyəsində həyata keçirilən layihələr və tədbirlər hörmətli rektor, akademik Kamal Abdullanın göstərdiyi qayğı nəticəsində kitabxana xidməti səviyyəsinin daha da yüksəlməsinə səbəb olub. Hörmətli rektorun göstərişi nəticəsində elektron kitabxana sisteminin və yeni internet saytının istifadəyə verilməsi kitabxana işinin günün tələbləri səviyyəsində qurulmasına imkan yaradıb. Elektron kitabxana informasiya resurslarının sürətli və keyfiyyətli fəaliyyətinin təmin edilməsində, oxucuların informasiya tələbatının daha yüksək səviyyədə ödənilməsində mühüm əhəmiyyət daşıyır. Bu günə qədər kitabxanada müxtəlif mövzulu kitabların rəqəmsal arxivi və elektron kataloqu hazırlanıb, kitablar elektron formada şəbəkədə yerləşdirilib. Elektron oxu zalında isə 12 kompüter quraşdırılıb. Bu da oxucu-kitabxana əlaqələrinin yüksək səviyyədə qurulması, istifadəçilərə keyfiyyətli xidmət göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Çalışırıq ki, xidməti vəzifəmizi layiqincə yerinə yetirək, mədəniyyətimizin qorunması və nümayiş etdirilməsində səy və bacarığımızı əsirgəməyək. Ümummilli liderimiz Heydər Əliyevin söylədiyi kimi: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanalara daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”.

SHARE