“Qloballaşmış dünyada ali təhsilin perspektivləri” – Təhsil fakültəsinin dekanı yazır

265

Azərbaycan Dillər Universitetinin Təhsil  fakültəsinin dekanı, Filologiya elmləri doktoru, professor Fikrət Cahangirovun “Qloballaşmış dünyada ali təhsilin perspektivləri” məqaləsini təqdim edirik. 

 İqtisadi, siyasi və sosial sferalarda tez-tez “qloballaşma”, “qloballaşan dünya” terminlərinə rast gəlirik. Qloballaşma nədir və ali təhsil sisteminə öz təsirini necə göstərir? Həmin suallara cavab tapmağa çalışacağıq. “Qloballaşma” məfhumu ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Böyük güclərin yaxın iştirakı ilə baş verən qloballaşma sərbəst bazar iqtisadiyyatı və texnoloji inkişafın törəməsi, məhsuludur (İsaxanlı H. Bakı, 2008). İnformasiya kommunikasiya texnologiyaları sahəsində fövqəladə inkişaf bütün dünya boyu iş qurmaq imkanı verir. Qloballaşmış iqtisadiyyat rəqabətin həddindən artıq genişləndiyi və qaynaqların çoxaldığı dünya deməkdir. Ziddiyyətli xarakter daşısa da, müəyyən istismara yol açsa da, qloballaşma hadisəsi dünyanı bütövləşdirir. Bəzi müşahidəçilərə görə qloballaşma hər şeyin pozitiv olmasıdır; digərlərinin fikrinə əsasən isə o, çağdaş cəmiyyətin neqativ aspektlərini üzə çıxarır.

 Geniş və ağlasığmaz iqtisadi, texnoloji, siyasi, mədəni və elmi meylləri özündə ehtiva edən qloballaşma ali təhsilə birbaşa təsir edir. Ali təhsil müəssisələri bu meyllərdən müxtəlif yollarla kənara çıxa bilərlər, lakin onun rolunu dana bilməzlər.

 XXI əsr qloballaşmasının təhlilində tez-tez bir reallıq unudulur. Bu da ondan ibarətdir ki, universitet kampuslarından və dövlət sərhədlərindən kənardakı vəziyyət tarixən universitetlərə təsir edib. Dərin tarixi köklər də Universitetlərin “kültür” və idarə olunmasına təsir edir. Klark Kerr qeyd edir ki, 1520-ci ilə kimi yaranmış Qərb təsisatlarından 85-i hələ də mövcud olmaqdadır. Onlar Roman Katolik kilsəsi, Britaniya parlamenti, bəzi İsveç kantonları və 70-dən artıq universitetlərdir. Bu qurumlardan ən az dəyişikliyə məruz qalanı da məhz universitetlərdir. Beynəlxalq tələbələr qəbul etməyə imkan verən latın dilini ümumi dil olaraq tətbiq edəndən sonra Avropa universitetləri qlobal institutlara çevrildilər (Kerr, C., 2001).

 Əksər çağdaş Universitetlərin təməl daşı orta əsr Avropa Universiteti, xüsusən də, Paris Universitetidir. Müstəmləkə ağaları Avropa universiteti modelini digər qeyri-Avropa ölkələrinə də tətbiq etdilər. Bu model artıq çoxdan öz təbii təhsil ənənəsinə malik Çinə də yayıldı. Amma təkamül davam etdirilməkdə idi. Bir çox ölkələr xarici modeli yaradıcılıqla yerli şəraitə uyğunlaşdırdılar. Məsələn, müasir Amerika Universitetləri çeşidli beynəlxalq təsirləri özündə birləşdirir:

1)   Orta əsr təcrübəsindən yaranan və İngiltərədən idxal olunmuş orijinal müstəmləkə modeli

2)   XIX əsr alman tədqiqat universiteti modeli

3)   Və əlbəttə ki, özünün cəmiyyətə xidmət konsepsiyası.

 1868-ci ildən başlayaraq Yaponiya alman akademik modelinə və Amerika ideyalarına uyğunlaşaraq özünün müasir ali təhsil sistemini qurdu. Hal-hazırda Avropa İttifaqı Ümumavropa məkanında Bolonya prosesi çərçivəsində milli ali təhsil sistemlərinin harmonizasiyasını özündə ehtiva edən dünyanın ən mütərəqqi təcrübələrini sınaqdan keçirir. Akademik dərəcələrin strukturu, kredit-dərs sistemi buna misal ola bilər.

Universitetlər həmişədən milli reallıqlarla beynəlxalq meylləri tarazlaşdırmışlar. Hazırda ingilis dili tədris və elmi-tədqiqat dili kimi hegemonluq edir. Tarixən tələbələr xaricdə təhsil almış, alimlər isə doğma ölkəsindən kənarda mühazirələr oxumuşlar. Lakin müasir informasiya kommunikasiya texnologiyaları yeniliklərin və təcrübələrin daha çevik yayılmasına imkan verdiyinə görə XXI əsr qloballaşması dünya miqyaslı hesab olunur.

Yeni əsrdə inkişafın özəyi bilik iqtisadiyyatıdır. Bu növ iqtisadiyyat üçün xalqın maarifləndirilməsində, eləcə də elmi biliklərin istehsalında universitetlərin rolu misilsizdir. Qloballaşma ali təhsilə tələbin kütləvi surətdə artması (ali təhsilin kütləviləşdirilməsi) və cəmiyyətin yüksək ixtisaslı kadrlara ehtiyacı deməkdir.

İnternasionallaşma milli olanın beynəlxalq aləmə çıxarılmasıdır, lakin nəzarət və idarəetmə əsasən milli olaraq qalır. (İsaxanlı.H., Bakı, 2008). Ali təhsildə internasionallaşma əsasən tələbə və elmi işçilərin, idarəedənlərin və müəllimlərin beynəlxalq aləmə çıxışının artması, həmçinin müxtəlif təhsil modellərinin tətbiqi ilə əlaqədardır.

Çoxmillətləşmə bir ölkənin tədris proqramlarının digər ölkələrdə təklif olunması anlamına gəlir. Bu təcrübə əsasən birdən çox ölkənin təhsil müəssisələrinin birgə əməkdaşlığını nəzərdə tutur. Universitetlərin birgə, müştərək dərəcələr (ikili diplomlar) verməsini buna misal göstərmək olar. Onlar bu proqramları həyata keçirməkdən ötrü internetdən istifadəni gücləndirirlər. Xarici ölkələrdə universitetlərin və ya onların filiallarının açılması da çoxmillətləşdirmənin təzahür formasıdır. Bəziləri isə bunu “Mcdonaldization” termininə aid edirlər, yəni bütün hallarda əvvəl iqtisadiyyat sonra siyasət ideyası hər bir yeniliyin əsasında dayana bilir.

 Universitetlər qloballaşmanın gətirdiyi fəsadlara üstün gəlməlidirlər. Onlar iqtisadi və ictimai meyllərə qapılarını bağlasalar, onda dayaqsız və ölən bir quruma çevrilərlər. Orta əsrlərdə Avropa universitetlərinin çoxu İntibahı və Sənaye çevrilişini rədd etdiklərinə görə dayaqlarını itirdilər. Fransa inqilabı isə digərlərini sıradan çıxardı. Ona görə də  “XXI  əsrdə ali təhsil sisteminin yalnız bircə modeli var” fikrinə üstünlük verənlər səhv edirlər. Ali təhsil müəssisələri qloballaşmaya münasibətdə geniş imkanlara malikdirlər. Qeyri-bərabər dünyanın qloballaşmış ali təhsil sistemi inkişaf etməkdə olan ölkələrə və həmin ölkələrin ali təhsil institutlarına öz təsirini göstərməkdədir. Müşahidəçilər internetin, qloballaşmanın digər təzahürlərinin dünyaya elm, bilik, təhsil bərabərliyi gətirdiyini söyləyirlər. Lakin məsələ bir qədər mürəkkəbdir. Qloballaşma tələbələr və alimlərə istənilən yerdə oxumaq və işləmək imkanı açmaqla yanaşı, mövcud qeyri-bərabərliyi də dərinləşdirir, yeni-yeni problemlər yaradır. Bir çox iqtisadçılar qloballaşmanın qaçılmaz bir fenomen olmasını qeyd etməklə yanaşı dünyadakı qeyri-bərabər mühiti gücləndirdiyinə görə onun inkişaf etməkdə olan dövlətlərin maraqlarına zidd olması faktını da dilə gətirirlər.

 Ta qədimdən güclü universitetlər tədqiqat və təhsil də daxil olmaqla biliklərin yaradıcısı və ötürücüsü qismində tanınmışlar. Elm və təhsil səviyyəsi, maddi-texniki bazası zəif olanlar isə güclülərin arxasınca getmişlər. Böyük və zəngin ölkələrin güclü təhsil və elm mərkəzləri dövlətin onlara ayırdığı resurslardan lazımınca istifadə edirlər. Buraya maliyyə və infrastrukturu aid etmək olar: elmi – tədqiqat işləri üçün kitabxanalar, laboratoriyalar, müvafiq elmi dərəcələrə malik akademik heyət, akademik azadlığa dəstək verən qanunvericilik aktları, tarixi ənənələr və nəhayət zirvələrə doğru aparan yollar.

 Dünyanın iqtisadi güc mərkəzlərində və əyalətlərdə yerləşən universitetlər çox mürəkkəb şərtlər altında inkişaf edirlər. Əsasən Şimal yarımkürəsində yerləşən tədqiqatyönümlü aparıcı universitetlər beynəlxalq elmi mərkəzlərin 1 – ci yarısını təşkil edir. Yaponiya və bir sıra Avropa ölkələrində  də dünya səviyyəli universitetlərə rast gəlmək olar. Çin, Sinqapur və Cənubi Koreyanın bəzi universitetləri isə dünya səviyyəli tədqiqat institutlarına çevrilmək ərəfəsindədirlər. ABŞ, Britaniya, Almaniya, Fransa, Avstraliya və Kanadanın bir sıra əyalətlərində yerləşən universitetləri göstərmək olar ki, onlar beynəlxalq təhsilin nüvəsini təşkil edirlər.

 ABŞ–ın 3200 universitet və kollecindən yalnız 100–ü tədqiqatyönümlüdür. Dövlətin elmi tədqiqata ayırdığı maliyyə fondunun 80%-ni əldə edən həmin universitetlər ali təhsilin bütün parametrlərinə görə öndədirlər. Ölkənin digər universitet  və icma kollecləri (community colleges) daha çox sosial və tədrisyönümlüdürlər. Onlar qismən tədqiqatlar aparsalar da, belə tədqiqatlar qlobal dünya üçün yetərli hesab edilmir. Azərbaycan da daxil olmaqla dünyanın əksər universitetləri bu qəbildəndir. Dünya səviyyəli universitetlər ilə sıx əlaqədə olan bir çox  universitetlər regional mərkəzlər funksiyasını öz üzərilərinə götürürlər. Ərəb ölkələri üzrə akademik liderliyi ələ keçirən Misir universitetləri beynəlxalq elm və təhsil mərkəzləri ilə öz işlərini dünyanın nəhəng universitetləri sıx əlaqə saxlasalar da ciddi tədqiqat işləri aparmırlar. Əksinə, Çinin öndə gedən universitetləri ilə koordinasiya edərək ölkə daxilində əhəmiyyətli elmi – tədqiqatla məşğul olurlar.

 Müasir beynəlxalq aləmin ali təhsil sistemində əsas oyunçu kimi “mərkəzçi “ statusunu qazanmaq çox çətindir. Ciddi elmi–tədqiqat işlərinin aparılması üçün lazım olan laboratoriya avadanlığı, cihazlar və s. dünya səviyyəli status almağa iddialı universitetlərə külli miqdarda investisiyaların yatırılmasını tələb edir. Bir sözlə, dərin  maliyyə köklərinə malik olmadan dünya səviyyəli  universitetə çevrilmiş nümunə heç bir ölkədə tapmaq mümkün deyildir. Yeni yaranan universitetlərin isə problemləri daha da çoxdur. Ən nüfuzlu elmi jurnallara ABŞ və Böyük Britaniyanın güclü universitetləri rəhbərlik edir. Həmin nəşrlər və dünya informasiya şəbəkəsindəki verilənlər bazası isə ingilis dilindədir. Universitetlərin demək olar ki, əksəriyyəti özünü tədrisə kökləyib. Onların ciddi tədqiqatlar aparmaq üçün qurğuları, avadanlıqları yox dərəcəsindədir.

 Böyük güc mərkəzlərinin dünya xalqlarının “ürək və zəka”larına hakim kəsilmək cəhdləri “Soyuq müharibə”-nin xarakterik əlamətləri idi. Dünya elminin nəhənglərini, intellekt sahiblərini ələ almaq üçün istər keçmiş Sovetlər İttifaqı, istərsə də ABŞ tələbə mübadiləsi, dərsliklərin çapı, kitab tərcümələri və universitet binalarının tikintisinə səxavətlə pul xərcləyirdilər. Siyasi və iqtisadi məqsədlərə çatmaqdan ötrü ali təhsil başlıca döyüş meydanına çevrilmişdi. Müasir dünyada isə siyasət və ideologiya daha çox  mənfəətə və bazara tabe edilir. Çoxmillətli korporasiyaları, media nəhənglərini (BBC, CNN, Google) və bəzi aparıcı universitetləri günümüzün neokolonistləri  hesab etmək olar. Onlar həmişə kommersiya maraqlarını həyata keçirməkdən ötrü güc və təsir qüvvəsi axtarışındadırlar. Bu təsiri dəstəkləyən dövlətlər inkişaf etməkdə olan ölkələrə maliyyə yardımları da ayırırlar. Sözügedən ölkə universitetləri yardım təkliflərini almağa, mübadilə proqramlarında iştiraka məcbur edilmirlər. Lakin  “soyuq müharibə” dövründə olduğu kimi təzyiqlər və ehtiyaclar iştiraka aparıb çıxarır.

 Qloballaşmanın əsas faktorlarından biri də dünya miqyasında ingilis dilinin elm, bilik və təhsil dili olaraq işlənməsidir. İngilis dili XXI əsrin latın dili hesab edilir. Ən çox öyrənilən xarici dil kimi ingilis dili həm də dünya xalqlarının danışdığı  2–ci ana dilidir. Bu dil həm də beynəlxalq dövriyyəsi olan elmi jurnalların dilidir. Əksər universitetlər beynəlxalq aləmdə yayımlanan elmi jurnallarda nəşr olunmağın əhəmiyyətini qeyd edirlər. Bu isə həmin materialların ingiliscə olması anlamına gəlir. Virtual məkandakı (internetdəki) elmi veb saytların demək olar ki, böyük əksəriyyəti ingiliscədir. Xarici tələbələrin çoxu ABŞ, Birləşmiş Krallıq, Kanada və Yeni Zelandiya daxil olmaqla ingilisdilli ölkələrin universitetlərində təhsil alırlar. Sinqapur, Efiopiya, eləcə də Anqlofon Afrika ölkələri əsas tədris dili kimi ingilis dilindən istifadə edirlər. Hindistan, Pakistan, Banqladeş və Şri Lankada  isə bu dil aralıq (medium) dil statusu qazanmışdır. Digər ölkələr isə xarici tələbələri cəlb etmək, ölkə tələbələrinin beynəlxalq arenaya çıxmasına şərait yaratmaq üçün ingilis dilində daha çox tədris proqramları təklif edirlər. Bir sıra ölkələrdə (Azərbaycan, Bolqarıstan, Kazaxıstan, Kırğızıstan və s.) tədris dili ingilis dili olan universitetlər fəaliyyət göstərir. İngilisdilli ölkələrin universitetləri Yaponiya, Hollandiya, Almaniya və Meksikanın yerli ali təhsil ocaqlarında dərəcə proqramları və kurslar təşkil edirlər. Bir sözlə, ingilis dili ali təhsil sistemində də dünyanın 1 №-li dilidir. Elmi ünsiyyətin dili kimi ingilis dili ABŞ, Birləşmiş Krallıq və digər varlı ölkələrə əlavə dividentlər gətirməkdədir. Belə ki, beynəlxalq elm-bilik bazarında ingilisdilli məhsulların həcmi üstünlük təşkil edir. Dünyanın hər yerində alimlərin və tələbələrin istifadəsində olan ingiliscə kitablar ABŞ və Birləşmiş Krallıqdan göndərilir. Həmin materiallar  Amerika və Avropa istehlakçısının imkanlarına əsasən qiymətləndirildiyindən baha qiymətə satılır. Baha olmasına rəğmən ingilisdilli dərslik və test materialları sözügedən ölkələrin kitab bazarına asanlıqla daxil ola bilir. Beləliklə, ingilis dili yaxın gələcəkdə də özünün dominant akademik dil olmaq statusunu qoruyub saxlayacaqdır.

 Hal-hazırda dünya üzrə 1,5 milyondan çox tələbə xaricdə təhsil alır. Bu isə orta əsrlərdən üzü bəri ən yüksək göstəricidir. Bəzi müşahidəçilərin hesablamalarına görə 2020-ci ilədək 8 milyon alim müvəqqəti və ya daimi işləmək üçün xaricə üz tutacaqdır. Təhsil sisteminin get-gedə bir-birinə uyğunlaşdırılması, beynəlxalq arenada akademik dərəcələrin qarşılıqlı tanınması, yüksək ixtisaslı kadrlar üçün miqrasiya qaydalarındakı xüsusi yanaşmalar və nəhayət universitetlərin ən yaxşıları qəbul etmək istəkləri qlobal əmək bazasını daha da genişləndirməkdədir.

 Akademik talant daha çox Cənubdan Şimala doğru  – inkişaf etməkdə olan ölkələrdən  metropol akademik mərkəzlərə tərəf axmaqda davam edir. Belə ki, dünyanın 80% beynəlxalq statusa malik tələbəsi (international students) magistr, doktor və ixtisas dərəcələri almaqdan ötrü  inkişaf etməkdə olan dövlətlərdən  şimala-yüksək reytinqli  universitetlərə gedir və çoxusu da vətənə qayıtmırlar. 1991-ci ildə SSRİ-nin dağılması Azərbaycan, Rusiya və digər postsovet ölkə alimlərinin Qərbi Avropaya və Şimali Amerikaya çıxışına şərait yaratdı.

 Beynəlxalq tələbələrin əksəriyyəti təhsil haqqı ödəyirlər. Bu sahədən hər il əldə edilən 13 milyard dollar ABŞ iqtisadiyyatının əhəmiyyətli gəlir mənbəyi, digər ölkələrin isə maliyyə itkisidir.

 İnkişaf etməkdə olan ölkələrin elm və bilim adamları işləmək, tədqiqat aparmaqdan ötrü xaricə üz tuturlar. 2005-ci ildə ABŞ universitetləri 82000 xarici ölkə alimlərini qəbul edib. Dünya üzrə isə bu rəqəm 200,000 civarındadır.  Alimlərin əksər hissəsi cənubdan şimala doğru miqrasiya edərək öz ixtisasları üzrə işləyirlər. Bu isə inkişaf etməkdə olan  ölkələrin ali təhsil müəsissələrinin elmi potensialının zəifləməsinə gətirib çıxarır. Akademik miqrasiya təkcə inkişaf etməkdə olan ölkələrlə məhdudlaşmır. Alimlər əsasən cəlbedici imkanlar – yüksək məvacib və yaxşı iş şəraiti olan ölkələrin universitetlərinə gedirlər. Mühəndislik, informasiya  texnologiyaları və menecment ixtisasları üzrə miqrasiya daha çox üstünlük təşkil edir. Birləşmiş Krallıqda əmək haqqının nisbətən aşağı olması, iş şəraitinin get-gedə pisləşməsi ölkə alimlərinin davamlı olaraq ABŞ və Kanadaya axınına rəvac verir. Buna cavab olaraq isə Birləşmiş Krallığın hakim dairələri ən yaxşı alimləri ölkədə saxlamaqdan ötrü maliyyə həvəsləndirmələri tətbiq etməkdədirlər.

 Bu gün akademik miqrasiya çox qarışıq və mürəkkəb marşurut üzrə gedir. Məsələn, Misir, İordaniya və Fələstin alimləri əsasən ərəb universitetlərində  işləyirlər. Sinqapur və Honq-Konq dünyanın istənilən yerindən gələn alimləri qəbul edir.  Meksika və Brazilyada isə daha çox digər Latın Amerikası ölkələrindən  gələnlər işə götürülür. Doğma Azərbaycan alimləri isə əsasən Türkiyə və Rusiyanın elmi mərkəzlərində çalışırlar. Avropa İttifaqının Boloniya prosesi çərçivəsində ali təhsil sistemlərinin bir-birinə uyğunlaşdırılması siyasətini  yeritməsi üzv ölkələr arasında tələbə-alim mübadiləsini kifayət qədər artırıb və gələcəkdə də artıracaqdır.

 Alimlərin miqrasiyası əvvəllər “beyin axını” (“Brain drain”) adlandırılırdı. Çünki həmin alimlərin doğma  ölkələri ilə sıx əlaqələri yox idi. Qloballaşan bu günkü  dünyada isə vəziyyət dəyişib. Keçmişdə öz ölkəsini tərk etmiş alimlər hazırda internet vasitəsi ilə aktiv əlaqələrə malikdirlər və hətta mühazirələr oxumaq, məsləhətlər vermək, elmi əməkdaşlıq üçün öz doğma vətənlərinə gəlmək imkanlarına da sahibdirlər.

 İnkişaf etməkdə olan ölkələrin beyin axınından ən çox faydalanan sənayeləşmiş  ölkələrdir. Bu isə elm və təhsil məkanında  sözügedən ölkələrin şərtsiz liderliyinə gətirib çıxarır. Bir sıra sənayeləşmiş ölkələrdəki miqrasiya siyasəti də istedadlı kadrların asanlıqla mühacirət edərək məskunlaşmasına yaşıl işıq yandırır. Əksinə, Yaponiya kimi ölkələr kənardan gələn alimlərin azlığından əziyyət çəkir.

 Qloballaşma həmçinin kurikulumların və təhsil proqramlarının da internasionallaşmasını gündəmə gətirir. Biznes və menecment ixtisasları üzrə proqramlar ingilisdilli təhsil sistemlərindən doğan qlobal ideyaları əks etdirir. “Biznesin idarə olunması” dünya ölkələrinin çoxunda yeni sahədir. Son 10 ildə çoxsaylı ölkələr çoxmillətli şirkətlərdə və eləcə də beynəlxalq ticarətlə məşğul olan firmalarda işləməyi bacaran mütəxəssislər hazırlamaq üçün universitetlərdə “Biznesin idarə olunması” (“Business administration”) üzrə proqram təklif edirlər. Bu sahə üzrə əsas model M.B.A.-dır – Amerika üslubunda “Biznesin idarə olunması magistri” ixtisas dərəcəsidir. Bu proqram ilk dəfə ABŞ-da ölkə tələbələrinin biznes sahələrində işləməsini təmin etməkdən ötrü hazırlanmışdır. Çox keçməmiş M.B.A. modeli ABŞ universitetləri vasitəsilə digər ölkələrə də geniş yayıldı. Tədris materiallarının beynəlxalq dövriyyəsi barəsində yuxarıda bəhs etmişdik. Dünya universitetlərinin əksəriyyətində bir sıra ixtisaslar üzrə ümumi dərslik, dərs vəsaiti və sillabuslardan istifadə olunmağa başlanmışdır. Bu materiallar isə əsasən ABŞ, Birləşmiş Krallıq və Fransanın ali təhsil müəssisələrində hazırlanır.

 Qloballaşmaya münasibətdə ixtisaslar və fənlər də biri digərindən fərqlənir. Biznes, informasiya texnologiyaları, biotexnologiya internasional ixtisaslar hesab olunur. Tarix, dil, ədəbiyyat və digər humanitar sahələr isə daha çox milli dəyərlərə söykənir. Lakin bu sahələr üzrə də tədrisin təşkili və tədqiqat üsullarında, metodologiyalarda xarici təsirlər özünü göstərməkdədir. Kurikulumların internasionallaşması qloballaşmanın digər aspektləri kimi şimaldan cənuba trayektoriyası ilə davam edir.

 Qlobal ali təhsil bazarının mövcudluğu bir sıra çoxmillətli təşəbbüslərdə – iki ölkənin ali tədris institutlarını birləşdirən ikili proqramlarda, digər ölkədə filialların açılmasında özünü göstərir.

 Ali təhsilin çoxmillətləşməsi dərin tarixi köklərə malikdir. Metropol universitetlər tarixən öz koloniyalarında ya filiallarını açmış, ya da yeni tipli məktəblərə sponsorluq etmişlər: Britaniyalılar Afrika və Asiyada; Almanlar İndoneziyada; Fransızlar Afrika və Asiyada. Bir zamanlar Roman Katolik Universitetləri Latın Amerikası və Filippində yeni tədris müəssisələrini açdılar. XIX əsrdə Amerikan protestant missionerləri Livanda, Misirdə və Türkiyədə ABŞ modelinə əsaslanan universitetlər qurdular.

 Yeni bir fenomen olmayan təhsil müəssisələrinin digər ölkələrə ixracı davam etməkdədir. İstər ənənəvi müstəmləkəçilik dövründə, istərsə də soyuq müharibə illərində yeni təhsil modelləri, təcrübələri və kurikulumları metropol ölkələrdən inkişaf etməkdə olan ölkələrə ixrac edilmişdir. Son onillikdə qeyri-dövlət universitetlərinin digər ölkələrdə tədris müəssisələri qurması daha da artmışdır. 1980-cı illərdə Amerika universitetləri və kollecləri Yaponiyada özünə lazım olan bazarı tapdı. ABŞ universitetləri Yaponiya təhsil institutları və şirkətləri ilə birgə əməkdaşlıq edərək həmin ölkədə onlarla filiallar və kampuslar yaratdılar. Belə proqramlar Yaponiya tələbələrinin ABŞ-a təhsil almaq üçün gəlməsinə də şərait yaratdı.

 Xarici tədris dərəcə proqramları bəzən “françayz” (“franchised”) olunur. Xarici universitet öz adını və tədris planlarını yerli universitetə tətbiq etməklə məhdud dərəcədə rəhbərlik və keyfiyyətə nəzarəti həyata keçirir.

 Ali təhsilin çoxmillətləşməsi bir sıra ümumi perspektivlər və motivasiyalarla xarakterizə olunur. Metropoldakı və şimaldakı maraqlı tərəflər daha çox mənfəət qazanmaq məqsədini güdürlər. Cənubdakı inkişaf etməkdə olan ölkə universitetləri isə əksinə ali təhsilin gündən-günə artan tələblərini ödəmək və əlyetməz ixtisaslar üzrə dərəcə proqramlarını həyata keçirmək arzusundadırlar.

 Qloballaşma həm də iştirakçı ölkələr arasında qarşılıqlı əlaqələri idarə etməkdən ötrü beynəlxalq sazişlərin, müqavilələrin olmasını tələb edir. ABŞ Dövlət departamentinin təqdim etdiyi Amerika Fulbrayt (Fulbright) proqramlarını buna misal göstərmək olar. Avropa qitəsində isə ən vacib ali təhsil sazişi Boloniya bəyannaməsi hesab olunur. Belə ki, Boloniya prosesi çərçivəsində ERASMUS və SOCRATES  kimi tələbə və alim mübadilə proqramları üzv ölkələrin ali təhsil sistemlərinin harmonizasiyasına xidmət göstərir. Bunun əksinə olaraq NAFTA-nın (North American Free Trade Agreement) – Şimali Amerika Azad Ticarət Müqaviləsinin ali təhsilə təsiri çox cüzidir.

 Ali təhsilin qloballaşması qaçılmaz bir prosesdir. Ta qədimdən təhsil miqyasına görə beynəlxalq olub. Lakin müasir texnologiyalar, internet, qarşılıqlı əlaqələrin daha da asanlaşması, tələbə və yüksək ixtisaslı kadrların sərhədləri aşmaq bacarığı bu prosesi daha da dərinləşdirmiş və sürətləndirmişdir. Güman edirik ki, XXI əsrdə dünyanın heç bir ölkəsində ali təhsil sistemi təcrid olunmuş şəkildə mövcud ola bilməz. Təhsil ocaqlarının ölkə daxilində, bir qrup ölkəni əhatə edən bölgələrdə və beynəlxalq aləmdə geniş əməkdaşlıq şəbəkələrinin qurulması qloballaşma dövründə güc qazanma cəhətdən zəruriyyətə çevrilmişdir (H.İsaxanlı, Bakı, 2008). Təhsil siyasəti üzrə məsləhətləşmələr, birgə dərəcə və ya ikili diplom verilməsinə hesablanan proqramlar və onların akkreditasiyası təhsildə keyfiyyətin artırılması probleminin həllinə də kömək edə bilir.

 Azərbaycan beynəlxalq tələbə mərkəzinə çevrilmək potensialına malikdir. Mülayim iqlimə və cəlbedici mədəniyyətə malik Azərbaycanı, genişlənən Avropanın bir parçası kimi dünyanın hər yerindən, xüsusilə də Yaxın Şərq, Hind-Çin dünyası və Afrikadan gələn tələbələr ölkəsi kimi təsəvvür etmək çətin deyil.

SHARE