ADU-da “Çinin ali təhsili” müzakirə olundu

10

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Çinin ali təhsili” mövzusunda seminar keçirilib.

Modern.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov Azərbaycanda Çin dilinin tədrisinin perspektivlərindən, Çinin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı gənclərin, eləcə də, respublikamızın ali məktəblərində təhsil alan çinli tələbələrin sayının artmasından, hər iki ölkə tərəfindən təqaüdlərin verilməsindən danışıb. O, ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın inkişafının və prezident İlham Əliyevin Çinə səfəri zamanı imzalanan “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illərdə təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun əhəmiyyətini xüsusilə vurğulayıb. R.Abbasov həmçinin qeyd edib ki, bu gün ADU tələbələri nəinki Çinin aparıcı universitetlərində uğurla təhsil alır, eyni zamanda Çinin tələbə gəncliyi həyatında aktiv iştirak edərək Azərbaycan tarixi, mədəniyyəti, siyasəti və iqtisadiyyatına həsr olunmuş tədbirləri mütəmadi olaraq təşkil edir və Azərbaycanın İpək Yolu üzərində müasir, inkişaf edən, tolerant ölkə kimi müasir həyatı haqqında həqiqətləri Çin xalqına çatdırırlar.

Seminarda çıxış edən ADU-nun Konfutsi İnstitutunun könüllüsü, Uxan Universitetinin məzunu Ayan Kərimova Çinin ali təhsil sistemi və məşhur təhsil müəssisələrinə qəbul edildikdən sonra xaricilər üçün tələblər, xüsusilə çinlilərin (HSK) standartlaşdırılmış ixtisas imtahanı sertifikatının qazanılması barədə məlumat verib. A.Kərimova həmçinin xarici tələbələr üçün təşkil olunmuş təqaüd və qrantların növləri, o cümlədən Çin hökumətindəki qrantlar, Çin şəhərləri merləri, Konfutsi İnstitutları və Çinin seçilmiş universitetlərinin təqaüdləri haqqında danışıb. A.Kərimova Çin universitetlərində oxuyan hər bir xarici tələbəyə Çin dili kurslarında da təhsilin vacib olduğunu qeyd edərək, özünün çinli uşaqlar üçün ingilis dili müəllimi kimi təcrübə keçdiyini vurğulayıb.

Seminarın sonunda HSK imtahanını uğurla keçmiş ADU Konfutsi İnstitutunun tələbələri rəsmi sertifikatlarla təltif olunub.

https://paralel.az/article/az/91794

SHARE