ADU-da tələbələr Çinin ali təhsil sistemi barədə məlumatlandırılıb

12

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Çinin ali təhsili” mövzusunda seminar keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, seminarı Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov açaraq Azərbaycanda Çin dilinin tədrisinin perspektivlərindən danışıb, Çinin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı gənclərin, eləcə də respublikamızın ali məktəblərində təhsil alan çinli tələbələrin sayının artdığını, iki ölkə tərəfindən təqaüdlərin verildiyini diqqətə çatdırıb. O, ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın inkişafının və Prezident İlham Əliyevin Çinə səfəri zamanı imzalanan “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illərdə təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun əhəmiyyətini vurğulayıb. R.Abbasov, həmçinin deyib ki, bu gün ADU-nun tələbələri Çinin aparıcı universitetlərində təhsil almaqla yanaşı, mütəmadi olaraq ölkəmizin tarixi, mədəniyyəti, siyasəti və iqtisadiyyatına həsr olunmuş tədbirlər təşkil edir və Azərbaycanın İpək Yolu üzərində müasir, inkişaf edən, tolerant ölkə kimi müasir həyatı haqqında həqiqətləri Çin xalqına çatdırırlar.

ADU-nun Konfutsi İnstitutunun könüllüsü, Uxan Universitetinin məzunu Ayan Kərimova Çinin ali təhsil sistemi və məşhur təhsil müəssisələrinə qəbul edildikdən sonra xaricilər üçün tələblər, xüsusilə çinlilərin standartlaşdırılmış ixtisas imtahanı sertifikatının qazanılması barədə məlumat verib. A.Kərimova, həmçinin xarici tələbələr üçün təşkil olunmuş təqaüd və qrantların növləri, o cümlədən Çin hökumətinin qrantları və bu ölkənin seçilmiş universitetlərinin təqaüdləri haqqında danışıb. O, Çin universitetlərində oxuyan hər bir xarici tələbəyə Çin dili kurslarında da təhsilin vacib olduğunu qeyd edərək, özünün çinli uşaqlar üçün ingilis dili müəllimi kimi təcrübə keçdiyini vurğulayıb.

Seminarın sonunda ADU-nun Konfutsi İnstitutunun çinlilərin standartlaşdırılmış ixtisas imtahanını uğurla keçmiş tələbələrinə sertifikatlar verilib.

https://azertag.az/xeber/ADU_da_telebeler_CHinin_ali_tehsil_sistemi_barede_melumatlandirilib-1244814?lks_phjs_wait=15

SHARE