Dillər Universiteti işdən çıxarılan dekanla bağlı açıqlama yaydı

32

“Azərbaycan Dillər Universitetinin keçmiş dekanı Vüsalə Ağabəylinin universitet rəhbərliyinə qarşı irəli sürdüyü əsassız və böhtan xarakterli ittihamlarla bağlı bildirmək istərdik ki, Azərbaycan  Dillər Universitetinin filologiya və jurnalistika fakültəsinin dekanlığına 2018-ci ilin sentyabr-dekabr aylarında tələbələrdən daxil olmuş çoxsaylı müraciətlərə baxılmaması ilə əlaqədar filologiya  və jurnalistika fakültəsində tədris və təlim-tərbiyə işinin təşkilinin öyrənilməsi ilə bağlı dekabrın 18-də komissiya yaradılıb”.

Paralel.az xəbər verir ki, bu barədə Azərbaycan Dillər Universitetinin yaydığı məlumatda deyilir.

Məlumatda deyilir:

Komissiya  tərəfindən aparılmış müvafiq araşdırma  zamanı qeyd olunan fakültədə tədris fəaliyyətinin  gedişinə, tədris prosesi iştirakçılarının fəaliyyətinə və tədris  sənədlərinin tərtibatına nəzarətdə və onların uçotunda bir sıra ciddi nöqsan və boşluqların mövcud olduğu,  akademik qrup jurnallarının yarıtmaz vəziyyətdə aparıldığı, həmçinin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan  Respublikası Qanununun 7-ci maddəsinin tələblərinin fakültənin dekanı Vüsalə Ağabəyli tərəfindən kobud şəkildə pozularaq müraciətlərin cavablandırılmasının təmin edilmədiyi müəyyən olunub.

Müraciətləri  qanun çərçivəsində  həllini tapmayan 31 tələbə  universitetin rəhbərliyinə təkrar  müraciət etmək məcburiyyətində qalıblar.

Bundan əlavə V.Ağabəyli  tutduğu dekan vəzifəsindən istifadə  edərək onun səlahiyyətlərinə aid olmadığı  halda 10 tələbəyə yazılmış qaiblərın nəzərə  alınmasına dair qanuna zidd qərarlar qəbul etməklə  “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura  səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq  edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarının  tələblərini pozub.

Bununla da filologiya  və jurnalistika fakültəsinin  dekanı V. Ağabəyli əmək funksiyasının, vəzifə  borcunun (öhdəliklərinin) yerinə yetirilməsi zamanı  səhlənkarlıq, etinasız və qanunazidd hərəkətləri nəticəsində əmək və icra intizamının normal ahəngini  kobud şəkildə pozub, o cümlədən tədris fəaliyyətinin gedişinə və tədris prosesi iştirakçılarının fəaliyyətinə ciddi xələl gətirib.

Həmçinin  açıq dərslərin  təşkili və obyektiv qiymətləndirilməsi  zamanı yol verdiyi ciddi nöqsanlara,  Rektoryanı Şurada etik davranış qaydalarını  pozduğuna və universitetin əməkdaşlarına şər   və böhtan atdığına görə V. Ağabəyliyə 17.12.2018-ci il tarixdə töhmət verilib.

Araşdırma  zamanı komissiyanın  tədris sənədləri ilə  işin vəziyyəti haqqında  yekun rəyinə əsasən fakültənin  dekanı Vüsalə Ağabəyli vəzifəli  şəxs kimi işinə səhlənkar münasibət  bəsləyərək xidməti vəzifələrini lazımi qaydada yerinə yetirmədiyinə, vəzifə  səlahiyyətlərini aşdığına, ona aid olmayan vəzifələrin həlli ilə əlaqədar  qərarlar qəbul etdiyinə, vətəndaşların müraciətlərinə baxılması haqqında qanunun  tələblərini pozaraq tələbələrin ona ünvanladıqları ərizələrin mahiyyəti üzrə baxılmasını  təmin etmədiyinə görə barəsində ciddi tədbirlər görülməsinin zəruriliyi bildirilmiş və qeyd olunan  fakültədə vəziyyətin köklü şəkildə yaxşılaşdırılması istiqamətində təsirli addımların atılması və müvafiq  kadr dəyişikliklərinin aparılması tövsiyə edilib.

Azərbaycan Respublikasının   Əmək Məcəlləsinin 11-ci maddəsinin  1-ci hissəsinin “b” bəndini rəhbər tutaraq  və yuxarıda göstərilənlərə, həmçinin səlahiyyətli komissiyanın  yekun rəyinə, professor-müəllim heyətinin müraciətinə, Elmi Şura  üzvlərinin müraciətlərinə, Tədris işləri üzrə prorektor və Tədris  şöbəsinin müdirinin təqdimatına, əmək müqaviləsinə xitam verilməsi barədə  HİK-in razılığına, davamiyyət jurnallarından çıxarışlara, tələbələrin rektora təkrar  müraciətlərinə əsaslanaraq universitetin rektoru akademik Kamal Abdulla Vüsalə Ağabəylinin 0.5  ştat üzrə baş müəllim vəzifəsində saxlanılmaqla dekan vəzifəsindən azad olunması haqqında əmr imzalayıb.

V. Ağabəyli əmək  funksiyasını, əmək müqaviləsi və vəzifə təlimatı ilə  müəyyən edilmiş öhdəliklərini yerinə yetirməyib, həmçinin əmək fəaliyyəti  zamanı yol verdiyi kobud səhvləri nəticəsində pedaqoji müəllim heyətinin və tələbə kollektivinin  qanuni mənafeyinə ciddi xələl gətirib, eləcə də Azərbaycan Dillər Universitetininin nüfuzuna ziyan vurub.

Bütün bunları nəzərə alaraq bildirmək istəyirik ki, Vüsalə Ağabəylinin mətbuatda səsləndirdiyi ittihamları heç bir məntiqə söykənmir, şər və böhtandan başqa bir şey deyil.

Jurnalistləri bu cür məsələlərə həssas yanaşmağa, peşə kodeksinə hörmətlə yanaşaraq qarşı tərəfin mövqeyini öyrənməyə çağırır, həqiqəti öyrənmək istəyində olan həmkarlarımızı universitetə dəvət edirik.

https://paralel.az/article/az/91807

SHARE