Ağdam məktəbində ADU-nun tanıdılması istiqamətində tədbir keçirilib

48

Martın 13-də  Mingəçevir şəhərində yerləşən Ağdam rayon 47 saylı köçkün tam orta məktəbində Azərbaycan Dillər Universitetinin (ADU)  tanıdılması istiqamətində tədbir keçirilib. Tədbirdə ADU-nun müəllim və təcrübəçi tələbələri, məktəbin müəllimləri, şagirdləri iştirak ediblər.

ADU-nun Təlimdə innovasiyalar kafedrasının baş müəllimi, metodist Mirsadiq Cəfərov çıxış edərək ADU-nun rəhbərliyi, onun strukturu və tədris olunan dillər haqqında məlumat verib. Ardınca həmin məktəbdə təcrübə keçən tələbələrimiz universitetimizin respublikamızda aparıcı ali təhsil müəssisəsi olması, eyni zamanda universitetdə təhsil almış və hal-hazırda ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda çalışan məşhur insanlar barədə məlumat veriblər.

Daha sonra məktəbin müəllimləri və şagirdləri ADU-nun qabaqcıl universitet olmasını, həmin universitetə akademik Kamal Abdullanın rəhbərlik etməsini və onun yeni-yeni layihələrə imza atmasından xəbərdar olduqlarını bildiriblər. Şagirdlərin bir-neçəsi isə gələcək illərdə məhz bu universiteti seçərək oraya qəbul olacaqlarını tədbir iştirakçılarının nəzərinə çatdırıblar.

Sonda məktəbə universitet tərəfindən nəfis tərtibatda çap olunan, universitetin fəaliyyətini əks etdirən fotolar və yazılarla zəngin olan kitab bağışlanılıb.

 

SHARE