ADU YAP ilk ərazi təşkilatının İdarə Heyətinin iclası keçirilib

117

Aprelin 11-də Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyası (YAP) ilk ərazi təşkilatının İdarə Heyətinin iclası keçirilib. İclas ulu öndər Heydər Əliyevin 96-cı ildönümü ilə bağlı universitetin keçirəcəyi “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı beynəlxalq konfransda ADU YAP İlk ərazi təşkilatının iştirakına həsr olunub.

Öncə YAP İlk Ərazi təşkilatının sədri Sərraf Hüseynov iclasın gündəliyində olan məsələləri partiya üzvlərinin diqqətinə çatdırıb. O, iclasın bu günə təsadüf etməsini sevindirici bir hal kimi qiymətləndirib: “Məhz 11 aprel 2018-ci il tarixində ölkəmizdə prezident seçkiləri keçirildi və cənab İlham Əliyev böyük səs üstünlüyü ilə öz rəqiblərinə qalib gəldi. Digər sevindirici bir hal ondan ibarətdir ki, Fransanın “OpinionWay” Tədqiqat İnstitutu Naxçıvan istisna olmaqla ölkə ərazisində rəy sorğusu keçirib. 85.1%-dan artıq respondentlərin rəy sorğusu müsbət olub və onlar ölkə başçısının yürütdüyü siyasəti dəstəkləyiblər. Bu da İlham Əliyevin siyasətinin doğru, düzgün, birbaşa sosial və xalq yönümlü olmasının əyani göstəricisidir”. S.Hüseynov ADU-nun rektoru akademik Kamal Abdullanın təşəbbüsü ilə ötən il ulu öndərin 95 illiyinə həsr olunmuş genişmiqyaslı konfransın keçirildiyini və bu konfransın həm ölkə daxilində, həm ölkə xaricində rezonans doğurduğunu qeyd edib. O, rektorun təşəbbüsü ilə bu ilki konfransın da eyni formatda olacağını və ADU tələbələrinin praktikada olduğu bölgələrdə – məcburi köçkün məktəblərində, Bakı şəhər məktəblərində və Nardaran məktəblərində həyata keçiriləcəyini deyib.

ADU-nun rektoru akademik Kamal Abdulla çıxışında iclasın çox ciddi məsələ ilə bağlı olduğunu bildirib. Rektor 7 köçkün məktəbində fəaliyyətin qurulduğunu söyləyib: “Həmin məktəblərdə bizim müəyyən ideoloji konseptual bazamız var. O bazadan istifadə etməliyik və ulu öndər Heydər Əliyevin anadan olması günü məktəblərlə əlaqənin daha da dərinləşməsi üçün çox ciddi bir vəsilə olacaqdır”. Akademik Kamal Abdulla konfransın ötən il YAP ilə birgə keçirildiyini diqqətə çatdırıb. O, Nəsimi rayon YAP təşkilatının üzvlərinin də məktəbə getməsini, müəyyən məktəblərə yardımların edilməsinin çox yaxşı bir fikir olduğunu sözlərinə əlavə edib: “Arzu edirəm ki, universitetin bu istiqamətdə olan fəaliyyətinə xüsusilə gənclər qoşulsunlar. Bu əslində bir fərasətin, cəsarətin, qabiliyyətin, istedadın göstərildiyi bir müstəvidir, məkandır. Bu təşəbbüsü alqışlayıram və güman edirəm ki, bu bizim ulu öndərimizin qarşısında olan böyük borcumuzun çox kiçik bir hissəsidir ki, onu həyata keçirəcəyik”.

ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Tamam Cəfərova Prezident İlham Əliyevin son 1 ildə fəaliyyətinə toxunub və 2003-cü ilin seçkilərini xatırladığını söyləyib: “O zaman seçkilərdə İlham Əliyev demişdir ki, mən hər bir vətəndaşın prezidenti olacağam. Bu günkü gün onu göstərir ki, cənab Prezident doğurdan da hər bir kəsin Prezidenti oldu”. Son 1 ildə ölkədə aparılan geniş sosial-iqtisadi islahatlardan danışan Tamam Cəfərova Fransanın “OpinionWay” Tədqiqat İnstitutunun apardığı rəyin nəticəsinin də çox böyük məna kəsb etdiyini vurğulayıb: “Bizim xalqımız Prezidentə verdiyi səsin arxasında durdu və bir daha səs verdi. Xalqımız öz Prezidentinə inandığını göstərdi. Zənnimcə bu həm də güclü dövlətin yeni modelini göstərdi – güclü prezident və güclü xalq. Bu gün hər bir azərbaycanlı Prezidenti öz yanında, öz evində, çətin vaxtında öz dəstəyi kimi hiss edir”.

Sonra ulu öndər Heydər Əliyevin 96-cı ildönümü ilə bağlı ADU YAP ilk ərazi təşkilatının keçirəcəyi tədbirlər planı açıqlanıb, cari məsələlər, o cümlədən partiya üzvü Nigar Zeynalovanın təşəbbüsü ilə ADU tələbələrinin praktikada olduğu Bakı şəhəri və rayonlarda yerləşən məktəblərdə, Cocuq-Mərcanlıda şagirdlər üçün təlimlərin keçirilməsi kimi məsələlər müzakirə olunub və təkliflər səsləndirilib.

Sonda ADU YAP ilk ərazi təşkilatı Gənclər Birliyinin üzvlərinə diplomlar təqdim olunub, partiya üzvlüyünə yeni namizədlərin sənədlərinə baxılıb.

SHARE