Azərbaycan Dillər Universiteti

Elm Departamenti ADU-nun Elmi Şurasının 11 sentyabr 2017-ci il tarixli iclasında qəbul olunan qərara əsasən Azərbaycan Dillər Universitetində tədris prosesini, müxtəlif ixtisaslar üzrə mütəxəssis hazırlığı səviyyəsini daha da artırmaq məqsədilə yaradılıb.

Elm Departamentinin tərkibinə aşağıdakı şöbələr daxildir:

  • Elmi tədqiqatlar və nəşrlər şöbəsi
  • Elmi əməkdaşlıq şöbəsi

Elmi tədqiqatlar və nəşrlər şöbəsi Azərbaycan Dillər Universitetinin  Elmi şurasının  15.09.2017-ci il tarixli iclasının qərarı (protokol №1/355) və Universitetin  rektorunun  14.09.2017-ci il tarixli, 124 saylı əmri ilə yaradılmış  struktur bölməsidir.

Şöbə Universitetdə elmi, elmi-metodik işlərin planlaşdırılması, yerinə yetirilməsi, eləcə də Universitetin professor-müəllim  heyətinin elmi araşdırmalarının nəticələrinin, keçirilmiş elmi konfrans və simpoziumların  materiallarının nəşrə hazırlanması, əldə olunmuş  elmi-metodik nəticələrin praktikada tətbiqinin təşkili və bu sahəyə nəzarət funksiyasını həyata keçirir.                                                    

Şöbə öz fəaliyyətini Universitetin fakültələri, kafedraları,  ETL-ləri, mərkəzləri və digər struktur bölmələri ilə əlaqəli şəkildə qurur.

Şöbə Azərbaycan Respublikasının qanunvericiliyinə, Azərbaycan Dillər Universitetinin nizamnaməsinə, Elmi şuranın qərarlarına, rektorun əmrlərinə və öz əsasnaməsinə uyğun olaraq fəaliyyət göstərir.

Şöbə aşağıdakı vəzifələri yerinə yetirir:

Kafedralarda və ETL-lərdə elmi tədqiqat və elmi-metodik işlərin yerinə yetirilməsi və praktikada tətbiqini təşkil və ona nəzarət etmək;

 Kafedralarda və ETL-də elmi tədqiqat  və  elmi-metodik işlərin planlaşdırılması və hazır işlərin müzakirəsində iştirak etmək;

 Yerinə yetirilmiş elmi tədqiqat və elmi-metodik işlərin ekspertizasını təşkil etmək;

 Elmi tədqiqat və elmi-metodik işlərin yerinə yetirilməsinə dair kafedraların və ETL-lərin hesabatlarını öyrənmək və yekun hesabatlar  hazırlamaq;

 Hər növbəti il üçün kafedra və ETL-lərin elmi tədqiqat və elmi-metodik işlərinin  planlarını toplamaq  və onların ekspertizasını təşkil etmək, ümumuniversitet elmi tədqiqatlar planı işləyib hazirlamaq və təsdiq üçün Elmi şuraya təqdim etmək;

 Universitet əməkdaşlarının nəşr olunmuş əsərlərinin qeydiyyatını aparmaq;

 Doktorant, dissertant və magistrantlar üçün elmi, elmi-metodik seminar və məruzələr təşkil etmək;

Kafedralarda dissertasiyaların, elmi işlərin müzakirəsində iştirak etmək;

Müzakirə və müdafiəyə təqdim olunan dissertasiyaların, o cümlədən başqa elm və təhsil müəssisələrindən daxil olan dissertasiyaların ekspertizasını təşkil etmək;

Doktorant, dissertant və magistrantlar üçün mövzu bankının yaradılmasını təşkil etmək və bu bankla bağlı rəy hazırlamaq;

Universitetdə yerinə yetirilmiş elmi və elmi-metodik  işlərin yekunu  ilə bağlı illik hesabat konfransları keçirmək;

Tələbə elmi cəmiyyətinin (TEC) fəaliyyətinin  təşkilində iştirak etmək;

TEC xətti ilə keçirilən konfrans və seminarların işində iştirak etmək;

TEC-in üzvləri üçün elmi tədqiqat işlərinin aparılması ilə bağlı metodik məsləhət saatları təşkil etmək.

 

Elmi tədqiqatlar və nəşrlər şöbəsinin müdiri, fil.e.d.

Zərbəliyev Həbib Məmməd oğlu

Ünvan: Bakı şəhəri, R. Behbudov küç., 134,

ADU-nun əsas tədris  binası, 302-ci otaq

Tel: (+99412) 441 22 78/79 (daxili 137)

E-mail: h.zerbeliyev@adu.edu.az

Elmi əməkdaşlıq şöbəsi ADU-nun Elmi Şurasının qərarı ilə Azərbaycan Dillər Universitetində tədris prosesinin müxtəlif  ixtisaslar üzrə mütəxəssis hazırlığı səviyyəsini daha da artırmaq məqsədilə yaradılmışdır. Şöbə 12.09.2017- ci il tarixindən fəaliyyətə başlamışdır.

Şöbə   universitetin digər universitetlərlə, o cümlədən xarici təhsil və elm mərkəzləri ilə elmi əlaqələrini yaradır, bu sahədə əməkdaşlığın intensiv və səmərəli olması üçün zəruri işlər görür, digər universitetlərlə bağladığı müqavilələr çərçivəsində elmi əməkdaşlıq proqramları, müxtəlif layihələri hazırlayır və onların həyata keçirilməsini təmin edir. Bununla yanaşı, universitet əməkdaşlarının respublika və beynəlxalq səviyyəli konfranslarda, simpoziumlarda, seminarlarda, diskussiyalarda, təqdimatlarda və.s. iştirakını təmin edir, analoji konfransların keçirilməsi ilə bağlı təşəbbüslər irəli sürür, bu qəbildən olan tədbirlərin təşkilində iştirak edir.

          Elmi əməkdaşlıq şöbəsi Universitetin digər təhsil və elm mərkəzləri ilə birgə, eləcə də onların iştirakı ilə keçirdiyi elmi toplantıların materialları toplusunda birgə nəşrlərdə və başqa formalarda nəşr ediləcək materialları öyrənir, zəruri hallarda onların dəyərləndirilməsi (kənar rəy, antiplagiat yoxlaması və.s.) istiqamətində lazımı addımlar atır.

          Şöbə Universitetimizin əməkdaşlarının və doktorantların elmi əsərlərinin və məqalələlərinin xarici jurnallarda nəşr olunmasına köməklik göstərir. Elmi əməkdaşlıq şöbəsi Universitetin tələbə özünü idarəetmə, ictimai təşkilatları, o cümlədən Tələbə Elmi Cəmiyyəti ilə müvafiq istiqamətlər üzrə əməkdaşlıq edir.

 

 

Elmi əməkdaşlıq şöbəsinin müdiri ped. f.d.

İmanova Sevda Rafiq qızı

Ünvan: Bakı ş., R. Behbudov küç. 134,

ADU-nun əsas tədris binası, 302-ci otaq

Tel: (+994 12) 441 22 78/79 (daxili 257)

E-mail:  sci.coop@adu.edu.az

Sovetlər İttifaqı dağıldıqdan sonra Respublikamızda ilk dəfə olaraq 1998-ci ildə APXDİ-də (indiki ADU-da) TEC yarandı.

 İlkin vaxtlar TEC-in illik konfransında 80-100 tələbə iştirak etmişdir. ADU-nun tələbələri uzun illər Respublika  olimpiada və konfranslarında ən yüksək yerləri tutmuşlar.

Tələbələrimiz TEC-in xətti ilə təkcə Respublikamızda deyil, xarici ölkələrdə    keçirilən konfranslarda da müntəzəm olaraq iştirak etmişlər.

Bu  ölkələrin sırasında Almaniya, Rusiya, Gürcüstan, Malaziya, İspaniya, Çexiya, Türkiyə və digərlərinin adlarını çəkmək olar.

ADU-nun TEC-nin fəaliyyəti respublikadakı digər Universitetlər arasında artıq nümunə kimi qəbul edilir. Hər il TEC-in illik konfransı keçirilir.

Qeyd etmək lazımdır ki, Tələbə Elmi Cəmiyyətinin fəaliyyətində lazım olan bütün maddi təlabatlar (proqramın buraxılışı, tezislər kitabının nəşri, diplomlar  və  bütün vəsait tələb edən digər tədbirlər) universitetin rəhbərliyi tərəfindən həyata keçirilir.

Xarici ölkələrdə keçirilən konfranslarda iştirak edən tələbələrin xərcləri də Universitetin rəhbərliyi tərəfindən təmin olunur.

Azərbaycan Dillər Universitetinin Tələbə Elmi Cəmiyyəti (bundan sonra – TEC) elmi tədqiqat və elmi-təşkilati işlərində fəal iştirak edən ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin könüllü ictimai təşkilatıdır.

TEC universitet rəhbərliyinə tabedir və Elmi Şura qarşısında hesabat verir.

TEC öz fəaliyyətində elm və təhsil sahəsində müvafiq normativ-hüquqi aktları, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, “Ali təhsil müəssisəsində təhsilalanların elmi tədqiqat işinin təşkili haqqında Əsasnamə”ni, Azərbaycan Dillər Universitetinin Nizamnaməsini və Tələbə Elmi Cəmiyyəti haqqında Nümunəvi Əsasnaməni rəhbər tutur. 

TEC-in əsas məqsədi ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması və təhsilalanların elmi tədqiqat fəaliyyətinin yeni sosial-iqtisadi şəraitə uyğunlaşdırılmasında universitetin işinə kömək etməkdən ibarətdir.

  • TEC-in vəzifələrinə daxildir:
  1. tələbələrin elmi tədqiqat fəaliyyətinə cəlb edilməsi və bu fəaliyyətin təşkil olunması;
  2. elm, təhsil və təcrübənin vəhdəti prinsipinə əsaslanaraq tələbələr arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, həmin formalara və fundamental tədqiqatların aparılmasına gənclərin marağının artırılmasına köməklik göstərilməsi;
  3. tələbələrdə tədqiqatçılıq fəaliyyətinə və elmi metodların öyrənilməsinə motivasiyanın yaradılması, tədris materiallarının dərindən və yaradıcı şəkildə mənimsənilməsinə köməklik göstərilməsi;
  4. tədqiqatçılıq fəaliyyətinin köməyi ilə tələbələrdə seçilən peşəyə yaradıcı münasibətin formalaşdırılması;
  5. tələbələrə elmi-texniki və iqtisadi məsələlərin müstəqil həlli yollarının üsul və vasitələrinin öyrədilməsi;
  6. istedadlı gənclərin məqsədyönlü şəkildə elmi tədqiqat və elmi-təşkilati işinə, yüksək texnologiyaların mənimsənilməsinə cəlb edilməsi;
  7. elmi və elmi-pedoqoji kadr hazırlığı sistemi üçün perspektivli gənclərin seçilməsi və onların tədqiqatçılıq fəaliyyətinə hazırlanması;
  8. digər ali təhsil müəssisələrinin TEC-ləri ilə əməkdaşlığın həyata keçirilməsi, tələbə elmi tədqiqat işinin təşkilinə dair mütərəqqi müasir forma və metodların tələbələrin elmi tədqiqat işinə  tətbiq edilməsi;
  9. müxtəlif səviyyəli tədbirlərin – elmi seminar və konfranslar, tələbə elmi işlərinə, habelə kurs, buraxılış, dissertasiya işlərinə baxış müsabiqələri, müxtəlif ixtisas və fənlər üzrə olimpiadalar, diskussiya klubları, simpoziumlar, tanınmış alimlərin seminar və mühazirələrinin dinlənilməsi və s. tədbirlərin təşkili və keçirilməsində tələbələrin iştirakının təmin edilməsi;
  10. tələbələrin elmi tədqiqat işlərinin nəşrə hazırlanması;
  11. innovasiya biznesi və sahibkarlıq vərdişlərinin formalaşması məqsədilə tələbələrin innovasiya fəaliyyətinə cəlb edilməsinə köməklik göstərilməsi;
  12. tələbələrin elmi mərkəzlər, texnoparklar, ideya inkubatoru və s. müəssisələrdə aparılan işlərə (o cümlədən ödənişli) cəlb edilməsi;
  13. universitet və universitetdənkənar elmi tədbirlər haqqında məlumatların toplanılması, yayılması və universitetin internet səhifəsində yerləşdirilməsinin təşkil edilməsi və s.

TEC-in Tərkibi

   TEC-in   sədri:  Muğalova  Lamiə Tahir qızı 

   TEC-in  sədr  müavini :  Dərgahlı Nicat Davud oğlu

   TEC-in katibi: Ələsgərova Aybəniz  Hacı qızı

   Tələbə Elmi Cəmiyyətinin şura üzvləri

   TEC-in fakültələr üzrə sədrləri

 

Ünvan: Bakı şəh., Rəşid Behbudov küç. 134,

ADU-nun  əsas tədris binası, 406-cı otaq

Tel: (+99412) 441 31 82

E-mail: tec@adu.edu.az

Facebook/Tələbə Elmi Cəmiyyəti-ADU

Azərbaycan Dillər Universitetində aşağıdakı jurnallar çap olunur:

  1. “ADU-nun Elmi Xəbərləri” (əvvəlki adı “Elmi Xəbərlər”),
  2. “Dil və ədəbiyyat”,
  3. “Beynəlxalq münasibətlərin aktual problemləri”.

“ADU-nun Elmi Xəbərləri”ndə filologiya, pedaqogika və psixologiya, üzrə elmi məqalələr dərc edilir.

“Dil və ədəbiyyat” jurnalında filologiya və pedaqogika, “Beynəlxalq münasibətlərin aktual problemləri” jurnalında isə beynəlxalq münasibətlər, tarix, beynəlxalq iqtisadi münasibətlər, iqtisadiyyat, fəlsəfə, hüquq və mədəniyyətşünaslıq üzrə elmi məqalələr dərc edilir.

Hörmətli müəlliflər!

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən “ADU-nun Elmi Xəbərləri” dövri jurnalının redaksiya heyəti universitetin rektoru akad.K.M.Abdullayevin 09.01.2018-ci il tarixli 02 №-li əmrinə əsasən aşağıdakı tərkibdə təsdiq edilmişdir:

1.Abdullayev Kamal (baş redaktor)

2.Sabitova Aynur (baş redaktorun müavini)

3.Şabanova Aysel (məsul katib)

4.Əhmədova Solmaz (korrektor)

5.Abdullayev Əfqan (Azərbaycan)

6.Abdiyeva Ədilə (Azərbaycan)

7.Alıyev Ceyhun (Azərbaycan)

8.Bondarev Aleksandr (Rusiya)

9.Cəfərov Amil (Azərbaycan)

10.Əliyeva Sevdagül (Azərbaycan)

11.Əliyev Məmməd (Azərbaycan)

12.Hartmann Ziqlende (Almaniya)

13.Hüseynzadə Gülnar (Azərbaycan)

14.İmanov Muxtar (Azərbaycan)

15.İsmayılov Bilal (Azərbaycan)

16.Kunina İrina (Azərbaycan)

17.Qotsiridze David (Gürcüstan)

18.Nesterov Aleksandr (Rusiya)

19.Sertkaya Osman (Türkiyə)

20.Veysəlli Fəxrəddin (Azərbaycan)

21.Zeynalova Nigar (Azərbaycan)

22.Zeynalov Əsgər (Azərbaycan)

“ADU-nun Elmi Xəbərləri” jurnalı sizi dilşünaslıq, ədəbiyyatşünaslıq, pedaqogika, psixologiya və digər sosial elmlər üzrə məqalələr dərc etməyə dəvət edir. Jurnalın  ildə 4 nöm­rə­si nömrəsi nəşr olunur. Məqalələr üç (3) dildə – Azərbaycan, rus, ingilis dillərində qəbul edilir. “ADU-nun Elmi Xəbərləri” jurnalında yalnız elmi yeniliyi, originallığı ilə seçilən məqalələr dərc olunacaqdır . Məqalələrin çapı PULSUZDUR.

 

Elmi məqalələrə qoyulan tələblər

Məqalələr aşağıdakı şərtlərlə qəbul edilir:

* Məqalənin həcmi 6 səhifədən az olmamalıdır.

* Məqalələrdə müəllif(lər)in adı, soyadı, işlədiyi müəssisə və onun ünvanı, müəllifin elektron poçt ünvanı göstərilməlidir.

* Məqalələr Microsof Word formatında (sətirlərarası interval − 1,5, şrift ölçüsü − 14, Times New Roman, səhifənin ölçüləri: sağdan 2 sm, soldan 3 sm, aşağı və yuxarıdan 2 sm) təqdim edilməlidir.

* Məqalədə UOT indekslər və ya PACS tipli kodlar və açar sözlər üç dildə (3-5 söz, məqalənin və xülasələrin yazıldığı dildə), başlıqdan sonra qara hərflərlə qeyd olunmalıdır.

* Məqalələrdə istinad və mənbələrin göstərilməsi vacibdir. İstinad və mənbələr aşağıdakı qaydada göstərilir:

  1. Məqalənin sonunda verilən ədəbiyyatın siyahısı əlifba ardıcıllığı ilə, yaxud istinad olunan ədəbiyyatların mətndə işləndiyi ardıcıllıqla tərtib olunmalıdır.
  2. İstinad olunmuş ədəbiyyatın nömrəsi və səhifəsi mətnin daxilində göstərilir (Məsələn: [1] və ya [1, s.119].)
  3. Eyni ədəbiyyata mətndə başqa bir yerdə təkrar istinad olunarsa, o halda istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir.
  4. İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə göstərilir. Son 5-10 ildə çap olunmuş əsərlərə üstünlük verilməsi tövsiyə olunur.

Ədəbiyyat:

Kitablar: müəllif, nəşrin adı, nəşr olunduğu yer, nəşr olunduğu il.

Məsələn: Abbasov E.Ə. Mətnin linqvistik təhlili. Bakı: Elm və təhsil, 2017.

Jurnal və ya məcmuələrdə dərc olunmuş məqalələr:

Müəllif, məqalənin adı, çap olunduğu nəşrin adı, nəşrin №-si, çap olunma tarixi, çap olunduğu səhifələr.

Məsələn: İsmayıllı Q.H. İngilis dilində suppletivlik // Filologiya məsələləri. 2016, №1, s.47-56.

Stampe D. Cardinal Number Systems // Papers from the 12th Regional Meeting. Chicago linguistic society, 1976, p.594-609.

* Məqalənin sonunda onun yazıldığı dildən başqa iki dildə xülasələr verilməlidir. Xülasələr bir-birinin eyni və məqalənin məzmununa uyğun olmalıdır. Hər bir xülasədə məqalənin adı tam göstərilməlidir.

* Məqalələrə bu sahə üzrə elmi dərəcəsi olan mütəxəssisin  rəyi və müvafiq kafedranın iclasının protokolundan çıxarış təqdim olunması zəruridir (yalnız Azərbaycandan olan müəlliflər üçün).

* Jurnalın ildə dörd (4) nömrəsi nəşr olunur.

Məqalələr ADU-nun əsas korpusunda  otaq 302-də qəbul edilir. Məqalə çapı ilə bağlı suallarınızı bizə ünvanlaya bilərsiniz.

 

Ünvan: Bakı şəh, Rəşid Behbudov küç 134,

ADU-nun əsas tədris binası, 302-ci otaq

Tel: +99412 441 22 78/79 (daxili 257)

E-mail: aduelmixeberler@gmail.com