Azərbaycan Dillər Universiteti

Kitabxana şöbəsi

Kitabxana 1948-ci ildən APİ-nin kitabxanasından köçürülmüş 7000-ə qədər kitab və 4 nəfər işçi ilə fəaliyyətə başlamışdır. İlk illərdə kitab fondu Kitabxana Kollektoru vasitəsilə komplektləşdirilməklə yanaşı bağışlamalar yolu ilə də zənginləşdirilmişdi. Məsələn, 1952-ci ildə Dövlət Arxitektura İdarəsi institutun kitabxanasına 499 nüsxə kitab hədiyyə etmişdi. Həmin illərdə tələbələrin dərsliyə olan ehtiyacı əsasən ödənilirdi.

 1951-ci ildə kitabxanadan 806 nəfər, 1952-ci ildə 936 nəfər, 1953-cü ildə isə 880 nəfər oxucu istifadə etmişdir. Xidmət işini yaxşılaşdırmaq məqsədilə kabinetlərdə məlumat ədəbiyyatından ibarət kiçik fondlar yaradıldı və bu fondlara ən çox istifadə olunan nüsxələr və dövri mətbuat qoyuldu. İnstitutun əsas binasında, eləcə də Balaxanı qəsəbəsindəki 38 nömrəli yataqxanada səyyar kitabxana təşkil etməklə tələbələrin kitabla daha yaxşı təmin edilməsinə nail olundu

1959-cu ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutu ilə birləşdiyi üçün iki institutun kitabxanası da birləşdirilərək M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun kitabxanası kimi indiki R.Behbudov, 134  ünvanında fəaliyyət göstərməyə başladı.

1973-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə institutlar ayrılaraq müstəqil ali məktəblərə çevrildikdən sonra kitabxanadakı kitablar iki yerə bölünərək hər institutun kitab fondunun əsasını təşkil etdi. SSRİ-nin 50 illiyi adını daşıyan APXD-nin kitabxanasında əsasən xarici dillərdə olan kitablar, o cümlədən tədris proqramına müvafiq olaraq Azərbaycan və rus dillərində dərslik, dərs vəsaiti, elmi, ictimai-siyasi və bədii ədəbiyyat saxlanıldı.

2000-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət  Dillər İnstitutunun profili  genişləndirilməklə  Azərbaycan Dillər Universiteti yaradıldı. Yeni təşəbbüs  kitabxananın yeni modelini yaratmaq məqsədilə ilkin addım kimi universitetin Təbriz küçəsindəki yeni binasında kitabxana üçün kifayət qədər yer ayrıldı və 2007-ci ildən başlayaraq kitabxana fondunun böyük əksəriyyəti geniş, işıqlı, təmiz və quru zallara köçürüldü. Binanın birinci mərtəbəsində müəllim, aspirant, magistr və tələbələr üçün yeni texnologiyalarla təchiz edilmiş, Avropa standartlarına tam cavab verə biləcək 2 oxu zalı, biblioqrafiya-informasiya xidmətləri şöbəsi, xidmət şöbəsi və onun kitab fondu böyük zala yerləşdirildi. Kitabxananın maddi-texniki bazası gücləndirildi, ən müasir texniki avadanlıqlar alınmasına xüsusi diqqət verildi.

Hazırda kitabxanadakı  rəqəmsallaşma  prosesi üzərində ciddi iş aparılır .Bununla yanaşı universitet müəllimlərinin elmi əsərlərindən ibarət tam mətnli məlumat bazalarının yaradılması sahəsində də iş aparılır.

Hazırda universitetimizdə hər bir ali məktəbin arzu edə biləcəyi geniş kitabxana şəbəkəsi yaranmışdır. Artıq yeddi ilə yaxındır ki, fəaliyyət göstərən Alman mənbə mərkəzinin, Avstriyanın mədəniyyət və iqtisadi məsələlər üzrə mərkəzinin oxu zalları, Fransa, Norveç, ABŞ, İtaliya, Yaxın Şərq və İsrail, Koreya, İndoneziya, Yaponiya, Hindistan və b. ölkələrin mənbə mərkəzlərinin kitabxanalarından universitetimizin professor-müəllim heyəti və tələbələri ilə yanaşı kənar şəxslər də istifadə edə bilir.

Prezident cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan kitablarla pulsuz komplektləşdirilir. İndiyə qədər kitabxanamız bu yolla 7 000 nüsxədən çox Azərbaycan və dünya yazıçılarının əsərlərini, folklor nümunələrini hədiyyə kimi almışdır.

Kitabxana oxuculara hərtərəfli xidmət etmək məqsədilə elmi fəaliyyətlə də məşğuldur. 2005-ci ildən başlayaraq respublika ali məktəbləri arasında ilk dəfə universitetimizdə işləyən əməkdaşların xaricdə və ölkəmizdə nəşr olunmuş əsərlərinin “Biblioqrafiya”sı hər il kitab şəklində çap edilir. Bundan əlavə, 1948-ci ildən 2010-cu ilə qədər Azərbaycan Dillər Universitetində işləmiş bütün əməkdaşların nəşr olunmuş əsərləri haqqında Azərbaycan və rus dillərində 2 cilddən ibarət Biblioqrafik göstərici çap olunmuşdur.

Kitabxana illər boyunca formalaşaraq  Azərbaycanda, çoxdilli, dərslik və digər materiallara görə ən  böyük universitet kitabxanasıdır.

Kitabxananın əsas və mühüm məqsədlərindən biri tədris prosesinə informasiya dəstəyi göstərməkdən ibarətdir və bu proses üç istiqmətdə həyata keçiriləcək:

  • birinci istiqamətdə, təlim-metodik vəsaitlərin tərkibinə daxil olan dərs vəsaitləri və dərsə aid elektron resursların kataloqlaşdırılması və tələbələrin istifadəsinə verilməsi nəzərdə tutulur;
  • ikinci istiqamətdə ADU-nun professor-müəllim heyətinin elmi-tədqiqat işlərinin, eləcə də dərslik və dərs materiallarının universitetimizə məxsus ünvanlı DSpace elektron arxivdə yerləşdirilməsi və açıq girişlə istifadəçilərin ixtiyarına verilməsi reallaşdırılacaq;
  • üçüncü istiqamətdə isə təlim-tədris prosesində məlumat bazaları və qabaqcıl nəşriyyat evləri vebsaytlarında yerləşdirilən elektron resurslardan geniş istifadə olunmasına imkan yaradılması

ADU-nun  kitabxanası tələbələrə bir çox tədris materialları  yanaşı həmçinin lazımı məlumatın əldə olunmasına yardım edəcək mütəxəssis məsləhətləri təklif edir.

Kitabxananın məqsədi oxucuların sərbəst surətdə informasiya almaq hüququnu təmin etmək, onların kitablara, dövri nəşrlərə və kitabxana fondunu təşkil edən digər sənədlərə olan tələbatını ödəmək məqsədilə maariflənməni dəstəkləmək, universitetin informasiya ehtiyaclarını qarşılamaq kitabxanada toplanıb saxlanılan informasiya vasitələrinin mübadiləsinə imkan verən vahid informasiya sisteminin yaradılması məkanının liderliyini saxlamaqdan ibarətdir.

Kitabxananın strategiyası məqsədlərimizi həyata keçirtmək üçün universitet çərçivəsində və xaricində əməkdaşlıq yaratmaq, kitabxana daxilində yenilik mədəniyyəti tətbiq etmək və xidməti hədəflərimiz, peşəkar inkişafa dair öhdəliyi artırmaqdır.

Kitabxana xidmətlərini, resurslarını universitet birliyi daxilində  milli və dünya mədəniyyəti sərvətlərinə yiyələnməyə yönəldilən informasiya sisteminin yaradılması ilə yanaşı xaricdə tanıtmaq, əlaqələr yaratmaqla genişləndirir.

İctimai və beynəlxalq əlaqələr  ilə tədqiqat, tədris və təlim üçün kolleksiyalarla fiziki və rəqəmsal istifadə imkanlarını genişləndirmək üçün əməkdaşlıq edir.

Təhsil və tədqiqat, eyni zamanda sosial-intellektual əlaqələr üçün münasib görüş yeri kimi kitabxana imkanlarını genişləndirir.

  1. Xidmət Şöbəsi

Oxucuların müxtəlif sorğularını tez və dolğun ödəməyə çalışır, çap əsərlərindən səmərəli istifadə etməyə kömək edir, fondun qorunmasını həyata keçirir. Bununla yanaşı oxucuların kitabxanaya yazılışını təşkil edir, oxucu qrupları üzrə xidməti həyata keçirir. Fondların komplektləşdirilməsində iştirak edir və bu ədəbiyyata dair oxucu sorğularını yerinə yetirir: Mərhələlı şəkildə bütün fondun qeydiyyatı, oxucuların məlumat bazasının yaradılması, elektron kitab verilişi kimi mühüm proseslər işlənilir

  1. Texniki xidmətlər şöbəsi

Elektron komplektləşdirmə, elektron kataloqlaşdırma, elektron tam mətnli məlumat bazaları yazmaqla şöbədə işin avtomatlaşdırılması və kitabxana fondlarının tədricən müasir informasiya daşıyıcılarına köçürülməsi, elektron mübadilə sistemlərindən (internetdən və s.) istifadə və milli fondların həmin sistemlərdə əks olunması mərhələləri 2006-cı ildən İRBİS-64 sistemi əsasında aparılır.Tədris prossesini ədəbiyyat ilə təmin etmək kimi öz ənənəvi funksiyasından savayı yerli və eyni zamanda dünya resurslarına operativ giriş imkanı ilə təmin edən informasiya mərkəzi rolunda çıxış edir.

Tədqiqat və təlimat xidmətləri zalı

Elektron‐informasiya xidmətləri  universitet, respublika, beynəlxalq informasiya şəbəkəsinə informasiya resurslarına girişi təmin edərək oxuculara daha effektiv xidməti həyata keçirməyə imkanını  verir. Kitabxana və kitabxana istifadəçiləri arasında məlumat mübadiləsinin artırılması istiqamətində fəallıq, informasiya üçün yeni format və çatdırılma seçimlərini araşdırıb və inkişaf etdiririlir.

Oxu zalı

Zalda ensiklopediyalar, lüğətlər, məlumat sorğu kitabları, dərsliklər və s.ədəbiyyat növləri açıq rəf üsulu ilə yerləşdirilmişdir. Eyni zamanda yeni alınmış ədəbiyyat, eləcə də əlamətdar və tarixi günlərə dair kitab və dövri mətbuat sərgiləri təşkil edilir.Oxucunun İnformasiya mənbələrindən  istifadəsinə kömək göstərmək, bələdçilik etmək, kitabxana texnologiyaları və koleksiyaları  haqda hər bir istənilən anda təlimat verillr

Elektron‐informasiya xidmətləri  universitet, respublika, beynəlxalq informasiya şəbəkəsinə informasiya resurslarına girişi təmin edərək oxuculara daha effektiv xidməti həyata keçirməyə imkan verir. Elektron xidmətinin inkişaf etdirilməsinin zəruriliyi müasir kitabxanada baş verən dəyişikliklərlə əlaqələndirərək ehtiyac duyulan mövzular üzrə xüsusi arayışlarla da xidmət həyata keçirilir.

 

Əlaqə

Tel: (+99412) 564-06-82

E-mail: [email protected]

Elektron kitabxana