Azərbaycan Dillər Universiteti

Maliyyə Departamenti

İlk olaraq Azərbaycan Dillər Universitetinin mühasibatlığı kimi 1948-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun mühasibatlıq şöbəsinin tərkibindən çıxaraq sərbəst olaraq fəaliyyətə başlamışdır. Həmin vaxtda Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun mühasibatlığı 3 nəfərdən ibarət əmək haqqı bölməsi ilə fəaliyyətini davam etdirmişdir. 2013-cü ildə mühasibat sisteminin daha keyfiyyətli və səmərəli şəkildə qurulması, həmçinin universitetin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə Maliyyə Departamenti yaradılmışdır.

Fəaliyyəti:

Maliyyə Departamentinin tərkibinə Mühasibatlıq, Qrantlar və Layihələr, Təsərrüfat və  Təchizat şöbələri daxildir.

Mühasibatlıq:

Hal-hazırda mühasibatlıq universitetin inkişaf edərək genişlənməsi nəticəsində mühasibatın bütün sahələrini əhatə etmiş bir maliyyə-uçot strukturuna çevrilib.

Mühasibatlıq 9 işçi heyəti ilə fəaliyyət göstərir və 6 bölmədən ibarətdir:

  • əmək haqqı üzrə hesablaşma bölməsi
  • pul vəsaitinin hərəkəti bölməsi
  • tələbələrlə hesablaşma bölməsi (tələbə təhsil haqqı; tələbə təqaüdü)
  • mal-material uçotu bölməsi
  • iqtisadiyyat və proqnozlaşma bölməsi
  • digər müavinatlar üzrə hesablaşma bölməsi

Hal-hazırda mühasibat uçotu Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il 13 yanvar tarixli i- 05 nömrəli əmri ilə “Büdcə təşkilatları üçün milli mühasibat uçotu standartları” əsasında aparılır.

Mühasibatlıq professor-müəllim heyətinə, inzibati idarəetmə heyətinə, tələbələrə əmək haqqı, təqaüdlərin hesablanması və ödənilməsində ən müasir metodları tətbiq etmiş və yüksək nəticələr əldə etmişdir. Mühasibat uçotu maksimum avtomatlaşdırılaraq uçot məlumatlarının etibarlılığını və dəqiqliyini yüksək səviyyəyə çatdırmışdır. Ölkədə təhsilin inkişafı ilə bağlı olan iqtisadi mexanizmlərin, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 saylı fərmanına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 saylı qərarına əsasən Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin universitetdə səmərəli tətbiqində digər qurumlarla yanaşı, mühasibatlıq da maliyyə-uçot bölməsi kimi öz töhfələrini verməkdədir.

Qrantlar və Layihələr şöbəsi:

Qrantlar və Layihələr şöbəsi 2017-ci ilin sentyabr ayında yaradılıb və hal-hazırda Maliyyə Departamentinin nəzdində fəaliyyət göstərir. İşçi tərkibi şöbə müdiri, 2 baş mütəxəssis və 5 mütəxəssis olmaqla 7 nəfərdən ibarətdir.

Şöbə Universitetdə proqramlar çərçivəsində müştərək tədqiqat layihələri barədə təqdimatları və təhsil prosesinin, keyfiyyətli idarəetmənin eləcə də universitetin idarəetmə strukturunun modernləşdirilməsi məqsədilə, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən qrant proqramları haqqında məlumatı universitetin digər struktur bölmələrinə yayılması və bu sahəyə nəzarət funksiyasını həyata keçirir.

Qrantlar və Layihələr şöbəsinin əsas fəaliyyəti aşağıdakılardan ibarətdir:

* Metodiki dəstək və təlim seminarlarının keçirilməsi, universitetin struktur bölmələrinin, tələbələrinin və işçilərinin elmi araşdırma proqramlarına qoşulması və qrant dəstəyi alması ilə bağlı fəaliyyətlərin təşkili;

* Fondlarla əlaqələrin koordinasiyası, proqramlara qoşulma və qrant almaq üçün müraciətlərin hazırlanması sahəsində konsaltinq işinin təşkili;

* Universitetin elmi, təhsil və innovativ proqramlarda, qrantların alınması üçün layihə və müsabiqələrdə iştirakını təsdiq edən rəsmi sənədləşmənin aparılması;

* Rəhbər şəxsin nəzarəti altında planlaşdırılan beynəlxalq proqramlar, müsabiqələr barədə informasiyanın toplanması, əldə olunmuş məlumatların kafedralara və bölmələrə ötürülməsi;

* Layihələrə qrant dəstəyi göstərən təşkilatlarda universitetin struktur bölmələri tərəfindən təqdim olunan hesabatların vaxtında və dəqiqliyinə sistemli nəzarət;

* Qrantlar, beynəlxalq  layihələr və mərkəzlərin büdcə planlarının təhlili,  icrası  və təsdiqlənməsi habelə qrantlardan alınan vəsaitlərdən təyinatı üzrə istifadə olunması o cümlədən bu vəsaitlərin smetaya uyğun istifadəsi üzrə öz səlahiyyətləri
daxilində maliyyə nəzarətinin həyata keçirilməsi;

Şöbə həmçinin beynəlxalq qrantlar və proqramlar çərçivəsində həyata keçirilən beynəlxalq layihələr barəsində məlumatları universitetin rəsmi elektron saytında yerləşdirir.

Təsərrüfat və Təchizat şöbələri:

  • Ali təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir tələblər səviyyəsində qurulması
  • Tədris binalarının və digər tikililərin qorunub saxlanılması, təmiri, düzgün istismarı
  • Tədris müəssisəsinin strukturlarının təlabatına uyğun təsərrüfat və dəftərxana malları ilə təminatına cavabdehdir.