|

Yanvarın 19-da Azərbaycan Dillər
Universitetində (ADU) 20 yanvar
faciəsinin 22-ci ildönümünə həsr olunmuş
tədbir keçirildi. Tədbirdən əvvəl
universitetin tələbə-müəllim heyəti
Şəhidlər Xiyabanını ziyarət edərək 20
yanvar şəhidlərinin məzarları önünə tər
qərənfillər düzdülər. Anım mərasimi
universitetin tələbəsi olmuş şəhid Ülvi
Bünyadzadənin adını daşıyan muzey-lektoriyanın
qarşısında oldu. ADU-nun rektoru, millət
vəkili, professor Səməd Seyidov 1990-cı
il 20 yanvar hadisələrindən 22 il
keçdiyini bildirərək bu müddətin az
olmadığını dedi. Hadisələri canlı
yaşadıqlarını söyləyən ADU rektoru
tədbirdə iştirak edən tələbələrin böyük
əksəriyyətinin həmin hadisələr haqqında
kitablardan, arxivlərdən öyrəndiklərini
nəzərə çatdırdı. Rektor S. Seyidov
ADU-nun tələbəsi olmuş 20 yanvar şəhidi
Ülvi Bünyadzadənin adına yaradılmış
muzey-lektoriyanın önündə toplaşan
gəncliyi onun kimi cəsur, vətənpərvər
görmək istədiyini dedi. Ülvi
Bünyadzadənin bundan sonra da,
onilliklər, yüzilliklər boyu
universitetdə əbədi iz qoyduğunu və bu
şərəfli, qısa ömür yolu ilə Azərbaycan
tarixinə yazıldığını bildirdi. S.
Seyidov dedi ki, bəzən 20 yanvar
hadisələrini “Qara gün, faciə”
adlandırırlar: “Əgər 22 il əvvəl bu
hadisələr hüzn günü, faciə kimi
dəyərləndirilirdisə, bu gün o hadisələri
xatırlayanda bu qara günü, bu faciəni ən
yüksək zirvə, millətin ən yüksək zirvəsi
kimi anırıq”. 22 il bundan əvvəl
Azərbaycan xalqının xalqlar içərisində
ən yüksək mərhələyə çatdığını qeyd edən
S. Seyidov xalqın 20 yanvar tarixini
şərəf tarixinə çevirdiyini xatırlatdı:
“Müstəqilliyi əldə etmək çətin, qorumaq
ondan da çətindir. Müstəqilliyi
qorumağın da ən əsas şərtlərindən biri
tarixi yaddaşı qorumaqdır. Tarixi
yaddaşı olmayan millət, öz
qəhrəmanlarını xatırlamayan millət,
gənclərini öz qəhrəmanları ilə
formalaşdırmayan millət dünyada yaşamaq
haqqını qazana bilməz. Xüsusilə bugünkü
dünyada. O dünyada ki, qəhrəmanları süni
şəkildə bizə təlqin etmək istəyən
millətlər var. O dünyada ki, başqa
ölkənin torpaqlarını işğal etməklə ona
meydan oxuyurlar. O dünyada ki,
milyonlarla qaçqın yaradan ölkələr və
qüvvələr hələ də hakimiyyətdədir, hələ
də güclüdür”. Təhsillə, qabiliyyətlərini
dünyaya göstərməklə Azərbaycan xalqının
ən yüksək səviyyəli xalq olduğunu sübut
etməyin vacib olduğunu nəzərə çatdıran
S. Seyidov bu gün Azərbaycanın dünyanın
ən aparıcı ölkələrinin siyahısında
olduğunu bildirdi. Gördükləri işlərdə
Ümummilli lider Heydər Əliyevin əsasını
qoyduğu, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin uğurla davam
etdirdiyi məntiqli daxili və xarici
siyasətin nəticələri olduğunu deyən S.
Seyidov bunun nəticəsində Azərbaycana
heç vaxt heç kimin müdaxilə edə
bilməyəcəyini, onunla başqa dildə danışa
bilməyəcəyini vurğuladı.
Azərbaycan gəncliyi haqqında da danışan
S. Seyidov müdrikliyin yaşla deyil, öz
xalqına etdiyi hörmətlə, ona münasibəti
ilə müəyyən edildiyini dedi. Söylədi ki,
Azərbaycan gəncliyi müdrik gənclikdir,
ağıllı gənclikdir. Dillər
Universitetinin gəncləri isə o gəncliyin
önündə gedən gənclərdir. Çıxışının
sonunda şəhidlərə bir daha Allahdan
rəhmət diləyən S. Seyidov onları
unutmağa heç kimin haqqının olmadığını
dedi.
ADU-nun Beynəlxalq münasibətlər
kafedrasının müəllimi Namiq Əsədov
Azərbaycanın öz tarixi ərzində
müstəqillik dövrlərinin çox olduğunu
xatırladaraq bu müstəqilliklərin heç
zaman rahat əldə edilmədiyindən danışdı.
1990-cı ilin yanvar hadisələri barədə
danışan natiq sovet rəhbərliyinin artıq
dağılmaqda olan totalitar rejimi qoruyub
saxlamaq üçün qırğınlara əl atdığını
xatırlatdı: “SSRİ üzdən özünü demokratik
ölkə kimi göstərsə də, əslində SSRİ
totalitar rejimin ən irticaçı formasını
həyata keçirirdi”. 1990-cı ilin yanvar
hadisələrinə dünya ictimaiyyətinin
seyrçi mövqe sərgilədiyindən danışan N.
Əsədov qeyd etdi ki, bunun da səbəbi
dünya dövlətlərinin SSRİ-ni parçalamaq
niyyətində olmaqları idi. Həmin vaxt baş
verən digər hadisələr barədə tədbir
iştirakçılarına məlumat verən kafedranın
müəllimi bildirdi ki, Azərbaycan xalqı
müstəqilliyi igid övladlarının qanı
bahasına qazandı.
ADU-nun İngilis dilinin leksikası və
ölkəşünaslıq kafedrasının müdiri,
professor Məsməxanim Qazıyeva yanvar
hadisələri barədə həyəcansız danışmağın
qeyri-mümkün olduğunu dedi. Hadisələr
vaxtı universitetin çox fəal olduğunu
nəzərə çatdıran M. Qazıyeva o dövrdə
yaranan informasiya blokadasının
qarşısını almaq üçün gördüyü işlər
haqqında iştirakçılara məlumat verdi.
Ülvi Bünyadzadə haqqında xatirələrini
danışan professor Məsməxanım Qazıyeva
onun yanvarın 19-da imtahandan çıxıb
azadlıq uğrunda meydanlara axışan xalqa
qoşulduğunu dedi. Bildirdi ki, məhz Ülvi
Bünyadzadə kimi igid və cəsur
gənclərimiz bugünkü gəncliyə nümunədir.
1 saylı İngilis dili fakültəsinin dekanı,
professor Əfqan Abdullayev yanvar
hadisələrini ciddi şəkildə düşünülmüş,
ətraflı planlaşdırılmış hadisə kimi
xarakterizə etdi. O, qırğından sonra
böyük istintaq qrupunun yaradıldığını,
böyük cildlik materialların Moskvaya
göndərildiyini, lakin hələ də geri
qayıtmadığını xatırlatdı. Sovet
qoşunlarının vaxtilə Macarıstanda,
Çexoslovakiyada, Gürcüstanda, Litvada da
qırğınlar törətdiyini və buna dünya
ictimaiyyətinin reaksiya göstərdiyi
halda, Azərbaycanda baş verən hadisələrə
seyrçi mövqedə qalmaqlarını da
xatırlatdı. ADU tələbələrinin bu
hadisələrin əsl mahiyyətini dünya
ictimaiyyətinə dəqiq çatdırmaq üçün
əllərində böyük dil imkanlarının
olduğunu deyən dekan qeyd etdi ki,
müasir texnologiyalar vasitəsilə bunu
etmək mümkündür və vacibdir.
Fəlsəfə kafedrasının professoru Məhəmməd
Teymurlu da 1990-cı ilin 20 yanvarında
şahidi olduğu hadisələrdən danışaraq
qeyd etdi ki, bu cür faciələr çox ola
bilər, insanların qanı axa bilər, lakin
əsas məsələ bu kimi hadisələrdən nəticə
və ibrət çıxarmaqdır. M. Teymurlu Ülvi
Bünyadzadənin şəhidlik zirvəsinə ucalan
adı qarşısında baş əydiyini dedi. 19
yaşlı gəncin Vətənə olan sevgisinin
böyüklüyündən söz açdı. Bildirdi ki,
Vətən yolunda şəhid olan igid oğul və
qızlarımız Azərbaycan gənclərinin and
yeri olmalıdır. Ülvi xalqımızın azadlığı
uğrunda canını fəda edən belə
gənclərdəndir.
Tədbirin sonunda iştirakçılar Ülvi
Bünyadzadə adına muzey-lektoriyaya baş
çəkdilər.
Eyni zamanda universitetdə 20 yanvar
hadisələrinə həsr olunmuş “20 yanvar
milli tariximizdə fədakarlıq və
qəhrəmanlıq zirvəsidir” adlı konfrans
keçirildi. 1990-cı ilin qanlı yanvar
hadisəsinə həsr olunmuş silsilə
tədbirlərdən olan bu konfransda
universitetin rəhbərliyi, professor-müəllim
heyəti, tələbələr iştirak edirdi.
Konfransı açan Tərbiyə işləri üzrə
prorektor Ələddin Əliyev 1990-cı ilin
yanvar hadisələrini Azərbaycan xalqının
qəhrəmanlıq və rəşadət səhifəsi kimi
xarakterizə edərək qeyd etdi ki,
Azərbaycan gəncliyi bu hadisəni
dəqiqliklə bilməlidir.
Tarix üzrə fəlsəfə doktoru Qorxmaz
Mustafayev çıxışını əsasən 20 yanvar
hadisələrinədək olan proseslər haqqında
məlumat vermək üzərində qurdu. O, tarixə
ekskurs edərək Sov.İKP-nın MK-nin
1987-ci il yanvar plenumunda aşkarlıq və
demokratiya xəttinin irəli sürülməsi və
ermənilərin bu dövrdən başlayaraq irəli
sürdükləri ərazi iddialarından, həmçinin
onların yaratdıqları terror
təşkilatlarından danışdı. O, bildirdi ki,
1985-ci ildən başlayaraq Daşnaksütyun
partiyasının Afinada keçirilən
qurultayında sərsəm “Böyük Ermənistan”
ideyasının həyata keçirilməsi məsələsi
irəli sürülmüşdü. 1987-ci il noyabrın
18-də “Humanite” qəzetində erməni
millətçisi Aqanbekyanın Dağlıq Qarabağın
Ermənistana vermək barədə çağırışlar
etdiyini xatırladan Q. Mustafayev dedi
ki, ermənilərin apardığı bu siyasətə
rəsmi Moskvanın göz yumması xalqların öz
rəhbərliyinə ümidini itirmişdi:
“Sərhədlərin sökülməsi, yanvarın 13-15-də
bir erməninin 2 azərbaycanlını öldürməsi
və sovet rəhbərliyinin bu hadisələrə
seyrçi mövqe sərgiləməsi 20 yanvar
hadisələrini şərtləndirən amillərdən idi”.
Fəlsəfə kafedrasının professoru Məhəmməd
Teymurlu 20 yanvar faciəsi zamanı şahidi
olduğu hadisələr barədə konfrans
iştirakçılarına məlumat verdi. O, öz
çıxışında Kreml tərəfindən dəstəklənən
ermənilərin məkrli siyasətini ifşa
edərək 20 yanvar hadisələrini
Azərbaycanın vətənpərvərlik və
qəhrəmanlıq salnaməsi adlandırdı. |
|