Təhsil

Xüsusi qayğıya, diqqətə ehtiyacı olan sağlamlıq məhdudiyyətli gənclərin ali təhsil almasını təmin etmək məqsədilə ADU-da inklüziv təhsil istiqamətində müəyyən işlər görülməkdədir. Universitetin Pedaqogika kafedrasının nəzdində İnklüziv Təhsil Mərkəzinin yaradılması, heyətin peşəkarlığının yüksəldilməsi, mütəxəssislər üçün təkmilləşdirmə təlimlərinin təşkili bu sahəyə xüsusi həssaslıq göstərməyimizin təcəssümüdür. 

Hazırda Azərbaycan Dillər Universitetində digər tələbələrlə yanaşı, autizmli və sağlamlıq imkanları məhdud tələbələr də təhsil alır. Onların tədris prosesində maneəsiz iştirakı məqsədilə müvafiq şərait yaradılmışdır. Sadalananlar yüksək inklüziv mədəniyyətin göstəricisidir.

Keyfiyyətli təhsil almaq və gələcəkdə özünü bizim böyük ailənin üzvü kimi görmək istəyən hər bir gənci ADU-ya dəvət edirik.

Əziz gənclər! Gələcəyinizi müəyyənləşdirən bir yolda sizə dəstək olmaqdan məmnunluğumuzu bildiririk.

 

Sizi ADU-da gözləyirik.

Akademik Kamal Abdullayev.

 

Mərkəzin Fəaliyyəti

 

TƏHSİLDƏ İNKLÜZİVLİK

İnklüzivlik multikultural müxtəlifliyə, din, mədəniyyət, irq fərqlərinə, fiziki sağlamlıq məhdudiyyətlərinə, öyrənmə çətinliklərinə malik, autizm, daun sindromlu, həmçinin xüsusi istedadlı uşaqların təhsilə cəlb olunmasıdır. Qeyri-standart inkişaf xüsusiyyətlərinə malik uşaqların ilbəil artması mövzunu daha da aktuallaşdırır. Hazırda ölkəmizdə həmin problemlərin həlli istiqamətində müxtəlif tədbirlər, çoxçeşidli proqramlar həyata keçirilir, hüquqi-normativ baza yenilənir. Sənədlərdən “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” müstəsna əhəmiyyət daşıyır.

 

İNKLÜZİV TƏHSİL MƏRKƏZİ HAQQINDA

Ölkə miqyasında görülən işlərə dəstək məqsədilə ADU-nun Rektoru Akademik Kamal Abdullayevin 30 iyun 2021-ci tarixli 46 saylı əmri ilə “İnklüziv Təhsil Mərkəzi” yaradılmışdır. Mərkəz “Könüllü Proqramı”, həmçinin sağlamlıq imkanları məhdud tələbələrin keyfiyyətli ali təhsil alması istiqamətində işini davam etdirir. Proqram üzrə inklüzivlik sahəsində gənc mütəxəssislərə zəruri nəzəri biliklərin verilməsi, praktik bacarıqların qazandırılması, təcrübənin təşkili, təlimlərin və müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

 

İNKLÜZİV TƏHSİL MƏRKƏZİNİN MƏQSƏDİ

İnklüziv Təhsil Mərkəzinin formalaşdırılmasında əsas məqsəd “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” və fəaliyyət planının tələblərinin reallaşdırılması, bu istiqamətdə zəruri addımların atılmasından ibarətdir.

 

İNKLÜZİV TƏHSİL MƏRKƏZİNİN ƏSAS VƏZİFƏLƏRİ:

Təhsil müəssisələrinin pedaqoji heyəti üçün innovativ pedaqoji yanaşmalarla bağlı təlim, konfrans, seminar və vebinarların təşkili, maarifləndirmə xidmətləri, inklüziv təhsil sahəsində müxtəlif layihələrin hazırlanması, kadr hazırlığı, şəhid, qazi ailələri və digər imtiyazlı şəxslərin mərkəzin imkanlarından istifadə edə bilmələri üçün xüsusi proqramların hazırlanması, müxtəlif kateqoriyadan olan uşaqlarda müvafiq təlim ehtiyaclarının ödənilməsi, zəruri tələbatların şəxsin inkişaf xüsusiyyətlərinə görə müəyyənləşdirilməsi, konsultasiyaların aparılması, korreksiya fəaliyyətinin təmin olunması, özəl qida rasionunun müəyyənləşdirilməsi, qida əlavələrinin təyinatı, intensivlərin (beynəlxalq səviyyəli mütəxəssislərlə), reabilitasiya, asudə vaxtın səmərəli təşkili, həssas kateqoriyadan olan uşaqların valideynləri ilə psixoloji işin qurulması, diaqnozun qəbulu zamanı onlara dəstək göstərilməsi, birgə fəaliyyət planının hazırlanması, uzunmüddətli və keyfiyyətli fəaliyyət üçün valideynlərlə əməkdaşlığın tənzimlənməsi

 

İNKLÜZİV TƏHSIL MƏRKƏZİNİN XİDMƏTLƏRİ

1. Mütəxəssis hazırlığı;

2. Valideynlərlə iş;

3. İctimai maarifləndirmə;

4. SİM şəxslərlə işin təşkili;

5. Beynəlxalq əməkdaşlıq.

 

 

Əlaqə üçün

İnklüziv Təhsil Mərkəzi (CINE)

Ünvan: Təbriz küç. 81, Bakı 

Telefon +994 (55) 307 71 25

E-mail: [email protected]

Facebook: CINE Center Of Inclusive Education