ELMİ-TƏDQİQAT

Çağdaş ədəbiyyatımızın Qarabağ mövzusuna yanaşmasında nəyi doğru, nəyi yanlış sayırsınız? - POLEMİKA

Çağdaş ədəbiyyatımızın Qarabağ mövzusuna yanaşmasında nəyi doğru, nəyi yanlış sayırsınız?

- Çağdaş ədəbiyyatımız Qarabağ mövzusuna müraciət edərkən ifrat qütblərə çox meyillənir: ya bədii dəyəri aşağı olan, sadəcə mövzuya müraciət xatirinə yazılmış, yazıçının öz içindən keçirmədiyi, öz malına çevirmədiyi, psevdo-vətənpərvərlik nümunələri ortaya çıxır, ya da əks qütbdə, öz gerçəkliyimizi bilərəkdən, yaxud səriştəsizlikdən göz ardı edən, dürüst tarixi kontekstə çıxa bilməyən saxta beynəlmiləlçilik, yalançı sülhpərvərlik nümunələri. İfratla təfrit arasındakı doğru yol həm milli ədəbiyyatımızda, həm də dünya ədəbiyyatındakı uğurlu, zamanın sınağından çıxmış torpaq itkisi, ədalətli-ədalətsiz müharibələr haqqında əsərlərə, həmin əsərlərin mənəvi dalğasına baş vurmaqdır. Bu gün dünyada qarşılaşdırma ədəbiyyat metodu bu baxımdan xüsusilə əhəmiyyətlidir, özümüzə başqa güzgülərdə də baxmağı öyrənmək üçün buna ehtiyac var. Məsələn, çağdaş Türkiyə ədəbiyyatşünaslığında belə tədqiqatlar var: Türk ədəbiyyatında yunan obrazı, Yunan ədəbiyyatında türk obrazı. Yaxud Alman romançılığında mühacir türklər. Bu cür araşdırmalar yeni perspektivlər qazanmaq üçün və sonucda ədəbiyyatın konyunkturaya yuvarlanmadan öz həqiqi missiyasını dərk etmək üçün hələlik ən uğurlu yoldur.