TƏLƏBƏ HƏYATI

ADU dünya liderləri arasında

Bir neçə ay əvvəl QS beynəlxalq reytinq cədvəli açıqlandı və ölkəmizin ən nüfuzlu universitetlərindən olan Azərbaycan Dillər Universiteti həmin siyahıda 301-340-cı yerə layiq görüldü. Ölkə tarixində ilk dəfə iki universitetimiz bu siyahıda olmağa haqq qazandı. Bunlardan biri də məhz öz təhsil səviyyəsinin yüksək tədris olunması ilə seçilən ADU-dur.

Mən də istərdim ki, bu tarixi hadisə ilə bağlı ADU-nun birinci kurs tələbəsi kimi öz təəssüratlarımı bölüşüm.

Əslində universitetlərin dünya reytinqində yer alması həmin universitetdə təhsil mühitinin hansı səviyyədə olmasını göstərir. Təbii ki, reytinq müəyyənləşdirilərkən burada təkcə bir amil nəzərə alınmır, bir neçə amil nəzərə alınaraq bu qiymətləndirilmə aparılır. Təəssüf edirəm ki, bizim universitetlər dünya universitetləri ilə mübarizə aparmaq baxımından həmişə geridə qalıblar, bu da təhsil ənənəsinin ölkəmizdə bir qədər gec başlamasından irəli gəlir. Lakin biz artıq ADU-nu bu siyahıda görürük və mən bir ADU tələbəsi kimi bu hadisəni fəxrlə qeyd edirəm. Çünki biz hazırda dünyanın bir çox aparıcı universitetləri ilə eyni siyahıdayıq və bu bizim üçün çox qürurverici bir haldır.

Sözügedən siyahıya daxil olmaq sizə kiçik bir nüans kimi gəlməsin. Dünya Universitetlərinin reytinqi siyahısına daxil olan universitetlər hər mövqedən xüsusən seçilmiş olan təhsil müəssisələridir. Bu siyahıda olmaq üçün universitetin müəllim heyətindən və rəhbərliyindən çox şey asılıdır.

Bu gün Azərbaycan Dillər Universitetinin rəhbərliyi, başda rektor akademik Kamal Abdulla olmaqla digər şəxslər xeyli yenilikçi, dünyada gedən elmi təhsil proseslərini dərindən bilən adamlardır. Bu da bizim dünya liderləri arasında olmağımıza səbəb oldu.

Sonda isə ADU-da tələbələrlə müəllimlər arasında olan münasibəti bildirmək istəyirəm. Universitetə qəbul olduğum ilk gündən istər müəllim heyəti, istərsə də rəhbər şəxslərin bizə qarşı bəslədiyi mülayim münasibəti demədən keçə bilmərəm. Başda rəhbər şəxslər olmaqla ADU-nun müəllim kollektivi bizə qarşı çox yaxşı münasibət bəsləyir və mən deyərdim ki, bizi öz övladlarından ayrı seçmirlər. Daim bizə dəstək olub, bütün problemlərimizdə bizə kömək olurlar. Bir sözlə, ADU sözün əsl mənasında ən gözəl sözlərə layiqdir.

Aqil Qarayev, Beynəlxalq jurnalistika ixtisası üzrə birinci kurs tələbəsi