TƏLƏBƏ HƏYATI

Biz mehriban ailəyik!

Biz mehriban ailəyik!

2021-ci il, sentyabr ayının sonları… Mən artıq tələbəyəm. Bəli, Azərbaycan Dillər Universitetinin tələbəsi. Təsadüfən, universitetimizin səhifəsində 27 sentyabrda olacaq “Zəfər günü” tədbiri ilə bağlı aparıcı axtarışı olduğunu gördüm, çox sevindim. Axı mən məktəb dövründən hər zaman aparıcı olmuşdum. “Əsl mənim bacaracağım işdir”,- deyə, müraciət etdim və seçildim. Universitetimlə ilk tanışlığım da elə məhz buradan başladı. Tədbirlərdə iştirak artıq mənim üçün zövq məsələsinə çevrildi. Getdikcə daha da doğmalaşdım, daha da sevdim, daha da bağlandım.

Yay tətili gələcək, bir müddətlik tədbirlərimiz olmayacaq. İndidən lap darıxmağa başlamışam. Niyə də darıxmayım? Axı onlar rəqsli-musiqili, şeirli-sözlü, bitməsini istəmədiyim, hazırlaşarkən yorulsaq da, izləyicilərin simasında gülümsəməni, bəyəndiklərini görərkən bütün yorğunluğumuzun çıxdığı, bir ailə olduğumuzu bir daha hiss etdirən o tədbirlərdir. Düşünürəm ki, məzun olsam da, universitetlə heç bir bağlantım qalmasa da, illər sonra belə ADU yaddaşımda doğma məkan, xoş xatirələr diyarı olaraq qalacaq…

Sonda yenə də demək istəyirəm, biz mehriban ailəyik!

Rəna Şabanzadə