XƏBƏRLƏR

Kiyev Milli Linqvistik Universitetinin rektoru Kamal Abdullaya təşəkkür məktubu ünvanlayıb

26 dekabr, 2018

Kiyev Milli Linqvistik Universitetinin rektoru professor Roman Vasko Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullaya təşəkkür məktubu ünvanlayıb.

Məktubda qeyd olunur ki, ADU-nun əməkdaşları Növbahar Əzizova, Aytən Bayramova, Tofiq Quliyev, Təranə Həsənova və Məryəm Babayeva oktyabrın 16-dan noyabrın 16-na kimi Kiyev Milli Linqvistik Universitetinin müxtəlif kafedralarında ixtisasartırma proqramı keçiblər.

“Bu əvəzolunmaz təcrübə dostluq münasibətlərində yeni imkanlar açır, bütün fəaliyyət sahələrində münasibətləri inkişaf etdirir” – deyə, Roman Vasko bildirib.

Rektor Kiyev Milli Linqvistik Universitetində Azərbaycan dilinin tədrisinin bundan sonra da davam etdiriləcəyinə, eləcə də rəhbəri olduğu təhsil ocağındakı Heydər Əliyev adına Azərbaycan dili və mədəniyyəti mərkəzində fəal işlərin həyata keçiriləcəyinə əminliyini ifadə edib.

Rektor qeyd edib ki, Ukrayna və Azərbaycan arasında ikitərəfli əlaqələr təhsil, mədəniyyət və digər sahələrdə də səmərəli əməkdaşlığın nümunəsi olacaq.

Məktubun sonunda Roman Vasko akademik Kamal Abdullanı və ADU kollektivini qarşıdan gələn Yeni il bayramı münasibəti ilə təbrik edib və onlara işlərində uğurlar arzulayıb.