XƏBƏRLƏR

Gülnarə Sadıxova: "Fransa Senatı erməni diasporunun təsiri altında olduğu üçün obyektivliyini tam itirib"

15 dekabr, 2020

Azərbaycan Dillər Universitetinin Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Gülnarə Sadıxova «Caucase de France» Fransa mətbu orqanına «Fransa Senatı erməni diasporunun güclü təsiri altında olduğu üçün ədalət hissini və obyektivliyini tam itirib» başlığı altında müsahibə verib. Müsahibədən əsas məqamları təqdim edirik. 

CdF: Siz Fransa Senatının “Qarabağın müstəqilliyini tanınması” haqqında qərarının əleyhinə olan bir bəyanata imza atmısınız. Bu addımınızı necə izah edə bilərsiniz? Bu qərarı nə üçün ədalətsiz hesab edirsiniz ?

Gülnarə Sadıxova: Qarabağ erməni ordusu tərəfindən 30 ilə yaxındır ki, işğal olunmuşdur.1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Fransa bu qətnaməyə səs verib. 30 ilə yaxındır ki Qarabağ və ona sərhəd olan 7 rayonumuz erməni işğalı altında idi. 1,2 milyon azərbaycanlı didərgin düşmüş, onların evləri dağıdılmış və ya ermənilər tərəfindən zəbt olunmuşdur. Bu hadisələri  görən Fransa Senatı nə üçün reaksiya vermirdi?

Nəyə görə Fransa Senatı söhbət Azərbaycan xalqının taleyindən gedəndə biganəlik nümayiş etdirib? Nə üçün «erməni genosidindən» ağzı dolusu danışan Fransa Senatı Xocalı faciəsi haqqında heç bir şey söyləmir? Nə üçün Azərbaycan soyqırımı gündəmə gətirilmir? Nə üçün 613 nəfər Xocalı soyqırımının qurbanları,  o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca, 150 nəfər itkin düşmüş insan Fransa Senatını heç zaman maraqlandırmayıb?

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmuş, nəticədə mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olmuşdur.

Nə üçün Fransa Senatı o zaman da heç bir reaksiya verməmişdi? Gəncədə 100 nəfər mülki şəxs qətlə yetiriləndə nə üçün Fransa Senata susmuşdur?

Senatın bu qətnaməsi siyasi cəhətdən də heç bir hüquqi çərçivəyə sığmır. Birincisi ona görə ki, Ermənistan özü bu qondarma «Dağlıq Qarabağ respublikasını» tanımır,  digər tərəfdən - Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini öz gücü ilə yerinə yetirdi.

Nə üçün Minsk qrupunun həmsədri olan Fransa 30 il ərzində öz vasitəçi missiyasını  yerinə yetirməmiş,  sadə müşahidəçi olmaqla kifayətlənirdi?

Mən özüm öz suallarıma cavab verə bilərəm. Fransa Senatı erməni diasporunun güclü təsiri altında olduğu üçün ədalət hissini və obyektivliyini tam itirib.

CdF: Sizcə Fransa –Azərbaycan münasibətləri nə üçün pisləşib?

Gülnarə Sadıxova: Bu iki ayın hadisələri göstərdi ki, Fransa Minsk qrupunun həmsədr ölkəsi kimi öz neytrallığını saxlaya bilmədi. Fransa aqressor Ermənistanla aqressiyaya məruz qalan Azərbaycan arasında heç bir fərq qoymadı, əksinə işğalçı olan ölkəni – Ermənistanı canfəşanlıqla müdafiə etdi. İkili standartlarla həyata keçirilən siyasət heç vaxt ədalətli sayıla bilməz.

Lakin mən qeyd etmək istərdim ki, bir qrup Fransa siyasi xadimlərinin erməni diasporunun təsiri altında verdikləri bəyanatları  heç də Fransa xalqının fikrini əks etmir. Fransa-Azərbaycan  münasibətləri əsrlər boyu mövcuddur. Ölkələrimiz arasında ilk əlaqələr Abbasilər sülaləsinə gedib çıxır, IX-X əsrlərdə ipək yolu vasitəsilə ilk ticarət əlaqələri qurulub. Aleksandr Düma və Jorj Sand Qafqaz haqqında bir çox əsərlər yazmış, Azərbaycan şairlərini Fransaya tanıtmışdır.

Fransa Azərbaycan Respublikasının müstəqilliyini tanımış ikinci dövlət olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2004-ci ildə ilk rəsmi səfərini məhz Fransaya edib. Heydər Əliyev Fondu Fransa mədəni irsinə dəstək olmuş, Fondun prezidenti Mehriban xanım Əliyeva Belu-sür-Üizn kilsəsinin vitrajlarının bərpasında, Luvr muzeyinin İslam sənədləri şöbəsinin qurulmasında öz töhfəsini vermişdir.

Azərbaycan Respublikası təhsilə böyük önəm verdiyinə görə, Fransa ilə bu sahədə xüsusi olaraq sıx əlaqələr yaradılıb. Fransız dili Azərbaycanın bir çox təhsil ocağında tədris olunur. Azərbaycanda fəaliyyət göstərən altı universitet - ADU, BSU, BDU, Gəncə Universiteti, Naxçıvan Universiteti, Lomonosov adına Universitetin Bakı filialı fransız dili müəllimi ixtisasında kadrlar hazırlayır. 2013-cü ildə Bakıda fransız liseyi, 2016-cı ildə isə Fransız-Azərbaycan Universiteti fəaliyyətə başlayıb. Azərbaycan Dillər Universitetində iki fransız dili mərkəzi fəaliyyət göstərir. ADU 2015-ci ildən beynəlxalq Frankofoniya Universitet Agentliyinin üzvüdür. Mən Fransa-Azərbaycan əlaqələrindən saatlarla danışa bilərəm, lakin bütün dediklərimin qarşısında Beynəlxalq Frankofoniya  Təşkilatının prezidenti erməni aqressorunu dəstəkləyəndə, bu haqda rəsmi bəyanatla çıxış edəndə, mən fransız dilini sevə-sevə öyrənən tələbələrimə nə cavab verə bilərəm? Fransa sivilizasiyasından oxuduğum mühazirələrdə Fransanın əsas prinsipləri qardaşlıq, bərabərlik, ədalət, humanizm haqqında bəhs olunur. Bu dəyərlər real həyatda öz təsdiqini tapırmı?

Bütün baş verənlərə baxmayaraq əminəm ki, Fransanın simasını məsuliyyətsiz bəyanatlar verən siyasətçilər deyil, Volter, Russo, La Fonten, Molyer, Stendal, Balzak, Hüqo, Bodlaire, Rembo, Verlen, Apoliner, Elüar, Sent-Exuperi və digər dahi insanlar təcəssüm etdirir. 

https://caucasefrance.com/2020/12/le-senat-francais-se-trouve-sous-une-grande-influence-de-la-diaspora-armenienne-et-a-perdu-le-sens-de-lobjectivite-et-de-la-justice-professeur-de-francais-chevalier-dans-l/