XƏBƏRLƏR

Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

12 dekabr, 2022
Dekabrın 12-də Azərbaycan Dillər Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
 
Əvvəlcə ulu öndərin büstü önünə gül dəstələri qoyulub, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  
 
Ulu öndər Heydər Əliyevin həyat yolundan bəhs edən video-rolik izlənilib.
 
ADU-nun rektoru, akademik Kamal Abdulla ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışıb. Qeyd olunub ki, Heydər  Əliyev  bütün  ömrünü  istər  sovet  imperiyası dönəmində, istərsə də Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonrakı dövrlərdə  Azərbaycan xalqına, Azərbaycan dövlətinin möhkəmlənməsinə həsr edib:
 
“Ulu öndər Azərbaycanın ən çətin zamanında onun müdafiəsinə qalxdı. Ötən əsrin ən qanlı faciələrindən olan 20 Yanvar hadisələrinə ilk dəfə sərt şəkildə etiraz edən məhz ulu öndər Heydər Əliyev oldu. 
 
Azərbaycanı parçalanmaqdan, bir dövlət kimi dünya siyasi xəritəsindən silinməsinin qarşısını da məhz ulu öndər Heydər Əliyev aldı. O, dahi siyasətçi, xalqını bütün varlığı ilə sevən lider idi. Ulu öndər gənclərə xüsusi diqqət ayırırdı. Təhsilə, elmə böyük hörmət və qayğı göstərirdi. Bu gün onun simasında bu yolu Cənab Prezident İlham Əliyev uğurla davam etdirir.”
 
Tədbir ADU tələbələrinin ifasında bədii hissə ilə davam edib.