XƏBƏRLƏR

Xəlifə-rektor Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi ilə görüşüb

23 dekabr, 2022
Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov və Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev Azərbaycan Dillər Universitetində (ADU) keçirilən "Bir günlük xəlifə" layihəsi çərçivəsində Xəlifə-rektor Məmməd Əhmədli, prorektorlar və ADU-nun TGT sədri ilə görüşüblər. 
 
Görüşdə Raqif Abbasov layihənin əhəmiyyətindən danışıb, universitet rəhbərliyinin tələbələrə yaratdığı şəraiti yüksək dəyərləndirib. Qeyd olunub ki, Azərbaycan gəncliyi vətənpərvər ruhda fəaliyyət göstərir, ölkə rəhbərliyinin gənclərə yaratdığı böyük imkanlardan yararlanaraq özünü inkişaf etdirir, ölkəsini ən yüksək tribunalarda layiqincə təmsil edir. 
 
"Bir günlük xəlifə" layihəsi haqqında danışan Məmməd Əhmədli göstərilən etimadı ən yüksək səviyyədə doğrultmağa çalışdıqlarını bildirib. Qeyd olunub ki, hər bir gənc öz imkanları daxilində dövlətinin, millətinin daha parlaq gələcəyi üçün çalışmalıdır.
 
Qonaqlar tələbələrə dərslərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. 
 
Qeyd edək ki, sözügedən layihə ADU-da beşinci dəfə keçirilir. Layihənin əsası ADU-nun rektoru, akademik Kamal Abdulla tərəfindən qoyulub. ​
 
“Bir günlük xəlifə” layihəsinin əsas məqsədlərindən biri​ tələbələrin ictimai həyatda fəal iştirak etmək, təhsil və bilik əldə etmək, yaradıcı və sağlam tələbə həyatı yaşamaq və imkanlarını genişləndirmək üçün şərait yaratmaqdır.
 
Sözügedən bu layihə tələbələrin özünüidarəetmə, işgüzarlıq kimi xüsusiyyətlərin inkişafında, onların peşə məsuliyyətini dərk etməsində önəmli rol oynayacaq.​