XƏBƏRLƏR

“Azərbaycan Xalq Cümhuriyyəti: dövlətçilik tariximizin siyasi təhlili” mövzusunda dəyirmi masa keçirilib

29 mart, 2024

Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi nəzdində Beynəlxalq münasibətlər kafedrası, Doktorantura şöbəsi və Siyasi araşdırmalar mərkəzinin birgə təşkilatçılığı ilə 28 mart 2024-cü il tarixində “Azərbaycan Xalq Cümhuriyyəti: dövlətçilik tariximizin siyasi təhlili” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözləri ilə açan moderator Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı prof. İbrahim Kazımbəyli  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2023-cü il sərəncamına əsasən Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə “Azərbaycan Xalq Cümhuriyyəti: dövlətçilik tariximizin siyasi təhlili” mövzusunda dəyirmi masanın keçirilməsinin vacibliyini vurğulayıb. İbrahim Kazımbəyli açılış nitqində Məmməd Əmin Rəsulzadənin şəxsiyyəti timsalında onun siyasi fəaliyyətindən, Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu və mühacirət dönəmində Azərbaycan üçün gördüyü işlərdən bəhs edib. 

Tədbirin məruzəçisi Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri t.e.d Firdovsiyyə Əhmədova  “M.Ə.Rəsulzadə şəxsiyyəti nümunəsində düşüncə və əməlin vəhdəti” mövzusunda çıxış edərək M.Ə.Rəsulzadənin vətənpərvər, dahi və görkəmli şəxsiyyət kimi Azərbaycan xalqının, ümumillikdə  dövlətçiliyimizin inkişafındaki xidmətlərindən bəhs edib. 

Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb. Mövzu ilə bağlı  ADU-nun Elm və innovasiyalar məsələləri üzrə prorektoru Novruz  Məmmədov və siyasi araşdırmalar mərkəzinin müdiri Əli Məmmədov öz fikirlərini bildiriblər.