XƏBƏRLƏR

Şəhla Nağıyeva ADU-nun professoru vəzifəsinə seçilib

16 aprel, 2024

Şəhla Nağıyeva ADU-nun professoru vəzifəsinə seçilib. Nağıyeva Şəhla Bədir qızı ixtisasca ingilis və fransız dilləri müəllimidir. 1998-ci ildə tanınmış pedaqoq İsmixan Rəhimovun rəhbərliyi ilə “Azərbaycan poeziyasının ingilis dilinə tərcüməsində milli koloritin saxlanması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 2001-ci ildən ADU-nun Xarici ölkələr ədəbiyyatı kafedrasının baş müəllimi, 2005-ci ildən dosenti, 2011-ci ildə professoru olub, 2022-ci ildən hal-hazıra kimi German dillərinin tərcümə  nəzəriyyəsi və praktikası kafedrasının dosenti kimi fəaliyyət göstərir. 2016-cı ildən hal-hazıra kimi dosent vəzifəsində çalışır. ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi Fulbrayt Proqramının qalibi kimi 2003-2004-cü illərdə ABŞ-ın iki nüfuzlu universitetində – Şərqi Karolina Universitetində 6 aylıq, 2010-2011-ci illərdə dörd aylıq poeziya tərcüməsinin problemlərinə dair tədqiqat aparmaq üçün elmi ezamiyyətdə olmuşdur. 2010-cu ildə Azərbaycanın və Qafqazın təbliği sahəsində səmərəli könüllü fəaliyyətinə görə Vaşinqtondakı “Qarabağ Fondu” tərəfindən təltif edilmişdir.

2006–2007–ci illərdə ADU–nun Roman–German filologiyası fakültəsinin dekanı kimi fəaliyyət göstərmişdir. Həmin illərdə “Azərbaycan ədəbiyyatına müasir prizmadan baxış” mövzusunda təşkil etdiyi beynəlxalq elmi–nəzəri konfransa görə universitet rəhbərliyinin fəxri fərmanı ilə təltif olunmuşdur. Amerika təcrübəsi əsasında 2004-cü ildə “Sönməz Məşəl” Mədəni Əlaqələr ictimai birliyini təsis etmiş və həmin vaxtdan halhazıra kimi Avropanın bir çox ölkələrində, ABŞ-da, Avstraliyada beynəlxalq layihələr həyata keçirmiş, YUNESKO-nun maliyyə dəstəyi ilə Azərbaycan dilinə və Azərbaycan dilindən olan  tərcümə əsərlərinin biblioqrafik məlumat bazasını yaratmış, müasir və klassik Azərbaycan qadın ədəbiyyatının ingilis dilinə tərcüməsindən ibarət dörd antalogiya çap etdirmişdir.

29 sentyabr 2022-ci ildə Polşanın paytaxtı Varşavada "ATƏT-in İnsani Dəyərlərin Qiymətləndirilməsi Konfransı"nda “Azərbaycanda dini tolerantlıq” mövzusunda çıxış etmişdir. 

10-u beynəlxalq elmi jurnallarda olmaqla 31 məqaləsi dərc olunmuşdur. On bir tezislə respublika və beynəlxalq konfranslarda çıxış etmişdir. Amerika Birləşmiş Ştatlarının nüfuzlu ədəbi jurnallarında Azərbaycan dilindən ingilis dilinə tərcümə etdiyi bir sıra bədii nümunələr dərc olunmuşdur. Bütün bunlarla yanaşı, “Bədii tərcümə: nəzəriyyə və praktika”, “Xüsusi adlar milli kolorit daşıyıcısı kimi” monoqrafiyaların, “Poeziya tərcüməsinin bəzi məsələləri”, “Azərbaycan qadın şairlərin poeziya antologiyası”, “Buta, Müasir Azərbaycan qadın ədəbiyyatı ingilis dilində” dərs vəsaitlərinin, “Adi və qeyri-adi Amerika” metodik vəsaitinin və tərtib etdiyi dörd tədris proqramının müəllifidir.