XƏBƏRLƏR

“İnam və cəsarətdən doğan ümid” adlı təqdimat keçirilib

18 aprel, 2024

Narkotikaya qarşı mübarizə, narkotik maddələrin qanunsuz istifadəsi, yayılması və alverinə qarşı aparılan çoxşaxəli bir mübarizədir. Bu dövlət, cəmiyyət və beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq tələb edir. Azərbaycan Respublikasının Təhsil İnstitutu və Azərbaycan Dillər Universiteti 11 mart 2024-cü il tarixində “Narkomaniya və onun fəsadları” adlı tədbirlə bu əməkdaşlığa imza atıblar.

Aprelin 9-da Təhsil İnstitutunun əməkdaşları T.Muradlı, K.Mikayılova, G.Şahmuradova tərəfindən “İnam və cəsarətdən doğan ümid” adlı təqdimat keçirilib. Təqdimat  magistratura tələbələrinə narkomaniyanın zərərləri, fəsadları, iradənin və əzmin köməyi ilə bu bəladan xilas olmağın mümkünlüyü haqqında məlumtalandırma xarakterli olub.

Təqdimatda Azərbaycan Respublikası Təhsil İnstitutunun 2022-ci ildə apardığı “Ümumtəhsil müəssisələrində anti-narkotik dünyagörüşünün formalaşdırılması üzrə mövcud vəziyyətin öyrənilməsi” adlı tədqiqatın nəticələri gənclərin diqqətinə çatdırılıb, müzakirələr aparılıb.

Tədbirin təşkilinə və əməkdaşlığa görə Azərbaycan Dillər Universitetinin rektoru prof. K.Abdullaya, Pedaqogika kafedrasının müdiri dos. N.Zeynalovaya, Magistratura şöbəsinin müdiri dos. F.Rzayevaya və Məmməd Eyvazova  təşəkkür edilib.

Qeyd edək ki,  Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası 8 fevral 2024-cü ildə cəmiyyətin rifahı naminə sosial proqramların keçirilməsini nəzərdə tutan iş planını təsdiq edilib. "Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2024-ci ilə dair İş Planı"nın icrası narkotik asılılığı olan şəxslərə tibbi və psixoloji yardımın, reabilitasiya mərkəzlərinə cəlb olunması üzrə mənəvi və maarifləndirici dəstəyin genişləndirilməsini nəzərdə tutur.