XƏBƏRLƏR

“Elmi məqalənin yazılması və beynəlxalq elmi nəşrlərin tələbləri” geniş müzakirə olunub

19 aprel, 2024

18.04.2024-cü il tarixində ADU Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi  Elm şöbəsi ilə birgə “Elmi məqalənin yazılması və beynəlxalq elmi nəşrlərin tələbləri”  mövzusunda keçirilən seminarda elmi məqalənin yazılması qaydaları, beynəlxalq elmi jurnallarda çap olunacaq məqalələrə qoyulan tələblər geniş müzakirə olunub.

Seminarın moderatoru EKİXM-nın direktoru Cəmilə Əliyeva seminarı açaraq  univrsitetin yeni uğurları haqqında  QS 2024 “Müasir dillər” üzrə dünyada ən yaxşı 301 - 340 universitetlər qrupuna daxil olması və rəsmi təsdiq olunmuş sertifikat almasını açıqlayıb. AD Scientific Index-2024 -də “Azərbaycan Alim və Universitetlər Sıralaması 2024 Ən Yaxşı Alimlər”in nəticələrini açıqlayıb. Azərbaycan üzrə qiymətləndirmədə sosial elmilər-dilçilik və ədəbiyyat fənn üzrə reytinqlərdə uğurla təmsil etmiş yüksək reytinqli ilk onluğun birinci  yeri ADU-nun rektoru akad.  Kamal Abdulla və üçüncü yeri isə Xarici əlaqələr üzrə prorektor professor Jalə Qəribova tutduğunu açıqlayıb.ADU EKİXM əməkdaşı dosent P.Kaziminin  27 mart 2024 tarixində Azərbaycanda Elm günü münasibəti ilə elan olunmuş “İlin alimi” müsabiqəsində humanitar və ictimai elmlər üzrə İ yeri mükafatına layiq görüldüyünü  qeyd edib.

Cəmilə Əliyeva “Elmi məqalənin yazılması və beynəlxalq elmi nəşrlərin tələbləri”adlı tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, belə seminarların keçirilməsində başlıca məqsəd ali təhsil müəssisəsində İnstitut əməkdaşlarının və tədqiqatçların elmi potensialının gücləndirilməsi, yerli, həmçinin,  beynəlxalq jurnallarda məqalələrin nəşri və onların bu sahədə aktivliyinin təşviqi və elm sahəsində ilk addımlarını atan gənclərə, elmi-tədqiqat işlərinə başlamış magistrlərə, doktorant və dissertantlara yol göstərməkdən ibarətdir.

Vurğulanıb ki , elmi tədqiqatçılar üçün dəyərli informasiya mənbəyi olan elmi bazaların təcrübəsinin, yüksək indeksli nəşrlərdə məqalələrə qoyulan tələblərin və gənc alimlərinin əsərlərinin dünyanın nüfuzlu yüksək indeksli jurnallarında dərc edilməsi, bu sahədə əməkdaşlığın davamlı olması ilə bağlı maarifləndirmə işlərinin aparılması məqsədini daşıyır.

Seminarda dos.Pərviz Kazımi mövzu ilə bağlı təqdimatında məqalə hazırlanarkən sadə dil üslubundan istifadə edilməsinin, məntiqi ardıcıllığın qorunmasının, qrammatik qaydalara riayət edilməsinin əhəmiyyətini vurğulayıb, eyni zamanda,  beynəlxalq tələblərə cavab verən elmi məqalələrin strukturunun formalaşdırılması, elmi məqalələrin jurnallarda çap olunması, elmi jurnalların araşdırılması və seçilmə qaydaları, bu sahədə peşəkarlıq və beynəlxalq standartlara uyğunlaşma və digər məsələlərin müzakirəsi haqqında ətraflı məlumat verilib.
 Məruzəçi dos.Pərviz müəllim elmi məqalənin beynəlxalq jurnallara təqdim edilmə qaydaları; məqalənin çap olunması üçün müəyyən bacarıqların inkişaf etdirilməsi; redaktor və rəyçilərin cavablandırılması və nəticədə İnnovativ nəticələrin əldə olunması ilə bağlı mövzular haqqında əhatəli bəhs edib.

Sonra məruzəçi ADU-nun gənc tədqiqatçılarının suallarını cavablandırıb.