XƏBƏRLƏR

Elçin İbrahimovun ADPU-da “Türk dünyasında ortaq əlifba və ünsiyyət dili” kitabının təqdimatı keçirilib

24 aprel, 2024

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəaliyyət göstərən Türkoloji Mərkəzin təşkilatçılığı ilə Universitetin Filologiya fakültəsində ADU-nun Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri, filologiya elmləri doktoru Elçin İbrahimovun “Türk dünyasında ortaq əlifba və ünsiyyət dili” kitabının təqdimatı və müzakirəsi keçirilib. 

Təqdimatda ADPU-nun rektoru, professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynova, Filologiya fakültəsinin dekanı, dos. Könül Həsənova, Türkoloji Mərkəzin direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəkər Məmmədova və mərkəzin əməkdaşları, Özbəkistanın Cizzak Dövlət Pedaqoji Universiteti və Chirchik Dövlət Universitetindən gələn nümayəndə heyəti, eləcə də, ADPU-nun digər struktur rəhbərləri, müxtəlif universitetlərdə çalışan türkoloqlar, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan prof. Mahirə Hüseynova türkoloq-alim Elçin İbrahimovun elmi fəaliyyəti və əsərin əsas xüsusiyyətləri barədə məlumat verib, ümumtürk dünyasını birləşdirən ortaq əlifba və ünsiyyət dili problemlərinin türk xalqları arasında həllini tapmamış aktual məsələlərdən olduğunu bildirib. Professor nitqində tarix boyu müxtəlif xalqların təsirinə məruz qalan türklərin bir-birindən fərqli yazı sistemlərindən istifadə etdiyini söyləmiş, əsərin müxtəlif hissələrində əlifba mücadilələri, onun müasir dövrdə vəziyyəti məsələsinin geniş təhlil edildiyini diqqətə çatdırıb.

Türkoloji Mərkəzin Türk ədəbiyyatı bölməsinin müdiri, prof. Elman Quliyev çıxış edərək kitabda türklərin tarixən istifadə etdikləri əlifbalar haqqında dolğun məlumatların təqdim olunduğunu, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Türkmənistanda ortaq türk əlifbasının tətbiqi məsələsinin müxtəlif aspektlərdən təhlilinin verildiyini qeyd edib.

 1926-cı ildə Bakıda təşkil olunan I Türkoloji Qurultayın təsir dairəsinin elmi-nəzəri, tarixi aspektdən müəllif tərəfindən tədqiq olunduğu diqqətə çatdırılıb.

Çıxış edəm müəllif, filologiya elmləri doktoru, dosent Elçin İbrahimov, əvvəlcə, təqdimat mərasiminin təşkilinə görə Pedaqoji Universitetin rəhbərliyinə və çıxış edən alimlərə isə fikirlərinə görə minnətdarlığını bildirib. O, əsərdə türk xalqları arasında əlifba islahatları istiqamətində görülən işlər, XX əsrin başlanğıcından indiyə qədər davam edən proseslərin araşdırıldığını bildirib, monoqrafiyanın bütün fəsilləri barədə ümumi məlumat verib.

Tədbir professor-müəllim heyətinin və tələbələrin müəllifə ünvanlandırdıqları suallar əsasında diskussiya formasında davam edib.

Yekun nitqi ilə çıxış edən prof. Mahirə Hüseynova türkoloq-alim Elçin İbrahimovun müəllifi olduğu əsərin türk dünyasında ortaq əlifba, orfoqrafiya kimi aktual problemlərin araşdırılması və öyrənilməsi baxımından əhəmiyyətli mənbə olduğunu qeyd edib və müəllifə təşəkkürünü bildirib.