XƏBƏRLƏR

ADU-nun əməkdaşları tərəfindən NDU-da təlim keçirilib

24 aprel, 2024

Azərbaycan Dillər Universiteti (ADU) ilə Naxçıvan Dövlət Universiteti (NDU) arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən, ADU-nun əməkdaşları NDU-nun Xarici dillər fakültəsində 2 gün müddətində təlim keçiblər. 

İlk gün ADU-nun Tərcümə fakültəsinin dekanı, filologiya elmləri doktoru Bənövşə Məmmədova “Azərbaycan Dillər Universitetində bakalavr pilləsində tərcüməçi hazırlığına dair”, ADU-nun German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi Yusif Allahverdiyev “Kiçik həcmli mətnlərin Alman dilinə tərcüməsi”, German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Fialə Abdullayeva isə “Naxçıvanlı ziyalıların əsərlərinin ingiliscəyə tərcüməsi”  mövzularında təlim keçiblər.

Sonuncu gün isə ADU-nun German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi Güllü Bayramova və Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi Dilşad Pənahova "Yazılı tərcümə fənninin tədrisinə verilən tələblər", "İlkin tərcümə vərdişləri", "Kompüter tərcümə proqramları", "Audiovizual tərcüməni necə yerinə yetirməli" mövzularında təlim keçiblər.