XƏBƏRLƏR

Yaddaşlarda qalmaq arzusu ilə…

29 aprel, 2024

Heç ağlıma gəlməzdi ki, nə vaxtsa İngilis dilinin Qrammatikası kafedrasının sevilən müəllimi 83 yaşlı Zərifə xanım haqqında məqalə yazacağam. İnsan yaşa dolduqca beynindən qəribə hisslər keçir. Bu hisslər sevindirici də ola bilir, sarsıdıcı da.

Bu məqalədə ancaq sevindirici hisslərdən yazmaq istəyirəm.

İngilis dilinin Qrammatikası kafedrası deyəndə səslənməsi ağır və sanballı gəlir. Ancaq bu kafedrada o qədər zərif, qəlbiyuxa, hər zaman pərəstiş etdiyimiz elə müəllimlər çalışıblar ki ...

Yarandığı ildən bu günə qədər bu kafedrada çalışan müəllimlər öz dəst-xəttləri ilə, xüsusi öyrətmək qabiliyyətinə malik olmaq bacarığı ilə həmişə fərqlənmişlər. O cümlədən, söhbət açacağım öz cavanlıq təravətini hələ də itirməyən xanımlar xanımı Zərifə xanım barədədir.

Həyat öz çətinlikləri, mübahisələri, xoş günləri ilə davam edir. İnsanlar bu həyata gəlir, yaşayır və dünyanı tərk edir. Əsas məsələ odur ki, estafet bir-birini əvəz etdikcə, nəsil dəyişdikcə bu kafedrada zəhməti olanları unutmayaq ki, unudulmayaq.

Bu günlərdə İngilis dilinin Qrammatikası kafedrasının professor və müəllim heyəti Zərifə xanımın evinə onunla görüşə getmişdik (Prof. Şəfaqət Mahmudova, prof. Leyla Xanbutayeva, dos. Səadət Nuriyeva, dos. Aftad Hacızadə, b/m. Arzu Səlimova, b/m. Güllü Məmmədova). Zərifə xanım özünəməxsus hazırlıq görmüşdü. Bu hiss, bu görüş o qədər möhtəşəm oldu ki, adam hansı yaşda olur olsun, yenə də hardasa çalışmaq, yazıb-yaratmaq istəyir. Xatirələr, gülüşlər, dava-dalaşlar, yığıb-yığışdıra bilmədiyimiz mübahisələr (elmi mübahisələr) bizə o qədər xoş gəldi ki, 83 yaşlı Zərifə xanım bizə qoşulub sanki uşaqlaşdı. Kim nə deyir desin, kim nə fikirləşir fikirləşsin. Əvvəlki illərin müəllim həyatı bir başqa idi. Bir sözlə  daha möhtəşəm idi.  

Stol əsl Azərbaycan qadınına məxsus bir formada açılmışdı. Evdəki səliqə-sahman bizi valeh etdi. Biz 1 saat oturub getmək istəyirdik. Amma söhbətimiz o qədər şirin, o qədər maraqlı oldu ki, bizlərdən heç birimiz getmək istəmirdik. Zərifə xanım telefonunu əlinə alaraq bu kafedrada zəhməti olan, illərlə çiyin-çiyinə işlədiyi və hal-hazırda təqaüddə olan müəllim yoldaşlarına zəng etdi. Bu xanımın şadlığının sonu yox idi. Uca səslə onlara bildirdi ki, kafedra məni görməyə gəlib. Bir anlıq xəyala daldım. Səs niyə qocalmır görən? Həmin şux, cingiltili səs. Onlar da sevindilər, səsimizə səs verdilər. Tez-tez xatırladığımız müəllimləri yad etdik. Elmira xanım, Rəfiqə xanım, Maya xanım, Sveta xanım, Mehparə xanım, Sima xanım, Yaqut xanım, Cabir müəllim, Oruc müəllim, Edison müəllim, Arif müəllim,  Namaz müəllim, Camal müəllim, Dünyamin müəllim, Cavanşir müəllim və neçə-neçə belə gözəl insanlar, müəllimlər ... Ölənlərə rəhmət, qalanlara Allahdan can sağlığı arzuladıq.

Belə bir aforizm var: Düzgün tərbiyə olunan övlad rahat qocalıqdır. Zərifə xanımın övladları, gəlini və nəvələri bizim əziyyətimizi çəkdilər. Xüsusi canfəşanlıq göstərdilər. Bu da evdəki abı-havanı daha da gözəlləşdirdi.

Kim bilir, dünya işidir, bəlkə biz də o yaşa çatanda bizim də qapımız döyüləcək və İngilis dilinin Qrammatikası kafedrasının bizdən sonra gələn nəsli bizi görməyə gələcək.

Bu arzu, xəyal və istək ilə sizlərə xoş günlər, rahat, rəvan, firavan həyat arzu edirik. Elə yaşayaq, elə işləyək ki, yaddaşlarda qalaq. Yaddaşlarda qalmaq arzusu ilə hələlik. Növbəti kimin qapısını döyəcəyik?

 

                                                                                                                                                                  İngilis dilinin Qrammatikası  kafedrasının          

                                                                                                                                                                  b/m Arzu Səlimova