XƏBƏRLƏR

ADU-nun əməkdaşı sənədli film nümayişində iştirak edib

06 may, 2024

Azərbaycan Dillər Universitetinin Skandinaviya Mərkəzinin rəhbəri, Regionşünaslıq kafedrasının baş müəllimi, t.ü.f.d.  Vüsalə Əfəndiyeva aprelin 30-da ADA Universitetində tanınmış isveçli fotoqraf və rejissor Mikael Silkeberqin "Odinin şifrəsi" adlı sənədli filminin nümayişində iştirak edib.

Tədbirdə çıxış edən filmin rejissoru Mikael Silkeberq UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə ərsəyə gələn “Odinin şifrəsi” adlı sənədli filmin Skandinaviya ilə Azərbaycan arasındakı tarixi əlaqələrdən bəhs etdiyini bildirib.

Məlumat verilib ki, film həm Sovet İttifaqı, həm də müstəqillik dövründə Azərbaycana dörd dəfə səfər etmiş məşhur norveçli etnoqraf Tur Heyerdalın Azərbaycanla bağlı “Odin nəzəriyyəsi”nə əsaslanaraq lentə alınıb.

Qeyd edək ki, filmin çəkilişi zamanı Mikael Silkeberq Azərbaycan, Norveç və İsveçin müxtəlif tarixi yerlərini ziyarət edib, bu tarixi əlaqələri araşdırmaq üçün hər iki regionun ekspertlərindən, o cümlədən, ADU-nun Skandinaviya   mərkəzinin rəhbəri Vüsalə Əfəndiyevadan da müsahibələr alıb.

Filmin nümayişindən əvvəl Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Təsviri incəsənət tarixi və nəzəriyyəsi kafedrasının dosenti, tarix elmləri doktoru Məlahət Fərəcova, Azərbaycan Dillər Universitetinin Skandinaviya Mərkəzinin direktoru Vüsalə Əfəndiyeva və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının nümayəndəsi Mustafa Şabanov çıxış ediblər.

Çıxışlardan sonra “Odinin şifrəsi” adlı sənədli film nümayiş edilib.