XƏBƏRLƏR

ADU-da yazıçı, səyyah-fotoqraf İradə Qədirova ilə görüş keçirilib

06 may, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq kafedrası tərəfindən BM və Regionşünaslıq fakültəsində “Turizm” fənni tədris olunan 3-cü kurs Norveçşünaslıq, Rusiyaşünaslıq, Afrikaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin və Regionşünaslıq kafedrasının müəllimlərinin və Azərbaycanşünaslıq Mərkəzinin işçilərinin səyahət bloqeri İradə Qədirova  ilə görüşü keçirilib.

Görüş prezident İlham Əliyevin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və COP 29 çərçivəsində “ Azərbaycanda  iqlim dəyişiklikləri” və dünya dövlətlərində ekoturizmin müqayisəli təhlilinə həsr edilib.

İradə Qədirova 2016-ci ildən Azərbaycanın regionları, yüksək dağ zirvələri, ucqar dağ kəndlərinə mütamadi səfərlər edib. Eyni zamanda, o, aktiv olaraq dünya ölkələrinə səyahət edir. İradə Qədirovanın səyahətləri əsasında iki kitabı nəşr olunub: “Əfşan” və “Eşqin izi ilə”. Hazırda müəllif Azərbaycan səyahətləri ilə bağlı 3-cü kitabı üzərində işləyir.

Görüşdə müəllif ilk olaraq Azərbaycan səyahətlərinə toxunub, yüksək dağ zirvələri, ucqar kəndlərə səfərləri zamanı yaşadığı çətinliklərdən söz açıb.  Eyni zamanda, bu sahədə mövcud olan problemlər və onların həlli istiqamətində tələbələrlə müzakirələr aparılıb.

Ölkəmizdə ekoturizmin növləri olan aqroturizm, kəndturizmi, etnoturizmin inkişaf etdirilməsinin labüdlüyü vurğulanıb. Xarici ölkələrin praktikasından müxtəlif nümunələr səsləndirilib.

İ.Qədirova həmçinin, Kuba, Venesuella, Hindistan, İran, Türkiyə, Pakistan, Almaniya, İordaniya və s. xarici ölkələrə səyahətləri zamanı baş vermiş hadislərdən danışıb, tələbələrin fərqli ölkələrin mədəniyyəti, adət-ənənələri, mətbəxi, dini ilə bağlı verdikləri maraqlı sualları cavablandırıb.

Qonaq eyni zamanda, iqlim dəyişiklikləri ilə bağlı dünya dövlətlərinin həyata keçirdiyi tədbirlər haqqında məlumat verib, təbii resursların rasional istifadəsi nümunələrini müqayisəli təhlil edib.

Tədbirdə müəllimlər və tələbələr İradə xanıma səyahətləri ilə bağlı çox sayda suallar veriblər.