XƏBƏRLƏR

ADU-da “BURA VƏTƏNDİR!” adlı tədbir keçirilib

07 may, 2024

Azərbaycan Dillər Universiteti Müəllim Azad Həmkarlar Komitəsinin təşəbbüsü və maliyyə dəstəyi ilə Təhsil 2 fakültəsinin nəzdində Linqvokulturologiya kafedrasının müəllimlərinin (b.m. S. Orucova, fil.f.d. A.Məmmədzadə, b.m. L. Muğalova) təşkilatçılığı ilə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə Təhsil 2 fakültəsinin birinci kurs bakalavr tələbələri arasında “BURA VƏTƏNDİR!” adlı viktorina keçirilib.

Tədbirdə Təhsil 2 fakültəsinin dekan müavini Namiq Əsədov, Linqvokulturologiya kafedrasının müdiri dosent Vüsalə Ağabəyli, fakültə nümayəndələri, Linqvokulturologiya kafedrasının müəllimləri iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Linqvokulturologiya kafedrasının baş müəllimi Səidə Orucova Müasir Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin ölkəmizin inkişafında misilsiz xidmətlərindən danışıb.

Daha sonra Səidə Orucova keçiriləcək viktorinanın şərtlərini və mərhələlərini izah edib.

Üç mərhələdən ibarət olan viktorinada Təhsil 2 fakültəsinin I kurs tələbələrindən ibarət “Kainat”, “Uğur”, “ Alov” və “Vətən” komandaları iştirak edib.

 Komanda iştirakçıları müxtəlif mövzuları əhatə edən sualları cavablandırıblar. Viktorina sualları Heydər Əliyevin Azərbaycan və beynəlxalq dövlətlər arasında mədəni, xarici, siyasi və iqtisadi əlaqələrində rolu, eləcə də, Azərbaycanın tarixi, coğrafiyası, incəsənəti və ədəbiyyatını əhatə edib. Həmçinin, bilik yarışmasında foto suallar, milli kinomuz və musiqimizdən fraqmentlər səsləndirilib. 

Viktorinanın şərtlərinə uyğun olaraq,  verilən cavabların düzgünlüyü münsiflər heyəti tərəfindən qiymətləndirilib və  “Vətən” komandası qalib elan edilib.

Sonda Linqvokulturologiya kafedrasının müdiri dosent Vüsalə Ağabəyli tədbirin təşkilatçılarına, gələn qonaqlara və iştirak edən tələbələrə təşəkkür edib və qalibləri təbrik edib.