XƏBƏRLƏR

ADU-nun müəllim və tələbələrinin iştirakı ilə məktəbin şəhidləri anılıb

07 may, 2024

Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının müdiri dos.Vüsalə Ağabəyli, baş müəllim Dinara Muxtarova 271 nömrəli tam orta məktəbin direktoru Səbinə Qasımova, məktəbin təlim-tərbiyə üzrə direktor müavini Rüxsarə Əlizadə, ADU-nun tələbələri və məktəblilərin iştirakı ilə həmin məktəbin şəhidləri- Mirsüleyman Süleymanov və leytenant Murad Nağıyevi yad etmək məqsədi ilə görüş keçirilib.

İştirakçılar öncə Bakıxanov qəsəbəsi Şəhidlər xiyabanında Mirsüleyman Süleymanovun, sonra ikinci Fəxri Xiyabanda leytenant Murad Nağıyevin qəbrini ziyarət ediblər. 

Şəhid analarının da iştirak etdiyi görüşdə ADU-nun 311B qrupunun tələbəsi Nigar Bəkirova şəhidlərə həsr etdiyi şeirlərini səsləndirib.

Məktəb direktoru, direktor müavini, məktəbin müəllimləri şəhidlərlə bağlı xatirələrini bölüşüb, məktəblilər isə şeirlər səsləndiriblər.

Şəhid Leytenant Muradın anası Xavər Məmmədli və şəhid Mirsüleymanın anası Mətanət Süleymanova oğullarının şücaəti haqqında çıxış edib və oğulları ilə qürur duyduqlarını bildiriblər. 

Linqvokulturologiya kafedrasının müdiri dosent Vüsalə Ağabəyli ikinci Vətən müharibəsi dövründə ADU-nun müəllim və tələbələrinin Qarabağ həqiqətlərini dünyaya çatdırmaq məqsədi ilə gördüyü işlərdən danışıb. Çıxışında o, professor-müəllim heyətinin hər ölkəyə öz dilində rəsmi və qeyri-rəsmi müraciətlərindən bəhs edib.  Həmçinin, tələbələrə silah savaşından əlavə qələm və söz savaşına da daim hazır olmağı, sosial şəbəkələrdə bu mübarizə və təbliğatı daim aparmağı tövsiyə edib.

Baş müəllim Dinara Muxtarova öz çıxışında tələbələrə şəhid Murad və Mirsüleyman kimi vətənpərvər olmağı, vətəni daim sevib qorumağı tövsiyyə edib. 

Görüşdə Mirsüleyman Süleymanovun babası nəvəsinin mərdliyi ilə bağlı xatirələrini bölüşüb.