XƏBƏRLƏR

Yaşıl dünya naminə həmrəylik - ADU-da ağacəkmə aksiyası

08 may, 2024

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Azərbaycan Dillər Universitetində (ADU) təşkil olunan silsilə tədbirlər çərçivəsində ağacəkmə aksiyası keçirilib. 

Aksiya mayın 7-də ADU-nun “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfransının proqramına əsasən təşkil olunub.  

Yaşıllaşdırma aksiyasında ADU-nun rektoru akademik Kamal Abdulla, konfransın iştirakçıları - Pakistanın Milli Müasir Dillər Universitetinin rektoru, general Mahmud Kyani, Ege Universitetinin professoru Fikrət Türkmən, Çeçenistan Dövlət Pedaqoji Universitetinin rektoru İsmayıl Bayxanov, Rumıniyanın Yasse Universitetinin professoru Lüdmila Bejenaru, Ural Federal Universitetinin professoru Aleksandr Nesterov, ADU-nun professor-müəllim heyəti, universitet kollektivi və tələbələr iştirak ediblər. 

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm verən Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.