Filologiya fakültəsi

Həmidə Əhməd qızı Əliyeva

 

Həmidə Əhməd qızı Əliyeva 13.07.1969-cu ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1986-cı ildə Şuşa şəhər 1 saylı orta məktəbi gümüş medalla bitirmiş, 1986–­­­1991-ci illərdə M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda təhsil alaraq, buranı “Rus dili və ədəbiyyatı” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2006-2009-cu illərdə isə Azərbaycan Dillər Universitetində “Xarici dil (ingilis dili) müəllimi”  ixtisası üzrə ikinci təhsil almışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat institutunun dissertantı olmuş, 2001-ci ildə “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində ədəbiyyat məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında AAK tərəfindən 2002-ci ildə filologiya üzrə fəlsəfə doktoru, 2009-cu ildə isə dosent elmi adlarını almışdır.

H.Əliyeva ilk pedaqoji fəaliyyətinə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialında müəllim kimi başlamışdır. 1991-1995-ci illərdə həmin filialın Xarici dillər kafedrasında pedaqoji fəaliyyət göstərmiş, 1995-1997-ci illərdə isə “Naxçıvan” universitetinin Bakı filialının Humanitar elmlər kafedrasında müəllim vəzifəsində əmək fəaliyyətini davam etmişdir.

2003-cü ildən Azərbaycan Dillər Universitetinin Xarici ölkələr ədəbiyyatı kafedrasında çalışan H. Əliyeva hazırda həmin kafedranın professorudur.  

2012-ci ildə ADU-nun Doktorantura və dissertantura şöbəsinin müdiri, 2016-2020-ci illərdə ADU-nun nəzdindəki D.02.081 Dissertasiya Şurasının elmi katibi, eləcə də ADU-nun elmi katibi olmuşdur. H. Əliyeva 2016-2017-ci illərdə ADU-da fəaliyyət göstərən Müqayisəli folklor elmi-tədqiqat laboratoriyasının müdiri vəzifəsində çalışmışdır.   

İşlədiyi illər ərzində H. Əliyeva kafedrada tədris olunan nəzəri fənlərin sillabus və proqramlarının tərtibində, eləcə də gənc müəllim kadrlarının hazırlanmasında fəal iştirak etmişdir. Gənc elmi kadrların hazırlanmasında yaxından iştirak edən alim hazırda çoxsaylı magistr,  doktorant və dissertantlara elmi rəhbərlik edir.  O, bütünlükdə 60-a yaxın elmi məqalənin, iki monoqrafiyanın (“Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində filologiya məsələləri”-1999; “Qərbi Avropa epik poeziyasında bədii universallıq və spesifiklik (Qərbi Avropa –Yaxın Şərq paralelliyi əsasında)”-2016), bir dərs vəsaitinin (“Orta Əsrlər Qərbi Avropa ədəbiyyatı tarixi (Orta əsrlər qəhrəmanlıq eposları)”-2008) və bir neçə fənn proqramının (“Dünya ədəbiyyatı”; “İsrail ədəbiyyatı”; “Ədəbiyyat və psixoanaliz”; “Ədəbi komparativistika”; “Dünya ədəbiyyatı üzrə Doktorantura üçün qəbul proqramı”) müəllifidir. Bundan başqa, o, daima elmi-nəzəri konfransların gündəliyini izləyir, ədəbiyyatşünaslığın aktual problemlərinə dair tezisləri ilə respublika və beynəlxalq səviyyəli konfranslarda və forumlarda mütəmadi olaraq həm çıxışçı, həm də moderator kimi iştirak edir.

H.Əliyeva 2017-ci ildə “Qərbi Avropa ədəbiyyatında Yaxın Şərq mövzusu (epik poeziya materialları əsasında)” adlı doktorluq dissertasiyasını müdafiə etmiş, 2018-ci ildə AAK tərəfindənn Filologiya elmləri doktoru elmi dərəcəsi almışdır.  Onun elmi məqalələri yalnız respublikamızda deyil, ABŞ, Kanada, İngiltərə, Avstriya, Rusiya, Qazaxıstan, Ukrayna kimi xarici ölkələrdə nəşr olunur.

H.Əliyeva yüksək mədəniyyətinə və intellektinə, həmçinin şəxsi və işgüzar keyfiyyətlərinə görə universitetin müəllim və tələbə heyətinin hörmətini qazanmışdır. O, ADU üzrə reytinq nəticələrinə görə daima yüksək nəticələr göstərmiş, 2016-cı ildə isə “İlin müəllimi” seçilmişdir.

H.Əliyeva ailəlidir, iki övladı var.